Bölgələrin inkişafında onun rolu və imkanları genişdir
Zəngin təbiəti, qədim tarixi və mədəni irsi ilə kənd turizminin dünyada olduğu kimi ölkəmizdə də geniş potensialı var. Təbiətə yaxınlıq, tarixi və mədəni zənginlik, eləcə də səmimi ev sahibliyi turistlərə həm dincəlmək, həm öyrənmək, həm də unudulmaz təəssüratlar qazanmaq imkanı verir. Hər rayonun da özünəməxsus üstünlükləri kənd turizmini daha cəlbedici edir.
İsmayıllı rayonu dağ-meşə relyefi, təmiz havası və qədim kəndləri ilə seçilir. Lahıc və Basqal kimi kəndlərdə sənətkarlıq, xüsusilə misgərlik turistlərin marağına səbəb olur. Burada həm də şərabçılıq və üzümçülük ənənələri qorunub saxlanılır. Şəki rayonu isə tarixi abidələri, Xan Sarayı, Böyük Karvansara, Kiş məbədi və zəngin mətbəxi ilə turistləri cəlb edir. Quba rayonunda yerləşən Xınalıq və Qrız kimi dağ kəndləri qədim yaşayış tərzini qoruyub saxlamış nadir məkanlardır. Bu kəndlərdə etnik-mədəni müxtəliflik, təbii gözəllik və xalq sənətkarlığı bir araya gəlir.
Qax rayonu da kənd turizmi üçün əlverişli bölgələrdəndir. İlisu kəndi, alban abidələri, dağ mənzərələri və yerli kulinariya burada əsas cəlbedici elementlərdəndir. Lənkəran rayonu subtropik iqlimi, çay plantasiyaları, sitrus bağları və Hirkan Milli Parkı ilə fərqlənir. Lerik rayonu isə təmiz təbiəti, dağlıq relyefi və uzunömürlü insanları ilə tanınır. Burada folklor elementləri, yürüş marşrutları və ekoloji turizm imkanları genişdir.
Azad edilmiş Qarabağ və Şərqi əngəzur təkcə tarixi və siyasi əhəmiyyətinə görə deyil, həm də turizm potensialına görə diqqət mərkəzindədir. Füzuli rayonunda yerləşən kurqanlar, Azıx mağarası və digər arxeoloji abidələr təkcə Azərbaycan deyil, dünya miqyasında nadir tarixi irs nümunələridir. Azıx mağarası, dünyanın ən qədim insan yaşayış məkanlarından biri hesab edilir. Burada aparılan arxeoloji qazıntılar nəticəsində 350400 min il əvvələ aid insan qalıqları aşkarlanıb. Bölgədə arxeoparkların yaradılması, tədqiqatların davam etdirilməsi və turizm marşrutlarının açılması Qarabağın daş dövrü irsinin geniş tanıdılmasına xidmət edəcək.
Xocavənd rayonunun Tuğ kəndi, tarixi memarlığı, təbiəti və şərabçılıq ənənələri ilə kənd turizmi üçün ideal məkandır. Tuğda aqroturizm, ekoturizm və mədəni turizmin paralel inkişafı mümkündür. Burada keçmiş şərab istehsalı ənənələrinin bərpası, festivalların təşkili və tarixi memarlığın qorunması kimi layihələr həyata keçirilə bilər. Şuşa şəhəri və ətraf ərazilər, xüsusilə Turşsu və Dəmirsu kimi müalicəvi suların olduğu bölgələr sanatoriya və sağlamlıq turizminin yenidən inkişafı üçün əlverişli şərait yaradır. Bu mineral sular vaxtilə mədə-bağırsaq və revmatik xəstəliklərin müalicəsində təsirli olub, sovet dövründə minlərlə insanın müalicə aldığı yerlər idi. İndi onlar əvvəlki kimi xalqa xidmət edəcək.
