İdeyaların zəfəri

post-img

2023 xalqımızın və dövlətimizin həyatında xüsusi əlamət­darlıq daşıyan ildir. Bu ilin 10 mayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamamlanır. Bu tarix Heydər Əliyev irsinin öyrənilməsi və həmin zəngin irs­dən faydalanmaq baxımından çox önəmlidir.

Şəxsiyyətin ucalığı

Ulu öndərin 100 illik ömür ta­rixinə müxtəlif səmtlərdən nəzər salmaq olar. Heydər Əliyev, ilk növbədə ömrünü xalqının şərəf tarixinə çevirmiş uca şəxsiyyət­dir. Əsl şəxsiyyətlər bütün dövrlərdə ali ideyaları reallaşdırmaq qüdrəti, toplu­mun mənəvi enerjisini bir araya gətir­mək qabiliyyəti ilə xalqların, dövlətlərin inkişafı tarixində çox mühüm rol oyna­yırlar. Zəmanəsinin və əslində, bütün zamanların ən parlaq liderlərindən biri olan Heydər Əliyev də Azərbaycanın böyük bir inkişaf tarixinin müəllifidir. 

Çox mürəkkəb tarixi şəraitlərdə, çə­tin şərtlər altında Heydər Əliyev xalqı­mızı milli dövlətçilik ideyaları ətrafında birləşdirərək addım-addım Azərbaycan kimi müstəqil dövləti qurub yaratmışdır. Bu baxımdan bir çox böyük şəxsiyyət­lərimizin əsrlər boyu xidmət etdikləri missiya, arzusunda olduqları ideya Heydər Əliyev şəxsiyyətində yeni bir dəyər qazanır. Bu ideya müstəqil Azər­baycan dövlətinə və dövlətimizin gələ­cək uğur yoluna çevrilir. 

Ötən əsrin 90-cı illərinin əvvəllə­rində, müstəqilliyimizin ilk illərindəki xaos, anarxiya, sosial-iqtisadi böhran mühitində parçalanaraq dünya xəritə­sindən silinmək təhlükəsi ilə üzləşən, kövrək əsaslara malik zəif bir ölkəni qısa zaman ərzində Cənubi Qafqaz regionunun ən qüdrətli ölkəsinə çevir­mək o qədər də asan başa gəlməmiş­dir. Ümummilli lider buna illərin gərgin zəhməti, bütün çətinliklər, dörd bir yan­dan üzərinə yönələn təzyiq və təhdidlər qarşısında yenə də sarsılmayan qətiy­yəti sayəsində nail olmuşdur. 

Heydər Əliyev təkcə müstəqil döv­lətini qurub-yaratmamışdır, eyni za­manda, Azərbaycan insanında milli dövlətçilik təfəkkürü, vətəndaşlıq mə­suliyyəti formalaşdırmışdır. Bununla Azərbaycanın gələcəyini də yaratmış, müəyyənləşdirdiyi strateji inkişaf kursu ilə ölkəmizin aydın, rəvan gələcəyinə yol açmışdır. 

İntibah dövrü

Tale elə gətirib ki, ümummilli lider Heydər Əliyev mahiy­yətcə bir-birinə az bənzəyən iki tarixi dövrdə Azərbaycana rəhbərlik edib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunun qərarı ilə 46 yaşlı Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi dövr tamam başqa dövr idi. Bütün keçmiş İttifaq respublikaları üçün vahid mərkəzdən idarə olunan ümumi qaydalar vardı və respublikanın inkişafı ilə bağlı istənilən addımı mərkəzlə razılaşdırmaq, say­sız-hesabsız bürokratik maneələrdən keçmək lazım gəlirdi. Bununla belə, Heydər Əliyev özünəməxsus səbir və təmkinlə bu maneələri adlayırdı. Azər­baycanın inkişafı üçün addımları ardı­cıl şəkildə davam etdirir, niyyətlərindən vaz keçmirdi. Milli ideyalarla birgə bu səbri, təmkini, ardıcıllığı, dayanıqlılığı, məqsədyönlülüyü Heydər Əliyev hələ yaşının erkən çağlarından mənimsə­miş, sonralar isə xüsusi xidmət orqan­larından gələn peşə vərdişləri ilə bu məziyyətləri daha da mükəmməlləşdir­mişdi. 

