Yarım əsrdən artıqdır ki, bədii ədəbiyyatda yeni milli estetik düşüncənin inkişafını təmin etmiş “60-cılar” nəslinin öncüllərindən olan Elçin Əfəndiyevin yaradıcılığının orbitindən çıxa bilmirik. Görkəmli nasir və dramaturq, istedadlı ədəbiyyatşünas Elçin adi insan obrazlarını əsərlərinə qəhrəman seçərək oxucuların sevimlisinə çevirən, cəmiyyət proseslərini bədii tədqiqata cəlb edən sənətkar kimi tanınıb.
İctimai mövqeyindən, tutduğu məsul vəzifələrdən asılı olmayaraq yazıçı bilmərrə rəsmiyyətə uyan məmur olmayıb, qələmə sədaqətini zərrəcə azaltmayıb, yazıçılıq missiyasının ondan ötrü daha vacib tale yazısı olduğunu unutmayıb. Özünün dediyi kimi: zaman adlı məhək daşının sınaqlarından “xətər-ətərsiz” çıxıb; oxucuların tanıdığı kimi: yüksək ziyalılıq mövqeyini, sirli-sehrli yazı manerasını qoruyub-saxlayıb. Bu səbəbdəndir ki, gəlib yetişdiyi 80 yaşında belə gənclik şövqü, müdriklik zəkası ilə ədəbi-bədii irsini daha da zənginləşdirməkdədir.
Elçin Əfəndiyev 13 may 1943-çü ildə Bakıda, böyük yazıçı-dramaturq İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıqdan qaynar ədəbi mühitin özəyində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya klassikası ilə dərindən tanışlıq onun gələcək yolunun müəyyənləşməsinə ciddi təsir edib. Bu barədə danışanda deyir ki, hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım.
...Ötən əsrin 90-cı illərin əvvəllərində ana televiziyamızın ədəbi-dram verilişləri baş redaksiyasında çalışırdım. Həmkarım Telman Nəzərli yazıçı Elçindən olduqca maraqlı müsahibə almışdı. Veriliş efirə gedəndən sonra həmkarıma “Maraqla baxdıq, gözəl veriliş hazırlamısan”, – dedim. O isə cavabında bildirdi: “Burada mənim rolum cüzi idi. Verilişi baxımlı edən Elçinin şəxsiyyəti, səmimiyyəti, yazıçı məramı və peşəkar yazıçı söhbətləri oldu”.
Kəskin ictimai-siyasi təbəddülatlar dövrü olan həmin vaxt o veriliş özünün dolğunluğu, bitkinliyi, dərinliyi və cazibəsi ilə tamaşaçı auditoriyasında da geniş əks-səda doğurdu. Elçinin açıqlama və qənaətləri bir daha sübut elədi ki, əsl ədəbiyyat, yüksək sənət çeşidli iddiaların, hay-küy dolu çarpışmaların, təmənnalı fəaliyyətlərin fövqündə dayanır, heç nə istedadlı bədii düşüncənin sabitqədəmliyini poza bilməz.
Az qala, bütün əsərlərində gözəlliyin heç də uzaqda deyil, eləcə yan-yörəmizdə olduğunu göstərən Elçinin gənclik dövrü bizim yeniyetməlik çağlarımıza təsadüf etdiyinə, ya nəyəsə görə, ondan söz düşəndə öncə gözlərimiz önündə məxsusi Abşeron mentallığının mücəssəməsi olan saf, məğrur Baladadaş və onun daşlara çırpılan ilk məhəbbəti canlanır. Ədəbiyyat nəhrində get-gedə daha dərinllikərə baş vuran, yazı yelkənini daha geniş açan Elçin “Ağ dəvə”, “Ölüm hökmü”, “Mahmud və Məryəm” kimi şah əsərləri ilə türk ədəbiyyatı tarixində layiqli yerini tutsa da, zənnimizcə, Baladadaş onun yaradıcılığına işıq tutan ilk çıraq, istəkli obrazdır. Yazıçının Abşeronun, Bakı kəndlərinin əlvan lövhələrini sərgiləyən neçə-neçə belə hekayə və povesti 60 ildən artıqdır ki, milli ədəbiyyatımızın təravətli, barlı-bərəkətli bir axarını təşkil edir.
