Azyaşlı övladının qolundan tutub yolu nəzərdə tutulmayan, piyada zolağının olmadığı yerdə, yaxud svetaforun qırmızı işığında keçməyə çalışan gənc anaları görmüsünüz. Biz həmin an, təbii ki, onların üzləşə biləcəyi təhlükəyə görə narahat oluruq. Bəs həmin ananın qanunazidd davranışı, qaydaları pozması ilə uşağına hansı örnəyi verdiyi barədə necə, düşünürükmü?
Bəli, yol mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsi olmaqla hər bir xalqın mentalitetinə, milli-sakral dəyərlərinə, həyat tərzinə söykənir. İstər ölkə daxilində, istərsə də xaricdə azərbaycanlı gənclərin ictimai nəqliyyatda yaşlı insanlara, xüsusilə də, qadınlara oturmaq üçün yerini verməsi artıq vərdiş halını almış təqdirolunası mədəni davranışdır. İnsanın sivil yaşayış qaydaları kimi, yol mədəniyyəti də, ilk növbədə, ailədə formalaşmalıdır. Valideynin göstərdiyi yaxşı nümunə ən təsirli və unudulmaz təşviqat üsuludur. Fikrimizcə, yol mədəniyyəti dedikdə, bu kateqoriyaya sadəcə sərnişin-sürücü, piyada-sürücü, sürücü-sürücü, sürücü-piyada-yol polisi əməkdaşı münasibətləri deyil, həmçinin piyadalararası münasibətləri də daxil etmək lazımdır.
Sizə şahidi və iştirakçısı olduğum bir hadisəni danışım. Dayanacaqda avtobus gözləyirdim, orta yaşlı kişi çəkdiyi siqaretin kötüyünü təmizlik işçilərinin küncə yığdığı kağız topasının üstünə atdı. Az sonra kağızlar alışdı və tüstü dumanı ətrafa yayılmağa başladı. Tez əlimdəki yarımlitrlik butılkada qalmış suyu kağızların üstünə səpələsəm də, faydası olmadı. Bu mənzərəni yaxınlıqdakı marketin içərisindən görən cavan satıcı köməyə gəldi və böyük su balonunu “tonqalın” üstünə boşaltdı. Həmin siqaret alidəçisinin hərəkətinə məsuliyyətsizlik deyəcəksiniz. Bizə görə, bu hərəkətin adı mədəniyyətsizlikdir! Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində baş verən meşə yanğınlarının bir səbəbi də təbiətin qoynunda “piknik” təşkil edənlərin talaya, quru otluğa tulladıqları siqaret kötükləri deyilmi?
Mövzudan uzaqlaşmadan bildirək ki, yol mədəniyyətinin piyadalara aid payını heç unutmaq olmaz. Çünki, burada nəzəri cəlb edən birinci problem piyadaların yeraltı və yerüstü keçidlərdən istifadəyə meyilli olmamasıdır. Yolun piyada keçidi üçün nəzərdə tutulmayan hissəsində əlində zənbil, bundan daha təhlükəlisi, azyaşlı övlad(lar)ının qolundan yapışıb qaça-qaça keçməyə çalışan cavan, qoca, qadın və kişiləri məgər azmı görürük? Niyə belə edirlər? Adətən, sualın standart cavabı belə olur: - Tələsirdim. Qayda pozucusu ardınca tələsmənin səbəbini də uydurur. Həmin piyadaların cərimədən yayınmağa çalışmalarına haqq qazandırmasaq da, onları anlamaq olar. Bəs, belə məsuliyyətsiz yol subyektləri təhlükədən necə, hər dəfə yayına biləcəklərmi?
Axı, hara tələsirik? Türkiyəli qardaşlarımızın təbirincə desək, “trafik canavarı” ilə görüşəmi? Həyatını riskə atmaqla, ekstrimdən zövq almaqla yaşayanları bir kənara qoyaq, bəs normal təhsili olan, sivil yaşayış tərzinə malik insanları buna vadar edən nədir? Yenə də dolanıb mədəniyyətin üzərinə gələcəyimiz şübhəsizdir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.1-1 maddəsinə əsasən, yol hərəkəti qaydasını pozan piyadaya 20 manat məbləğində cərimə yazılır. Dünyanın əksər ölkələrində eyni qanun pozuntusuna görə cərimənin həcmi bundan qat-qat çoxdur və bu zaman piyadaların təhlükəsizliyi ön plana çəkilir.
Bakı şəhər Dövlət Yol polisi Baş İdarəsinin məlumatına əsasən, 2022-ci ildə paytaxtın yollarında qeydə alınmış nəqliyyat qəzalarının 58 faizi piyadaların avtomobillə vurulması nəticəsində baş verən hadisələrdir. Təəssüflər olsun ki, bir çoxu ölümlə nəticələnən həmin 58 faiz qəzanın bəlkə də böyük əksəriyyəti məhz piyadaların günahı ucbatından baş verir. Bu statistikanın üzərində düşünməyə dəyər.
İlqar HÜSEYNLİ,
sosioloq:
Yol subyektləri sayılan piyada və sürücülərin davranışı bir-birilə sıx bağlıdır. Məsələyə məhz piyada-sürücü münasibətləri kontekstindən yanaşsaq, görərik ki, yol hərəkəti qaydalarının pozulmasında hər iki tərəfin payı var. Paytaxt sakinlərinin yaxşı bildiyi bir misal: piyadalar səkidə yolun sağı ilə hərəkət etməlidir. Amma bir çox hallarda onların yolun hərəkət zolağına çıxdığını, nəqliyyat vasitələrinə maneçilik törətdiyini və bununla da aşkar qəza vəziyyəti yaratdığını görürük. Bəzi piyadaların yolu işıqforun qırmızı işığında keçməsi hallarını hələ də müşahidə edirik. Magistral yolda nəqliyyat vasitəsinin olmadığını görən piyada yüksək sürət həddini nəzərə almır və yolun qarşı tərəfinə adlamağa çalışır. Təəssüf ki, piyadaların məsuliyyətsizliyi ucbatından belə hallar çox vaxt qəza və ölümlə nəticələnir. Bəli, piyadaların yaxınlıqdakı yeraltı, yaxud yerüstü keçidlərdən istifadə etməməsi daha çox rastlaşdığımız problemdir. Metronun “İnşaatçılar” stansiyasının giriş-çıxışlarında gün ərzində müşahidələr aparsaq görərik ki, piyadalar daha çox yerin üstü ilə birbaşa prospektin o üzünə keçməyə üstünlük verirlər. Amma əgər 10 il əvvəllə müqayisə etsək, yerüstü keçidlərdən daha çox istifadəni görərik. Eyni zamanda işıqforun qırmızı işığında da piyadaların səbirlə gözlədiyini müşahidə edirik. Çox yaxşı olardı ki, bununla bağlı təbliğat və təşviqat işləri daha da gücləndirilsin, piyadalarımız isə hər zaman yol hərəkəti qaydalarına riayət etsinlər.
Aybəniz SƏFƏROVA,
BDU-nun jurnalistika fakültəsinin II kurs tələbəsi

