Milli mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə Naftalan Şəhər İcra Hakimiyyətində ölkəmizin aparıcı bir qrup media nümayəndələri ilə görüş keçirilib.
Görüşdə şəhər rəsmiləri və regionun mətbuat nümayəndələri iştirak ediblər. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov jurnalistləri salamlayaraq bildirib ki, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı Prezident İlham Əliyev uğurla davam etdirir. Şəhər rəhbəri vurğulayıb ki, bu il 150 illik yubileyi qeyd olunan milli mətbuat xalqımızın maariflənməsi, milli ideyaların təbliği və cəmiyyətin formalaşmasında mühüm rol oynamışdır.
Qeyd olunub ki, şəhər icra hakimiyyəti hər zaman kütləvi informasiya vasitələri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verir. Media ilə qurulan bu əməkdaşlıq ictimai rəyin düzgün formalaşdırılması və şə af idarəçiliyin təmin olunmasında mühüm rol oynayır. Media nümayəndələrinə peşə bayramları münasibətilə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Çıxış edən mətbuat nümayəndələri ölkəmizdə kütləvi informasiya vasitələrinin azad və maneəsiz fəaliyyət göstərməsi üçün yaradılan əlverişli şəraitdən danışıblar. Onlar qeyd ediblər ki, Azərbaycan mətbuatı dövlətin göstərdiyi ardıcıl və məqsədyönlü dəstək sayəsində davamlı inkişaf yolu keçir. Media sahəsində həyata keçirilən islahatlar, göstərilən yüksək diqqət jurnalistlərin peşəkar fəaliyyətinə geniş imkanlar yaradıb. Bu münasibətlə mətbuat nümayəndələri ölkə Prezidenti İlham Əliyevə səmimi minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Naftalan neftinə və onu dünyada tanıdan Beynəlxalq Turizm Mərkəzinin Naftalana həsr olunmuş “Naftalan – möcüzəni hiss et” adlı yeni kitab ilk olaraq mətbuat nümayəndələrinə hədiyyə edilib.
Sonda Milli Mətbuat günü münasibətilə media nümayəndələri Fəxri fərmanla təltif olunub, onlara xatirə hədiyyələri verilib.
Hamlet QASIMOV,
XQ