Tamaşaçılar onun əhatəli filmoqrafiyasına da yaxşı bələddirlər. “Arxadan vurulan zərbə”, “Dantenin yubileyi”, “Üç zirvənin fatehi” kimi filmlər hər zaman maraqla baxılır.
Elçin ilk qələm təcrübələrindən sözünü istedad və cəsarətlə deyən gənc yazıçı kimi tanınıb. Hələ 16 yaşında ikən “Azərbaycan gəncləri” qəzetində ilk hekayəsi çıxıb, 22 yaşında “Min gecədən biri” adlı ilk kitabı işıq üzü görüb. Oxucular illərcə onun “Beş qəpiklik motosikl”inin, “Şuşaya duman gəlib”inin, “Bir görüşün tarixçəsi”nin, “Toyuğun diri qalması”nın,“Dolça”sının... təşnəsi olublar.
Xalq yazıçısı Mirzə İbrahimov Elçinin 1979-cu ildə nəşr edilmiş “Povestlər” kitabına yazdığı “Mənəvi saflığa çağırış” adlı ön sözündə onun zaman etibarı ilə yetirməsi sayıldığı sosializm realizmi prinsiplərindən müxtəlif ədəbi priyomlarla yan gedə bildiyini təqdir etmişdi.
Milli ədəbiyyatımızın böyük dostu və bədii sözün sərrafı ulu öndər Heydər Əliyev Elçin yaradıcılığının mövzu zənginliyini və genişəhatə dairəsini belə dəyərləndirmişdi: “Elçin yaradıcılığının çoxşaxəli olması ilə seçilən, müxtəlif janrlarda uğurla işləməyi bacaran qələm sahiblərindəndir. O, ictimai fəaliyyəti ilə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın mənəvi birlik və həmrəyliyi işinə yüksək dərəcədə xidmət etmişdir”.
Akademik Məmməd Arif “Hazırla keçmişi, ayıqlıqla yuxunu, həqiqətlə xəyalı, real hadisələrlə nağılı... daxili dialoqlardan... dramaturji səhnələrdən, mozaik parçalardan, mübaliğə... üsulundan istifadə etmək təsvirlərinin emosional qüvvəsi” ilə seçilən sənətkar kimi dəyərləndirmişdi. Professor Məmməd Cəfər yazıçıda xeyli başqa xüsusiyyətlər aşkar etmişdi: “Elçində bədii dərk duyğusu güclü və cəlbedicidir... Elçin varlığı, hadisə və insan səciyyəsini canlandırmaqda bir-birini tamamlayan bədii nüfuz üsullarından istifadə edən tərəfləri göstərir”.
Görkəmli ədəbiyyatşünas Yaşar Qarayev Elçin yaradıcılığının daha alt qatlarda yatan xüsusiyyətlərə nəzər salaraq, onu “rəmzdən, bədii-fəlsəfi şərtilikdən, kəskin məcazdan istifadə edən, psixoloji əhval-ruhiyyəni detalla əyaniləşdirən mizanlar və cizgilər axtaran, onları görümlü, baxımlı obrazlara çevirən, epitetlər tapan” yazıçı kimi səciyyələndirmişdi. Ədəbi tənqidinin ümumiləşdirdiyi kimi, Elçinin nəsri və dramaturgiyası xalq yaradıcılığı nümunələrindən, folklor şüurundan, etnik-milli təfəkkür tərzindən yerli-yerində istifadə edilməsi, onları ədəbiyyata gətirilərək gələcək nəsillərə ötürülməsi ilə də diqqət çəkir. Bu baxımdan yazıçı dünənlə bugün arasında mənəviyyat ötürücüsü, körpü rolunu oynayır.