Əslində, Heydər Əliyevi bu vəzifəyə də elə zəkasının gücünü, peşəkarlığı­nı, enerjisini, prinsipiallığını və insan kimi yüksək mənəvi-əxlaqi keyfiyyət­lərini nəzərə alaraq təyin etmişdilər. O dövrdə Azərbaycanda vəziyyət o qədər də ürəkaçan deyildi. Ölkə sosi­al-iqtisadi inkişaf göstəricilərinə görə digər müttəfiq respublikalardan xeyli geridə qalırdı. Bütün sahələrdə tənəz­zül meyilləri özünü hiss etdirirdi. Bu baxımdan, ulu öndərin Azərbaycan rəhbərliyinə gəldiyi dövr ölkə həyatı­nın yetərincə çətin və mürəkkəb dövrü sayıla bilərdi. Ölkəni bu vəziyyətdən çıxarmaq, inkişaf proseslərinin önünə doğru yönəltmək üçün zamanın sürə­tinə uyğun məqsədyönlü tədbirlər hə­yata keçirilməli idi. 

Sovet rejiminin bütün xüsusiyyət­lərinə, iş prinsiplərinə dərindən bələd olan, zəngin idarəçilik təcrübəsinə malik Heydər Əliyev mövcud vəziyyəti dəyişmək üçün elə ilk günlərdən qəti addımlara başladı. Özünəməxsus da­hiyanə uzaqgörənliklə Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli tərəqqisini təmin edəcək kompleks in­kişaf proqramlarının hazırlanmasına, bu proqramların qəbul edilməsinə və icrasına nail oldu. Görülən işlərin müs­bət nəticəsi kimi bütün önəmli sahələr­də vəziyyət yaxşılığa doğru dəyişdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri baş verdi. İsteh­salla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, res­publikanın sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi.

Ədaləti qoruyan şəxsiyyət

1980-ci illərin əvvəllə­rində ali məktəbə, uşaqlıqdan ar­zusunda olduğum hüquqşünas ixtisa­sına qəbul oluna bildiyimə görə məni böyüdüb boya-başa çatdırmış validey­nlərimə, əziz müəllimlərimə, qarşıma çıxmış bütün xeyirxah insanlara və ulu öndər Heydər Əliyevə borcluyam. Heydər Əliyev o illərdə bilikdən başqa güvənc yeri olmayan sadə, imkansız ailələrin övladlarına dəstək verdi. Ali məktəblərin ən nüfuzlu ixtisaslarının qapılarını onların üzünə açdı. Biliyi, istedadı inkişaf üçün əsas meyara çe­virdi. O dövrə qədər ali məktəblərdə konkret ixtisaslar vardı ki, onların an­caq imkanlı adamların, məqam sahib­lərinin övladları üçün olduğu, cəmiyyət­də sanki norma kimi qəbul edilirdi. Hər kəs bu vəziyyətlə barışmışdı. Konstitu­siyada, qanunlarda, guya, hamı bəra­bər hüquqlara malik idi. 

Sovet ideologiyası bərabərlikdən gecə-gündüz dəm vursa da, reallığa gələndə bir çox imkanlar məhdud qrup­lar üçün əlçatan idi. Heydər Əliyev bu reallığı kökündən dəyişdi. Bu millətin bütün istedadlı övladlarına sahib çıx­dı. Yaşının erkən çağlarından validey­nləri ilə birgə tarlada çalışıb alın təri tökən, bununla yanaşı, dərs kitablarını da əlindən yerə qoymayan kolxozçu, fəhlə balaları da yüksək bilik hesabına öz ideallarına qovuşmaq üçün imkan qazandılar. Savadsız varlıların övlad­larının tələbə adı qazanmaq imkanları məhdudlaşdı. Cəmiyyətdə haqq-ədalət öz yerini tutmağa başladı. Prinsiplə­rindən uzaq düşmüş sovet sisteminin ədalətsizliklərinə adət etmiş Azərbay­can insanı üçün sanki nağıllar gerçəyə çevrilirdi. 