Bununla yanaşı, Ağdam, Suqovuşan, Hadrut, Talış, Kəlbəcər və Laçın kimi ərazilərdə kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu bölgələrdə həm dağ, həm meşə, həm də düzənlik relyeflərinin bir araya gəlməsi təbiətlə təmas istəyən turistlər üçün ideal şərait yaradır. Şuşaya çəkilən yeni dəmir yolu və nəqliyyat infrastrukturunun yenilənməsi isə turizm axınını artıracaq.
Hazırda bu rayonlarda geniş bərpa işləri həyata keçirilir. Tarixi, mədəni və dini abidələrin bərpası ilə yanaşı, kənd təsərrüfatı sahələrinin canlandırılması da kənd turizmi nin inkişafı üçün əsas baza rolunu oynayır. Bölgəyə həm yerli, həm də xarici turistlərin marağını artırmaq üçün kompleks turizm infrastrukturları yaradılır. Bundan əlavə, Qusar, Xaçmaz, Şamaxı, Qəbələ, aqatala, Balakən, Tovuz, Gədəbəy, Yardımlı, Masallı, rdubad və digər bölgələr də kənd turizmi üçün yüksək potensiala malikdir. Hər rayonun özünəməxsus təbiəti, mətbəxi və mədəniyyəti onu fərqli bir turizm destinasiyasına (səyahətçinin getdiyi yer) çevirə bilər.
Təbiəti zəngin olan bölgələr Azərbaycanın kənd turizmi potensialını nümayiş etdirir. Hər biri özünəməxsus təbiəti, tarixi və mədəniyyəti ilə seçilir və ziyarətçilərə fərqli istirahətlər vəd edir. Kənd turizminin bu bölgələrdə inkişafı həm də orada yaşayan insanların iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, sosial bərabərlik, regional tarazlığın qorunması və milli-mədəni irsin təbliği baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki potensialı düzgün planlaşdırma, infrastruktur və təbliğatla dünya miqyasında önəmli bir turizm istiqamətinə çevrilə bilər.
***
Beləliklə, XXI əsrdə turizm yalnız istirahət və əyləncə vasitəsi olmaqdan çıxaraq, iqtisadi və sosial inkişafın mühüm alətlərindən birinə çevrilib. Bu baxımdan kənd turizmi xüsusi əhəmiyyət daşıyır. Təbii gözəllikləri, mədəni zənginliyi və səmimi insanları ilə seçilən kəndlər təkcə səyahətçilərin maraq dairəsinə çevrilmir, eyni zamanda kənd sakinlərinin rifahına, icmaların dirçəlməsinə və bölgələrin canlanmasına mühüm töhfə verir. lkəmizdə kənd turizminin inkişafı həm iqtisadi, həm də sosial baxımdan diqqətəlayiq təsirlər yaradır.
Turizmin bu sahəsi iqtisadi təsiri ilk növbədə yeni gəlir mənbələrinin formalaşması ilə özünü göstərir. Ənənəvi olaraq kəndlərdə insanlar əsasən əkinçilik, heyvandarlıq və meşə təsərrüfatı ilə məşğul olurlar. Lakin turizmin inkişafı bu təsərrüfat fəaliyyətlərini tamamlayaraq alternativ qazanc imkanları təqdim edir. Yerli sakinlər turistlərə evlərini kirayə verə, qonaqpərvərlik xidməti göstərə, yerli məhsul və əl işləri sata bilərlər. Bu, həm kənddə işsizlik səviyyəsini azaldır, həm də gənclərin və qadınların iqtisadi fəaliyyətə daha fəal cəlb olunmasına şərait yaradır. Turizm gəlirləri kəndlərdə dövriyyəyə daxil olur, kiçik bizneslər yaranır və yerli iqtisadiyyat tədricən şaxələnir.
Turistlərin bölgəyə axını yerli bazarların genişlənməsinə, kənd məhsullarının daha dəyərli şəkildə təqdim olunmasına və yeni biznes təşəbbüslərinin yaranmasına şərait yaradır. Məsələn, kəndlərdə qonaq evləri, çay evləri, restoranlar, sənətkarlıq emalatxanaları və kənd sərgiləri yaranır ki, bunlar da həm yerli iqtisadiyyatın güclənməsinə, həm də turizmdən əldə edilən gəlirin kənddə qalmasına xidmət edir. Bu tip fəaliyyətlər zəncirvari təsir yaradır, bir sahədə inkişaf digər sahələrə də təkan verir. Beləliklə, kənd ərazilərində iqtisadi struktur tədricən şaxələnir və daha dayanıqlı formaya düşür.