Səksənində “səksənməyən” Elçin Əfəndiyev həm də filologiya elmləri doktoru, professordur. “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Dünyanın müxtəlif dillərində sayı 100-ü ötən kitabı nəşr olunub. Onun əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və başqa dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur.
Yazıçı dünyanın bir çox ölkəsində müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfrans, simpozium, qurultay, görüş, rəsmi dövlət danışıqlarında iştirak edib. Azərbaycan parlamentinin deputatı olub. Müstəqillik dövründə aldığı “Xalq yazıçısı” adı, “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri, nəhayət, son layiq görüldüyü Prezidentin Fəxri Diplomu onun həyat və fəaliyyətinə, yaradıcılığına verilən yüksək qiymətlərdir.
Elçin bu gün də yorulmadan çalışmaqda, yeni maraqlı bədii əsərlər, çağdaş ədəbi prosesə rəng qatan məqalələr, görkəmli şəxsiyyətlər haqqında xatirə-esselər yazmaqdadır. Elə bir neçə gün öncə məxsusi olaraq bizim “Xalq qəzeti” üçün Heydər Əliyev şəxsiyyətinin fenomenallığı haqqında duyğu və düşüncələrini qələmə almışdı. Həmin yazıdan bir məqamı xatırlatmaq istərdik: “Yadımdadır, 1992-ci ildə Heydər Əliyev haqqında yazdığım oçerkdə mən insanların dönüklüyü kontekstində onu Kral Lirə bənzətmişdim, çünki həmin dönüklüyün və naxələfliyin yaratdığı pərişanlığın miqyasını, həqiqətən, Şekspir qələminə layiq bir səviyyədə hiss edirdim (indi o zamanın televiziya çıxışlarını, qəzet yazılarını, Ali Sovetin məşhur iclaslarını xatırlayanda eyni hissləri keçirirəm!), amma gərdişin hər üzünü görmüş qoca tarix mənim bənzətməmə öz düzəlişini etdi, Honerilya və Reqana dönüklüyünün, naxələfliyinin doğurduğu pərişanlığı məğlub etdi, Kordeliya məhəbbətinin və ehtiramının miqyası qalib çıxdı. Məhz Kordeliya məhəbbəti və ehtiramı ümumxalq məhəbbətinə və ehtiramına çevrilərək Heydər ƏliyeviNaxçıvan ucqarlığından (və sürgünündən!) həmin xalqın Prezident kürsüsünə çəkib gətirdi”.
Bəli, bu, Elçin Əfəndiyev yanaşmasıdır, onun orijinal və obrazlı baxış bucağıdır. Elə yazıçının fərdiliyi də görünən dağı, zirvəni şəffaf prizmadan keçirib rəngarəngliyi ilə təqdim edə bilməsindədir.
2 il əvvəl Şuşada bərpa olunan Vaqif Poeziya Günlərində Elçinin çıxışını hələ də qürurla xatırlayırıq: “Mən 40 il bundan əvvəl də burada keçirilən bu unudulmaz Vaqif poeziya bayramının iştirakçısı olmuşam. Bu gün mənim içimdəki Zəfər sevinci, fərəh və qürur hissi ilə bərabər, güclü bir təəssüf də var. Mən olduqca çox təəssüf edirəm ki, ulu öndər Heydər Əliyev bu günü görmədi, bütün varlığı ilə Şuşa sevincini yaşamadı. Ürəyi Şuşa ağrısı ilə sızlayan bir çox yazıçı və şairlər də, bir çox qarabağlı insanlar, o cümlədən İlyas Əfəndiyev də bu sevinci yaşaya bilmədilər... Mən inanıram, qətiyyən şübhə etmirəm ki, ulu öndər də, bu gün burada yeri görünən o yazıçı və şairlər də elə bu dəm yuxarıdan bizə baxırlar və hər şeyi görürlər”.