Xatirimdədir ki, ümummilli liderin ötən əsrin 70-ci illərində “Literaturnaya qazeta”ya verdiyi məşhur "Qoy ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsi, əsl partlayış effekti yaratmışdı. Hey­dər Əliyevin cəmiyyətdəki ədalətsizlik­lərə, hüquq-mühafizə orqanlarındakı nöqsanlara, ən başlıcası, vətəndaş­ların hüquq və azadlıqlarının təminatı sahəsində mövcud olan problemlərə diqqət yönəldən, onların həll yollarını göstərən bu müsahibəsi geniş mü­zakirə edilirdi. İnsanlar onları çoxdan narahat edən problemlərin bu qədər yüksək səviyyədə cəsarətlə, qətiyyət­lə, çəkinmədən dilə gətirilməsindən məmnunluq duyurdular. Ümid edirdilər ki, qaldırılan məsələlər tezliklə həllini tapacaq. Bu problemlərin yaranmasın­da iştirak payı olanların, ulu öndərin qaldırdığı nöqsanlara görə məsuliyyət daşıyanların isə təşviş dolu günlə­ri başlamışdı. Müsahibədə qaldırılan məsələlər o qədər geniş miqyaslı idi ki, hətta xarici mətbuat da bu məzmuna böyük yer ayırmışdı. 

İllər sonra Heydər Əliyev "Literatur­naya qazeta”ya məşhur müsahibəsinə reaksiyaları belə xatırlayırdı: "Azər­baycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmağıma baxmayaraq, mən həmin müsahibə­də sovet hakimiyyətinin, cəmiyyətinin işində olan mənfi halların hamısını açıq göstərmişdim. Xatirimdədir, o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həm də Siyasi Büro­nun üzvü idi. O, bir neçə gündən son­ra mənə telefon etdi. Dedi ki, sənin bu müsahibən böyük bir sensasiya yara­dıbdır. Soruşdum ki, nə mənada? Ca­vab verdi ki, müsbət də var, mənfi də var. Soruşuram ki, nəyi müsbətdir, nəyi mənfi? Deyir, müsbət odur ki, insanlar bizim cəmiyyətdəki bu yaraları görür­lər və sevinirlər ki, kimsə cəsarət edib bunları açıq deyir. Özü də bunu aşa­ğıda yox, ən yüksək vəzifədə çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar da var. Soruşuram ki, niyə? Bil­dirir ki, çünki onlar bunun açılmağını istəmirlər. O vaxt bir çox belə yazılar olub”.

İnsan kapitalı

Heydər Əliyev yüksək iradə­si, qətiyyəti, hamıya örnək olan yorulmaz fəaliyyəti, ən mühümü isə Vətənə sevgisi ilə Azər­baycanı keçmiş İttifaqın geridə qalmış aqrar respublikasından qabaqcıl sə­naye ölkəsinə çevirdi. O dövrdə bütün dünyada sənayeləşmə prosesləri ge­niş vüsət almışdı. Elmi-texniki inqilab, demək olar ki, möcüzələr yaradırdı. Ölkələr, cəmiyyətlər bunun nailiyyət­lərindən barınaraq irəli getmək üçün ardıcıl addımlar atırdılar. Bu addımla­rın ən mühümü isə təbii ki, yenilikləri ölkəyə gətirib, həyatın müxtəlif sahələ­rində tətbiq etməyə qabil kadrların ye­tişdirilməsi idi. Azərbaycanda o dövr üçün nadir sayılan ixtisaslar üzrə kad­rların azlığını nəzərə alaraq, Heydər Əliyev özünün aktiv təhsil və kadr kon­sepsiyasını irəli sürdü. 

