Ukrayna Rusiyaya yeni danışıqlar təklif etdi – Zelenski

post-img

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya ilə növbəti həftə yeni danışıqlar raundunun keçirilməsini təklif edib. Bu barədə dövlət başçısı axşam video-müraciətində məlumat verib.

Zelenski bildirib ki, hazırda rus tərəfi ilə əsir mübadiləsinin davam etdirilməsi üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, bu məsələ İstanbulda keçirilən əvvəlki görüşlər zamanı razılaşdırılmışdı və indi Ukrayna komandası növbəti mübadilə üzərində işləyir.

Prezidentin açıqlamasına görə, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov qarşı tərəfə gələn həftə yeni görüş keçirməyi rəsmi şəkildə təklif edib.

ABŞ prezidenti Donald Tramp 14 iyulda Rusiyaya 50 günlük bir ultimatum verib: əgər bu müddət ərzində Moskva və Kiyev arasında irəliləyiş əldə olunmasa, Rusiyaya və onun müttəfiqlərinə qarşı yeni sərt sanksiyalar tətbiq ediləcək.

TASS və “İnterfaks” agentliklərinin verdiyi xəbərə görə, Rusiya tərəfi Ukraynadan növbəti görüşlə bağlı rəsmi təklif alıb. Lakin hələlik rəsmi Moskvanın bu təklifə cavabı açıqlanmayıb.

Qeyd edək ki, cari ildə Rusiya və Ukrayna arasında yalnız iki birbaşa danışıqlar raundu baş tutub – 16 may və 2 iyun tarixlərində. Hər iki görüş əsir mübadiləsinin razılaşdırılması ilə yekunlaşıb. 15 iyulda Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bəyan edib ki, Kreml danışıqların davamına hazırdır və Ukraynadan yeni təklifləri gözləyir.

S.ELAY

XQ

Dünya