Bax, beləcə, milliliyi, böyük vətənpərvərliyi ilə seçilən Xalq yazıçısı Elçin Əfəndiyevin, eyni zamanda, dünya miqyaslı tanınmış yazıçı olması şübhəsizdir. Bu, onun yaradıcılığı haqqında ölkəmizin hüdudlarından kənarda olan dəyərləndirmələrdən də aşkar görünür. Professor Abbas Zamanov on illər öncə bu gerçəyi görmüş və belə ifadə etmişdi: “Elçin Azərbaycan ədəbiyyatını yalnız respublika ölçüsündə deyil, dünya ölçüsündə araşdırır”.
Əli NƏCƏFXANLI,
AYB-nin üzvü
Əzizim Elçin. Müstəqil dövlət quruculuğunda bu qədər fəal iştirak etmək kimi çətin bir xoşbəxtlik sənin heç də hər müasirinə nəsib olmayıb. Belə günlərdə doğma insanlar nə arzu edirlərsə, sənə, əziz dostum və qardaşım, onların hamısını arzulayıram.
Oljas SÜLEYMENOV,
qazax şairi
Çox hörmətli Elçin! “Parisdə avtomobil qəzası” kitabınıza heyran qalmışam. Sizin yumorunuz, sizin fantastik notlarınız və lirik verginiz mənim çox xoşuma gəlir. “Mahmud və Məryəm” çox sevdiyim və dəfələrlə oxuduğum kitablardan birini - “Min bir gecən”i mənim yadıma saldı. Sizin bu əsərinizdə mən Şərqin bütün gözəlliyini, qəddarlığını və ehtirasını tapdım.
Ümmülbanu,
yazıçı
Elçin dünya ədəbiyyatı dəyərlərini, bu sahədəki təcrübəni mükəmməl şəkildə öz yaradıcılıq laboratoriyasından uğurla keçirən çox maraqlı bir yazıçıdır… Rejissor Devid Perri “Şekspir” pyesini oxuyub, ona valeh olmuşdu. Onun quruluşunda əsər Londonun Avanqrad teatrında müvəffəqiyyətlə tamaşaya qoyuldu.
İan PİERTDİ,
ingilis ədəbiyyatşünası
Elçin möcüzələri sevir, o zərif və mehriban nağılçıdır, o kədərli bir sehrkardır, bərq vuran, qızılı, gümüşü rənglərə üstünlük verən impressionistdir...
Lev ANNİNSKİ,
rus tənqidçisi
Alman dilində Elçinin “Mahmud və Məryəm” və “Ağ dəvə” romanlarını oxumuşam. Onun “Ölüm hökmü” romanını isə türk dilində oxumuşam. Məncə, bu roman dünya miqyaslı bir əsərdir. Elçin mənim çox dəyərləndirdiyim azsaylı müasir yazıçılardan biridir.
Henrix FİŞER,
alman şərqşünası
Elçin çağdaş türk ədəbiyyatının böyük nümayəndəsidir. Onun yaradıcılığı sübut edir ki, sovet rejimi dönəmində də böyük türk ədəbiyyatının sanballı nümunələrini yaratmaq mümkün olub. Elçinin istedadı rejimin tələblərini üstələyə bilib, insanların daxili aləminə ideolojidən kənar olan gur işıq saçmağı bacarıb...
Professor Mətin Turan
Böyük nasir və dramaturq, ədəbiyyatşünas və tənqidçi Elçin müasir həyatın, real gerçəklikdəki hadisələrin, sarsıntıların və ümumiyyətlə, bütün vaqeələrin mahir müşahidəçisi olmaqla bərabər, həm də keçmiş zamanların, dünyanın ilk baxışdan bəlkə də paradoksal görünən əzəli problemlərinin mahir salnaməçisidir.
Dmitri BALAN,
rumın ədəbiyyatşünası
Elçin güclü düşüncələrin, incə duyğuların, sarsılmaz sevgilərin yazarıdır… Elçini oxumaq Azərbaycan xalqını yaxından tanımaq, Azərbaycanın uzun illər boyu milli-mənəvi dəyərlər və istiqlal uğrunda apardığı müqəddəs mücadiləni öyrənməkdir.
Əbdüllətif BƏNDƏROĞLU,
İraq türkman şairi

