20 ildə iqtisadiyyata investisiya qoyuluşu 4 dəfə artıb

post-img

Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən beynəlxaq konfransda son 20 il ərzində Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 4 dəfə artdığını bildirib. Dövlət rəsmisi daha sonra Dövlət Neft Fondunun 270 milyon dollardan 50 milyard dollara çatan vəsait əldə etməsini böyük uğur adlandıraraq, respublikada ÜDM-in son 20 il ərzində 3,6 dəfə artdığını, bu müddətdə iqtisadiyyata investisiya qoyuluşunun dörd dəfə yüksəldiyini vurğulayıb. Ş.Mövsümov Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlbinin ulu öndər Heydər Əliyevin milli neft strategiyasının bir hissəsi olduğunu qeyd edib.

O deyib ki, milli neft strategiyası üç əsas prinsipə əsaslanıb. “Ümummilli li­der Heydər Əliyev Azərbaycan rəhbər­liyinə qayıtdıqda ölkədə çox mürəkkəb iqtisadi və siyasi vəziyyət mövcud idi və çıxış yolu isə milli neft strategiyası­nın yaradılması oldu”, – o deyib.

Şahmar Mövsümovun sözlərinə görə, birincisi, bu strategiyaya əsasən, Azərbaycanda neft sənayesinin inki­şafına xarici investisiyalar cəlb etmək zəruri vəzifə idi. Daha sonra isə ölkədə hasil olunan neft və qazı xarici bazara çıxarmağa, nəqli üçün isə boru kəmər­lərinin yaradılmasını ciddi ehtiyac ya­ranmışdı. Üçüncüsü, Dövlət Neft Fon­dunun yaradılması məqsədilə digər ölkələrin təcrübəsindən yararlanmağa ehtiyac duyulurdu. Belə ölkələrdən biri də Norveç oldu. Fond ölkə hələ neft­dən gəlirlər əldə etməyə başlamazdan əvvəl yaradıldı. Göründüyü kimi, bütün bu proseslər respublikada investisiya qoyuluşuna əlverişli şərait yaradılması ilə paralel həyata keçirilirdi. 

Ümumiyyətlə, Azərbaycana in­vestisiya qoyuluşuna marağın getdik­cə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilmə­si ilə bağlıdır. Bununla bərabər, res­publika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan is­lahatlar nəticəsində ölkədə güclü iqti­sadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə eti­barlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inki­şafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu trans­milli layihələr bu gün Avropanın ener­ji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 

Beləliklə, hökumət ölkədə investi­siya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qey­ri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşı­ya qoyulan əsas hədəflər sərmayə qo­yuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, in­vestisiya imkanlarının genişləndirilmə­si, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hö­kumət tərəfindən “açıq qapı” siyasəti­nin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investor­ların hüquq və mənafelərinin qorunma­sında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib.

Xatırladaq ki, Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirmək üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, son illərdə investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları davam et­dirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biz­nesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin ic­rası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib. 

Xatırladaq ki, ötən il iyulun 27-də dövlət başçısı “İnvestisiya fəaliyyə­ti haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Qeyd edək ki, bu qanun Prezident İlham Əliyevin “İn­vestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında “İnvesti­siya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi­nin yaradılması barədə göstərişinə uyğun hazırlanıb.

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Sərmayənin cəlb edilməsi hər bir ölkə üçün çox önəmli məsələdir. Ha­zırda bütün dünyada investisiyalar uğrunda ciddi mübarizə gedir. Ay­rı-ayrı ölkələr milli iqtisadiyyatlarının inkişafı, infrastruktur quruculuğu, hət­ta sosial məsələlərin həlli üçün nəzər­də tutulan layihələrin icrasına maliyyə vəsaitləri cəlb etməkdən ötrü Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Beynəlxalq Valyuta Fonduna və digər qurumlara çoxsaylı müraciətlər edirlər. Azərbaycanın nü­munəsində isə biz tamam fərqli mən­zərənin şahidi oluruq. 

Son 20 ildə ölkəmiz, milli iqtisadiy­yatımız investisiya cəlbediciliyi baxı­mından hər hansı bir çətinliklə üzləş­məyib və müxtəlif layihələrin maliyyə təminatı yüksək səviyyədə öz həllini tapıb. Azərbaycanda çox gözəl sər­mayə iqlimi yaradılıb. Bu, həm neft-qaz, həm də qeyri-neft-qaz layihələ­rinin icrasında öz ifadəsini tapıb. , Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azər­baycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inki­şaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əl­bəttə ki, əsas şərtlərdən biridir.

Hazırda dünyada yaşanan nara­hatlıqlar fonunda Azərbaycanın yük­sək investisiya cəlbediciliyinə malik olması ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev respublikamı­zın investisiya cəlbediciliyinin davam­lı şəkildə artmasına qətiyyətli siyasi iradə nümayiş etdirir. 

Son 20 ildə respublikamızın in­vestisiya cəlbediciliyinin artmasına hesablanan güclü hüquqi bazanın yaradılması və praktiki müstəvidə ar­dıcıl tədbirlərin görülməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Ölkəmizdə yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların səmərəli təşviqi mexanizminin işə sa­lınması böyük əhəmiyyət daşıyır. 

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat