Bu gün dünya “Şahı mat qoyan” oyundan danışacaq

post-img

İqamətgahı İsverənin Lozanna şəhərində yerləşən və 1924-cü il iyulun 20-də Parisdə yaradılmış Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bu gün 101 yaşı tamam olur. Hazırda sıralarında 200-dən çox milli federasiyanı birləşdirən FİDE dünyanın ən ali idman təşkilatlarından biri kimi böyük şöhrət sahibidir. Beynəlxalq Şahmat Günü də məhz onun şərəfinə 1966-cı il iyulun 20-dən etibarən planetin bütün guşələrində yüksək əhval-ruhiyyə şəraitində, qədim və müdrik oyuna sevgi ilə qeyd olunur.

Artıq 1 əsr və 1 ilə bərabər tarixi ilə qürur duyan ümumdünya şahmatçılar ailəsinin ən fəal üzvlərindən biri də, şübhəsiz, Azərbaycan Şahmat Federasiyasıdır (AŞF).

Ölkəmizin dövlət müstəqilliyinin ilk dövründən, 1992-ci ildən, yəni artıq 33 ildir ki, Beynəlxalq Şahmat Federasiyasının üzvü olan AŞF bu gün respublikada zəka sahiblərini öz ətrafında sıx birləşdirib, Azərbaycan şahmatının uğurlarının və beynəlxalq nüfuzunun durmadan artması istiqamətində inamlı addımlar atır. 

Bu gün AŞF prezidenti, eyni zamanda, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov, 1-ci vitse-prezident, 60 il 149 günlük uzunmüddətli hakimlik fəaliyyəti sayəsində ötən baharda “Ginnesin Rekordlar Kitabı”na düşmüş beynəlxalq dərəcəli hakim Faiq Həsənov və onların həmkarları ölkəmizin dünya şahmatında daim qabaqcıl mövqelərdə olması üçün təcrübələrini əsirgəmirlər.

Dünyanın sayılıb-seçilən milli federasiyalarından biri olan AŞF-nin bugünkü uğurları və yüksək nüfuzu 51 il əvvəl respublika idmanında baş vermiş bir tarixi hadisə ilə sıx bağlıdır. 1974-cü il iyunun 21-də Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş respublika partiya fəalları yığıncağında bədən tərbiyəsi-idmanın vəziyyəti və onu daha da yaxşılaşdırmaq yolları üçün təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti hərtərəfli müzakirə olunduqdan sonra işdə ciddi dönüş yaradılmağa başlandı, idmanın digər sahələri kimi, şahmatın da inkişafına diqqət daha da artdı. Nəticədə tezliklə Azərbaycanın bir çox şəhər və rayonunda şahmat məktəbləri tikilib istifadəyə verildi, uşaq və yeniyetmələr təcrübəli mütəxəssislərin rəhbərliyi ilə bu gözəl oyunla daha böyük həvəslə məşğul olmağa başladılar. 

Təsadüfi deyil ki, bu gün Azərbaycan qədim mədəniyyəti kimi, zəngin şahmat ənənələri ilə də dünyanın diqqət mərkəzindədir. Bu gün ölkəmiz fəxrlə üçqat Avropa çempionu adını daşıyan kişilərdən ibarət milli komandamızın – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, həyatı və şahmatı çox tez, istedadının sürətlə çiçəkləndiyi bir vaxtda tərk edən Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov, ltac Səfərli kimi məşhur qrossmeysterlərin vətənidir. 

Bu komanda 2017-ci ilin payızında Yunanıstanın Krit adasında keçirilən Avropa çempionatında üçüncü dəfə zirvəni fəth edib, Bakıya qayıtdıqdan dərhal sonra Prezident İlham Əliyev çempionları qəbul etmiş və onların uğurunu çox yüksək qiymətləndirmişdi:

– Avropa qitəsində şahmat sahəsində birinci olmaq, özü də üçüncü dəfə birinci olmaq, doğrudan da, böyük tarixi qələbədir.

Hələ SSRİ dövründə, XX əsrin 70–90-cı illərində Azərbaycanda qadın şahmatının parlaq simaları olmuş Aynur Sofiyeva, İlahə Qədimova və Firuzə Vəlixanlıdan ibarət yığma komandamızın iştirak etdiyi elə ilk Avropa çempionatının bürünc mükafatçısı olması da yaddan çıxmayıb. Onda hələ çox gənc olan bu rəfiqələrin 1992-ci ildə Macarıstanın Debretsen şəhərində təşkil edilən qitə birinciliyindən gətirdikləri bürünc medallar nəyə desən dəyərdi. Komanda elə ilk cəhddə Avropa çempionatında 38 ölkənin rəqabətində fəxri kürsüyə yüksəlməyi bacarmışdı. 

Hazırda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini və AŞF İcraiyyə Komitəsinin üzvü  A.Sofiyeva, eləcə də, federasiyanın baş katibi İ.Qədimova yenə də sevimli idman növünün respublikada daha da inkişafına öz töhfələrini verirlər. 

Azərbaycan şahmatında ənənələr davam edir və getdikcə daha da möhkəmlənir. Bu gün ölkəmizdə on minlərlə insan qədim və müdrik oyunla məşğul olur, rəsmi birinciliklərdə, əlamətdar günlər münasibətilə keçirilən tədbirlərdə, xatirə yarışlarında mübarizə aparır. Respublikanın şəhər və rayonlarında, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda xarici ölkələrin nümayəndələrinin də məmnuniyyətlə iştirak etdikləri turnirlər bir-birini əvəz edir. əka sahiblərinin oyunu qəlblərdə özünə möhkəm yer etmişdir. 

Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə bugünlərdə Respublika Şahmat Mərkəzində jurnalistlər arasında keçirilmiş turnir də ölkədə idmanın bu növünün təbliğinə və inkişafına diqqətlə yanaşan gənc həmkarlarımın lövhə arxasında bacarıqlarını yoxlamağa biganə qalmadıqlarını təsdiq etdi. 

…Bu gün yenə dünya şahmatının bayramıdır. Gününüz mübarək, qədim və gözəl oyunun pərəstişkarlar!

Oqtay Bayramov

Əməkdar jurnalist

 

 

İdman