Kənd turizmi eyni zamanda infrastrukturun inkişafına təkan verir. Turistlərin rahatlığı üçün yollar təmir olunur, rabitə və internet imkanları genişlənir, ictimai obyektlər yenilənir. Bu infrastruktur təkmilləşmələri yalnız turistlər üçün deyil, kənd sakinləri üçün də gündəlik həyatı asanlaşdırır.
Sosial xidmətlərin keyfiyyəti artır, kəndlərin ümumi yaşayış səviyyəsi yüksəlir. Sosial baxımdan kənd turizminin müsbət təsirləri daha dərindir. Əvvəla, turizm yerli sakinlər arasında mədəni dəyərlərə olan marağı artırır. Adət-ənənələr, xalq sənətkarlığı, folklor, milli geyimlər və yeməklər turizm sayəsində daha görünən və qorunan hala gəlir. İnsanlar öz kimliklərini və mədəni irslərini qorumağa daha çox təşəbbüs göstərir, bu isə mədəni özünüdərkin möhkəmlənməsinə səbəb olur. Yerli icmalarda qürur hissi artır, gənclər öz kəndlərinə bağlı qalmağa başlayır.
Kənd turizmi icmalar arasında əməkdaşlıq ruhunu da gücləndirir. Məsələn, ailələr birgə tədbirlər təşkil edir, qonaq evləri şəbəkəsi qurur, yerli yarmarkalar və festivallar keçirirlər. Bu həm ictimai birliyi gücləndirir, həm də yerli identikliyi möhkəmləndirir. Sosial münasibətlərdə canlanma və kollektiv təşəbbüskarlıq artır. Turistlərlə təmaslar həm də dünyagörüşün genişlənməsinə səbəb olur, yerli insanlar yeni mədəniyyətlər və həyat tərzləri ilə tanış olur, ünsiyyət bacarıqları formalaşır.
Kənd turizmi ətraf mühitin qorunmasına da dolayı təsir göstərir. Turizm vasitəsilə təbiətin və mədəni irsin dəyəri daha çox dərk olunur, yerli əhali bu dəyərləri qorumağa və gələcək nəsillərə ötürməyə daha çox maraq göstərir. Davamlı turizm anlayışı, yəni təbiətə zərər vermədən, ətraf mühiti qoruyaraq turizmi inkişaf etdirmək getdikcə daha aktual olur. Bu, həm turizm sektorunun uzunmüddətli sabitliyini, həm də ekologiyanın qorunmasını təmin edir.
Nəticə etibarilə, kənd turizmi yalnız bir istirahət forması deyil, eyni zamanda kəndlərin inkişafı üçün güclü bir vasitədir. Azərbaycanda bu sahənin düzgün və davamlı inkişafı regionların iqtisadi dirçəlişini, mədəni irsin qorunmasını və sosial rifahın artmasını təmin edə bilər. Kəndlərimizin təbii gözəlliklərini və mədəni zənginliyini turizm vasitəsilə tanıtmaqla, biz həm də gələcəyin daha balanslı və ədalətli inkişafına töhfə vermiş olarıq.
Deməli, kənd turizmi iqtisadi baxımdan kəndlərə yeni gəlir axını və biznes imkanları gətirdiyi kimi, sosial baxımdan da mədəni irsin qorunması, icma həmrəyliyinin möhkəmləndirilməsi və həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm rol oynayır. Əgər bu sahə düzgün şəkildə idarə olunsa və davamlı inkişaf prinsiplərinə əsaslansa, kənd turizmi həm regionların dirçəlməsi, həm də ümumilikdə Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli bir rol oynamağa davam edəcək.