Həmin dövrdə minlərlə gənc res­publika üçün xüsusilə gərəkli, nadir ixtisaslar üzrə təhsil almaqdan ötrü keçmiş SSRİ-nin ən nüfuzlu ali mək­təblərinə – Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərildi. Bu, xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialı­nın, o cümlədən vacib ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması, iqtisadiyyatın sürətli və çoxşaxəli inki­şafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsinin ge­nişləndirilməsi, hərbi təhsilin inkişafına diqqət bunun təzahürü idi. Azərbayca­na birinci rəhbərliyi dövründə ulu öndə­rin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi sayəsində ölkə üzrə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verildi. Bu illərdə respublikada ali təh­sil müəssisələrinin sayı 12-dən 17-yə, bu təhsil ocaqlarında oxuyan tələbələ­rin sayı isə 70 mindən 100 minə çatdı. 

O dövrdə SSRİ-nin kosmik uçuş­lara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından ciddi na­rahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götür­müş, Bakıda milli hərbi kadrlar hazırla­yan Cəmşid Naxçıvanski adına məktəb fəaliyyətə başlamışdı. Bütün bunlar Heydər Əliyevin müstəqil Azərbaycan dövləti üçün möhkəm təməllər forma­laşdıran müdrik addımları idi. 

Məhz o illərdə Azərbaycanı baş­dan-başa əhatə edən zəngin sosial infrastruktur formalaşdırıldı. Böyük sə­naye müəssisələri tikilərək istifadəyə verildi, əhalinin mənzillərlə təmin olun­duğu üçün böyük yaşayış massivləri inşa olundu. Sənayedə, kənd təsərrü­fatında mütərəqqi texnologiyaların tətbiqi sayəsində Azərbaycan böyük sosial-iqtisadi nailiyyətlər qazandı və bu nailiyyətlər əhalinin güzəranında da hiss olunmağa başladı. 

Vətənə dönüş

Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi illərdə elmi­miz, mədəniyyətimiz də bö­yük bir intibah mərhələsindən keçdi, ana dilimizin qorunması və inkişafı yönündə tarixi addımlar atıldı. O, doğ­ma xalqına, millətinə yüksək diqqət və qayğısını keçmiş SSRİ-nin ali rəhbər­lərindən biri kimi Moskvada çalışdığı illərdə də davam etdirirdi. Həmin illər­də Mərkəzdən Azərbaycana ayrılan və saitlərin həcmi dəfələrlə artırılmış, res­publikada aparılan quruculuq işlərinə daha münbit zəmin yaradılmışdı. O, bu vəzifədə təkcə Azərbaycan xalqının himayədarı deyildi. Heydər Əliyev keç­miş SSRİ məkanında bu pilləyə yük­səlmiş yeganə türk-müsəlman lideri idi. Onun varlığı Azərbaycan və ümumən türk-müsəlman xalqlarının mövqelərini yüksəldirdi. Bu xalqlara qarşı yönələn təhdidlərin qarşısını alır, onların inkişa­fına yol açırdı. 

Təsadüfi deyil ki, ötən əsrin sonla­rına doğru Azərbaycan xalqının ən bö­yük bəlaları da Heydər Əliyev şəxsiy­yətinin üstünlüyünü, zəkasının gücünü, insanların lider kimi ona sevgi və rəğ­bətini sinirə biməyən M.S.Qorbaçov və ətrafının məkrli münasibəti nəticəsində ümummilli lider istefaya göndərildikdən sonra başlandı. 1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Sov.İKP MK Siyasi Bürosunun üzvü vəzifəsindən istefaya göndərildi. Bundan cəmi 15 gün sonra ermənilər Azərbaycana qarşı ərazi id­diaları ilə bağlı açıq hərəkətə keçdilər. Azərbaycanın ovaxtkı rəhbərliyinin isə Mərkəzə yarınmaq üçün yürütdüyü an­timilli siyasət, göstərdiyi qətiyyətsizlik respublikadaxili ictimai-siyasi sabitliyi son dərəcə kəskinləşdirirdi. 

Bu siyasətin məntiqi nəticəsi olan 1990-cı ilin 20 Yanvar hadisəsi bütün dünyaya sübut etdi ki, sovet rəhbərliyi və onun yerlərdəki əlaltıları Azərbay­can xalqına, dövlətinə qarşı ən ağır ci­nayətlər törətməkdən belə çəkinmirlər. Bu faciənin ertəsi günü Heydər Əliyev bütün təhdidlərə, hətta həyatına qarşı sui-qəsd təhlükəsinə baxmayaraq ailə üzvləri ilə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib burada təşkil olunmuş mitinqə qatıldı. Faciənin miqyasından nə edəcəyini bilməyən toplumun önünə düşdü. Keçirdiyi mət­buat konfransı ilə bu qanlı hadisənin əsl səbəbkarlarını bütün dünyanın göz­ləri önündə ifşa etdi.

Xalqın o ağır günlərində Heydər Əliyev Vətənə qayıtdı və onun Azər­baycana dönüşü hadisələrin gözlənil­məzliyindən çarəsiz durumda qalmış insanlara xilas kimi göründü. Ulu öndər blokada şəraitində qalan, respublika­nın ovaxtkı rəhbərliyinin də soyuq mü­nasibəti üzündən çox çətin vəziyyətlə üzləşmiş Naxçıvanda məskunlaşaraq orada yaşamağa başladı. Qısa müd­dətdən sonra insanların istəyi və yekdil qərarı ilə Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin bu məkanda apardığı islahatlar böyük nəticələr ver­di. Azərbaycanın gerçək müstəqilliyinə doğru ilk real addımlar da elə Naxçıvan Muxtar Respublikasında atıldı. 

Xilaskar

Onda müstəqilliyini yenicə qa­zanmış Azərbaycan tarixi­nin, demək olar ki, ən ağır günlərini yaşayırdı. Tez-tez dəyişən səriştəsiz hakimiyyət respublika həya­tının bütün sahələrində dözülməz şə­rait yaratmışdı. Quduzlaşan ermənilər Azərbaycana qarşı ərazi iddialarını artıq bir neçə il idi ki, silah gücünə hə­yata keçirirdilər. Rayon və kəndlərimiz bir-birinin ardınca işğal olunurdu. Ölkə ağır sosial-iqtisadi böhranla üzləşmiş, cəmiyyət, demək olar ki, başını itirmiş­di. İnsanlar bir parça çörəyin dərdində idilər. 

Azərbaycanın müxtəlif bölgələrində xarici qüvvələrin təhriki ilə separatizm meyilləri baş qaldırırdı. Vəziyyət bu şə­kildə davam edəcəyi təqdirdə respub­likanın parçalanması labüd görünürdü. İnsanlar müstəqilliyə, ölkənin suve­ren dövlət kimi gələcəyinə ümidlərini itirmişdilər. Kiçicik bir təsadüf kifayət edərdi ki, Azərbaycan dünyanın siyasi xəritəsindən tamamilə silinsin. Belə bir vaxtda Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı, təc­rübəli strateq kimi, dövlətçilik sükanı arxasına keçməsi Azərbaycanı bu bə­lalardan hifz etdi.

