Avropa İttifaqı 2030-cu ildən benzinlə işləyən avtomobilləri qadağan etməyə hazırlaşır
Bild qəzetinin məlumatına görə, Avropa İttifaqı (Aİ) 2030-cu ildən etibarən iri şirkətlər və avtomobil icarəsi ilə məşğul olan firmalar üçün yalnız elektromobillərin alınmasına icazə verəcək yeni bir plan üzərində gizli şəkildə işləyir. Məlumata əsasən, bu qərar "Sixt", "Europcar" kimi şirkətlərə və digər iri korporasiyalara şamil olunacaq.
Aİ daxilində satışların təqribən 60 faizini təşkil edən bu seqmentin elektrik nəqliyyat vasitələrinə keçidi, avtomobil bazarında ciddi dəyişikliklərə səbəb ola bilər. Hüquqi mexanizmlərin hazırlanmasına artıq başlanılıb, lakin rəsmi açıqlamanın yaxın aylarda verilməsi gözlənilir.
Digər tərəfdən, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) aprel ayı hesabatında göstərilir ki, Aİ ölkələrində "Tesla" markalı elektromobillərin satışında 52,6% azalma qeydə alınıb – bu, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 5475 ədədlik satış deməkdir.
Avropa bazarında elektromobillərə keçid strategiyasının sürətlənməsi fonunda bu addımın sektorda yeni texnoloji və iqtisadi adaptasiya dövrünü başladacağı gözlənilir.
S.ELAY
XQ