Bütün bunlara baxmayaraq, kənd turizmi ölkəmizdə arzu etdiyimiz səviyyədə deyil. ünki inkişafı bəzi çətinliklərlə müşayiət olunur. Əsas problemlərdən biri infrastrukturun hələ də bəzi yerlərdə zəif olmasıdır. Kəndlərin bir çoxunda yolların bərbad vəziyyətdə olması, internet və rabitə imkanlarının məhdudluğu, sanitariya şəraitinin qeyri-kafi olması turistlərin rahatlığını azaldır. Digər bir problem isə maarifləndirmə və təbliğatın zəif aparılmasıdır. Azərbaycanın kəndlərinin turizm potensialı çox böyük olsa da, həm yerli əhali, həm də xarici turistlər bu imkanlar barədə kifayət qədər məlumatlı deyillər. Buna görə də güclü və hədəfli marketinq strategiyalarına ehtiyac duyulur.
Bundan başqa, turistlərə az xolesterollu və ətsiz yeməklər, dünyanın tanınmış mətbəxt nümunələri, ölkəmizin zəngin mətbəxindən geniş çeşitli yeməklər təklif edilmir. tiraf etmək lazımdır ki, Azərbaycana gələn turistlər pitini, balıq ləvəngini, kabab və dolmanı çox sevirlər. Lakin onlara bu yeməkləri hər gün təklif etmək olmaz. Unudulmamalıdır ki, yeməklərin, içkilərin çeşidliyi və gigiyenik normalara cavab verməsi turistin əsas istəklərindəndir. Ucuz hotellərlə yanaşı, ucuz milli yeməklər təqdim edən restoran şəbəkələri yoxdur.
Bank xidmətlərinin arzu olunan səviyyədə olmaması Azərbaycanda kənd turizminin inkişafına mane olur. Məsələn, kəndlərdə turist xidmət yerlərinin yaxınlığında ATM-lər çox az saydadır və ya yoxdur. Bank sistemi regionlarda arzuolunan səviyyədə inkişaf etməyib. Bəzən standart bank xidmətilərindən faydalanmaq imkanları ya məhdud, ya da xeyli vaxt itkisi hesabına başa gəlir”.
lkəmizdə kənd turizminin inkişafına mane olan digər səbəb isə onun mövsümü xarakter daşımasıdır. Məsələn, ölkədəki turizms obyektlərinin əksəriyyəti may ayından sentyabr ayınadək, yaxud da qış mövsümündə işləyir. Həmin obyektlər bağlanan zaman orada işləyən insanlar gedib başqa sahələrdə çalışırlar. Növbəti mövsümdə həmin şəxslərin əksəriyyəti yenidən turizm obyektinə qayıdıb keçmiş işləri ilə məşğul olmur, öz peşələrini dəyişirlər. Nəticədə sahibkarlar bu sektorda təcrübəsi olmayan yeni işçilər işə qəbul edirlər. Ən önəmlisi isə xidmət haqqının yüksək olmasıdır.
Nəticə etibarı ilə, kənd turizmi təkcə regionların sosial-iqtisadi inkişafı baxımından deyil, həm də ölkənin ümumi turizm strategiyasının bir hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin inkişafı ucqar kəndlərin boşalmasının qarşısını almaq, əhalinin rifahını artırmaq, iş yerləri yaratmaq və vergi daxilolmalarını artırmaq baxımından mühüm imkanlar yaradır. na görə də, turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri kimi inkişaf etdirilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durmalıdır.
Ə.PÜNHAN
XQ
Mütəxəssis rəyi
Qəhrəman YUSUPOV
“Kənd yaşıl turizminin inkişaına dəstək” İctimai Birliyinin sədri, Qarabağ Universitetinin məllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Azərbaycanda kənd turizmi hər zaman mövcud olub. Sosialist dövründən əvvəl şəhər sakinləri yay aylarında kənd evlərini icarəyə götürərək orada dincəlirdilər. Sovet dövründə də bu istirahət forması davam edib. Müstəqillik əldə olunduqdan sonra, xüsusilə 2000-ci illərdən başlayaraq kənd evlərində istirahət edənlərin sayı ilbəil artmağa başlayıb. Hazırda Nabran və ətraf qəsəbələrdə, İsmayıllı, Qəbələ, Masallı, Astara, Göygöl və digər rayonların kəndlərində yerli sakinlər evlərindəki otaqları və həyətyanı sahələrdəki köhnə tikililəri təmir edərək turistlərə kirayə verirlər. Hazırda kənd turizmi Aran rayonları istisna olmaqla, ölkəmizin demək olar ki, bütün bölgələrində geniş yayılıb. Bu sahəyə qoşulan kənd sakinlərinin sayı isə ilbəil artır.