Heydər Əliyev ölkədə vətəndaş qarşıdurmasına son qoydu, xaosun, anarxiyanın qarşısını aldı. Cəmiyyət­də milli birliyi təmin etdi. Azərbaycanın müstəqilliyini gözü götürməyən xarici qüvvələrin əli ilə ölkənin müxtəlif böl­gələrində alovlandırılan separatizm ocaqlarını söndürdü. Azərbaycan insa­nının istiqlal, milli dövlətçilik ümidlərini özünə qaytardı və həmin insanlarla birgə arzulardakı o dövləti qurub yarat­mağa başladı. 1994-cü ildə dünyanın əsas transmilli neft şirkətləri ilə imza­lanan “Əsrin müqaviləsi” ilə ölkənin iqtisadi inkişafı üçün mühüm təməl for­malaşdırdı. Bununla ümumən regionun mənzərəsini dəyişdi, Azərbaycana qlo­bal proseslərin əsas iştirakçılarından biri statusunu qazandırdı. 

Heydər Əliyev 1995-ci ildə özü­nün rəhbərliyi ilə layihəsi hazırlanaraq qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə de­mokratik, hüquqi dövlət quruculuğu proseslərinin, ölkəmizin gələcək inki­şafının əsas istiqamətlərini müəyyən­ləşdirdi. Liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolunda ardıcıl addımlar atdı. 

Ölkədə azad bazar iqtisadiyyatı prinsipləri öz yerini tutdu, vətəndaş cəmiyyəti formalaşdı, ifadə azadlığı təmin edildi. Azərbaycan dünyanın aparıcı təşkilatlarına üzv qəbul olun­du. İllər keçdikcə ölkəmizin beynəlxalq nüfuzu yüksəlməyə başladı. Ulu öndər Azərbaycanda elə bir siyasi kursun əsasını qoydu ki, bu kurs Azərbaycan durduqca ölkəmizin dövlətçilik konsep­siyası kimi daim yaşayacaq. Heydər Əliyev ideyalarının davamçısı, Azər­baycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirərək müstəqil dövlətimizi tarixinin ən qüdrət­li mərhələsinə gətirib çıxardığı inkişaf kursunun uğurları bunun təsdiqidir. 

Regionun inkişaf nəbzi Azərbaycanda döyünür

Vətən müharibəsindəki qələ­bəmizdən sonra bu gün regi­onda yeni reallıqlar yaradan Azərbaycanın qlobal miqyasdakı yeri və rolu, ölkəmizin beynəlxalq proses­lərə təsir imkanları, sosial-iqtisadi nai­liyyətlərimiz, şəhər və kəndlərimizin ye­nilənən siması, insanlarımızın getdikcə daha da yaxşılaşan güzəranı, cəmiy­yətdə baş verən müsbət dəyişikliklər ulu öndər Heydər Əliyevin gerçəkləşən arzularıdır. Bu gün Azərbaycan Qoşul­mama Hərəkatının sədri, Türk Dövlət­ləri Təşkilatının ən fəal təmsilçilərin­dən, bir sıra beynəlxalq təşkilatların nüfuzlu üzvlərindən biri kimi qlobal təşəbbüsləri ilə beynəlxalq proseslərə əhəmiyyətli şəkildə təsir göstərir. 

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminat­çılarındandır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcəyə stra­teji baxışı, məqsədyönlü qərarları, qətiyyətli addımları sayəsində bu gün ölkəmiz qlobal enerji-kommunikasiya mərkəzinə çevrilib. Böyük bir regio­nun inkişaf nəbzi Azərbaycanda dö­yünür. Etibarlı tərəfdaş kimi Azərbay­can beynəlxalq nüfuzu getdikcə daha da güclənir. Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yerini daha da möhkəmləndirir. Dövlət rəhbərimizin yürütdüyü siyasət və bu siyasətə dəstək olaraq Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçi­rilən humanitar layihələr Azərbaycanı bütün dünyada mədəniyyətlərarası di­aloq, tolerantlıq, multikulturalizm mə­kanı kimi tanıdır. 

Bütün bunlar Heydər Əliyev ideya­larının tarixdəki qalibiyyətidir və nə qə­dər ki, Azərbaycan var, bu ideyalar da yaşayacaqdır. 

 

Alış QASIMOV,
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor

Sosial həyat