Kənd turizminin inkişafı daxili turizmin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu sahədə qeyri-hökumət təşkilatları (QHT) da müəyyən təşəbbüslərlə çıxış edirlər. nlar müxtəlif qrant layihələri hesabına kənd turizm layihələri həyata keçirsələr də, bəzən bu təşkilatların nümayəndələri turizm və xüsusilə kənd turizmi haqqında yetərli bilik və təcrübəyə malik olmurlar. Nəticədə isə təlimlər səmərəsiz keçirilir və bu da turistlərə göstərilən xidmətlərin keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir.
Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri kənd turizminin dəstəklənməsi məqsədilə müxtəlif layihələr həyata keçirirlər. Kənd yerlərində turizm fəaliyyəti ilə məşğul olan və ya bu sahəyə başlamaq istəyən ailələrə müəyyən məişət cihazları verilir, evlərində təmir işləri aparılır, aqroturizm fəaliyyəti ilə bağlı təlim və təcrübə mübadilələri təşkil olunur. Lakin bu dəstəyin nəticələrinin necə olduğu, turist sayının nə qədər artdığı, göstərilən xidmətlərin səviyyəsi və çeşidi barədə geniş ictimai məlumatlar mövcud deyil. Əgər bu cür məlumatlar mediada daha çox yayılsa, kənd turizminin ölkədəki vəziyyəti haqqında daha aydın təsəvvür formalaşa bilər.
Qeyd edək ki, Avropa ölkələrində kənd qonaq evləri sahibləri vergilərə güzəştli şəkildə cəlb olunur. Azərbaycanda isə kənd turizmi “Ailə kəndli təsərrüfatı haqqında” qanunla tənzimlənir. Bu qanuna əsasən, ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi bu təsərrüfatın bir üzvü üçün 5 min manat miqdarında müəyyən edilib. Yəni “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş fəaliyyət növləri daxilində göstərilmiş illik dövriyyə həcmindən artıq olduğu halda kəndli təsərrüfatı vergiyə cəlb olunmalıdır.
Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş bərpa və məskunlaşdırma işləri aparılır. Qarabağ bölgəsi kənd turizminin inkişafı üçün böyük potensiala malikdir. Gələcəkdə bu bölgədə yaşayan əhalinin əhəmiyyətli hissəsinin turizmlə məşğul olacağı gözlənilir. Artıq Qarabağ Universitetində “Turizm işinin təşkili” ixtisası üzrə kadr hazırlığına başlanılıb. Bölgədə fəaliyyət göstərən 3 beynəlxalq aeroport isə xarici turistlərin birbaşa gəlişi üçün imkan yaradır. Bu imkanlardan səmərəli istifadə üçün əsas şərtlərdən biri isə yerli turizm şirkətlərinin xarici tərəfdaşlarla peşəkar əməkdaşlıq qura bilməsidir.
Onu da qeyd edim ki, Avropada turistlər, xüsusilə daxili turizmi seçənlər, istirahət üçün kənd qonaq evlərinə üstünlük verirlər. Əcnəbi turistlərin də Azərbaycanın kənd evlərində yerləşməsi onlara ölkəmizin qonaqpərvərliyini və mədəniyyətini daha yaxından tanımaq imkanı yaradır. Bu isə həm milli mədəniyyətin tanıdılması, həm də kənd yerlərində iqtisadi aktivliyin artırılması baxımından böyük əhəmiyyət daşıyır.