Heydər Əliyev: Vilayət Quliyev düzgün hərəkət eləyib

post-img

I söhbət

“Heydər Əliyev xatirələr işığında” layihəmizin növbəti qonağı 1999–2004-cü illərdə Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsində işləmiş və hazırda ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olan Vilayət Quliyevdir. Vilayət müəllimin də ulu öndərlə bağ­lı çox həssas və böyük maraq doğuracaq çoxlu xatirələri var. 

– Vilayət müəllim, bilmək istərdik, Heydər Əliyev feno­meni ilə ilk tanışlığınız haradan və nə vaxtdan başlayıb?

– Əfsanəvi insanı ilk dəfə 1970-ci ildə, birinci kurs tələbəsi olduğum zaman görmüşdüm. Hələ Azərbaycan Dövlət Universiteti adlanan ilk universitetimizin 50 illik yubileyinə gəlmişdi. Rəsmi hissə başa çatandan sonra mühafizəçilərin və rəhbərliyin narahatlığına baxmayaraq foyedə tələbələrin əhatəsində dayanıb onlarla söhbət etdiyi yadımdadır. İş elə gətirmişdi ki, lap yaxında dayanmışdım. Hətta mənə elə gəlir ki, arada bir çiyinlərinə də toxundum. Əgər, həqiqətən də, belə olmuşdusa, çox simvolik jest idi. Çünki aradan, təxminən, otuz il keçəndən sonra artıq müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevin rəhbərliyi altında, onunla çiyin-çiyinə çalışmaq şərəfinə və məsuliyyətinə layiq görüldüm. 1981-ci ildə, Azərbaycan yazıçılarının VII qurultayında respublika rəhbərinin milli hisslər üzərində köklənmiş parlaq nitqini dinləyənlər arasında mən də vardım.

İlk şəxsi tanışlığımız isə 1992-ci il sentyabr ayının 27-də Naxçıvanda olub. O zaman Hey­dər Əliyevin yanına Bakıdan, Azərbaycanın digər yerlərindən gedənlər çox idi. Məqsəd ölkə­də yaranmış təhlükəli vəziyyəti aradan qaldırmaq üçün təcrübəli dövlət xadimini Bakıya, siyasi ha­kimiyyətə dəvət etmək idi.

Təəssüf ki, üzərimə belə missiya qoyulmamışdı. Naxçı­vandan keçib Ərzuruma, dəvət aldığım Atatürk universitetinə iş­ləməyə gedirdim. Amma muxtar respublikaya çatandan sonra bir problemlə üzləşdim. Naxçıvan­da görüşdüyüm keçmiş aspi­rant həmkarım, indi Azərbaycan MEA-nın prezidenti akademik İsa Həbibbəyli Heydər Əliyevin yanına getməyi təklif etdi. Kiçik məsələ ilə bağlı belə bir insanı narahat etmək mənə yersiz gö­rünsə də Heydər Əliyevlə görü­şüb danışmaq istəyi tərəddüdlə­rimə üstün gəldi. Ən yaxşı halda bir neçə dəqiqəlik qəbul gözlə­diyim halda Naxçıvan Ali Məclisi sədrinin yanında iki saata qədər qaldıq. Biri-birindən maraqlı söh­bətlərini dinlədik, Bakıdakı vəziy­yətlə bağlı bəzi suallarına bacar­dığım qədər cavab verdim.

Yeri gəlmişkən, bu epizodik görüş, hətta yanına hansı xahişlə gəlməyimiz Naxçıvanda hər gün onlarla adamı qəbul edən Hey­dər Əliyevin yadında qalmışdı. Çünki aradan il yarım keçəndən sonra haqqında danışacağım Türkiyə səfərinə hazırlıq zama­nı hər şeyi dəqiqliklə xatırladı. Düşünürəm ki, bəlkə də, taleyin töhfəsi olan bu görüş sonrakı hə­yat yolumun dəyişməsinə təsirini göstərdi...

– Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə Heydər Əliyevlə birbaşa ünsiyyətdə ol­muşdunuzmu?

– Bəli. 1994-cü ilin fevral ayın­da Heydər Əliyevin Azərbaycan Prezidenti kimi Türkiyəyə ilk rəsmi səfəri hazırlanırdı. Həmin dövrdə qısamüddətli iqtidar dövründə müəyyən vəzifələr tut­muş bəzi cəbhəçilər “fəaliyyətləri­ni donduraraq” qardaş ölkədə sı­ğınacaq tapmışdılar. Burada hər vasitə ilə ictimai fikirdə çaşqın­lıq yaratmağa, türk insanında Heydər Əliyevin şəxsiyəti və si­yasi əqidəsi haqqında yanlış fikir­lər formalaşdırmağa çalışırdılar. Cəmiyyətə onun, guya, “Mos-kvanın adamı” olması haqqında dezinformasiyalar ötürülürdü. Şayiə yayırdılar ki, guya, Elçibə­yin istədiyi Azərbacan–Türkiyə qardaşlığına xələl gətirəcək, türk dünyasının birləşməsinə maneçi­lik törədəcək və s. və i.a.

Səfər ərəfəsində qərara alındı ki, əsassız uydurmalara cavab vermək üçün Ankara və İstanbula kiçik bir “intellektual desant” göndərilsin. Bu məqsədlə telejur-nalist Etibar Babayev, siyasi icmalçı Mübariz Qurbanlı, Xalq şairi Zəlimxan Yaqub və başqa yoldaşlardan ibarət qrup yaradıldı. Qrupun tərkibində mən də vardım. Yola düşməzdən əvvəl Prezidentin qəbulunda olduq. Planlarımızla, işi necə quracağımızla maraqlandı. Bəzi məsləhətlər verdi.

Bir həftə ərzində qəzet və jurnal redaksiyalarında görüşlər keçirdik, mətbuata müsahibələr verdik, televiziya çıxışlarımız oldu. Türkiyə Böyük Millət Məc­lisinin bəzi üzvləri, siyasi partiya təmsilçiləri ilə görüşdük. Səfərin nə dərəcədə uğurlu olduğunu deyə bilmərəm. Amma onu deyə bilərəm ki, çağdaş türk cəmiyyə­tinin fikir və düşüncəsində ciddi təbəddülat yaratmaq baxımından ən böyük işi Heydər Əliyev özü gördü. İlk rəsmi səfəri zamanı çıxış etdiyi bütün auditoriyalar­da çoxlu dostlar qazandı, hətta ən müxalif mövqeli siyasilərin də fikirlərini dəyişməyə nail oldu. İnsanlar onun simasında Azər­baycanın həqiqi vətənpərvərini və Türkiyənin böyük dostunu gör­dülər. 

Söylədiklərimi hansısa şahid ifadələrinə deyil, şəxsi qənaətlə­rimə əsasən deyirəm. Çünki hə­min səfərdə Prezidenti müşayiət edənlər arasında mən də var idim. Eyni ilin iyulunda isə Heydər Əliyevin İrana ilk rəsmi səfəri­nin iştirakçıları sırasında oldum. 1995-ci il mart qiyamından sonra Respublika (indiki Heydər Əliyev) sarayında keçirilən və iki gün da­vam edən müşavirə zamanı, təbii ki, Prezidentin razılığı ilə mənim adım da çıxışçılar siyahısına sa­lınmışdı. Heç şübhəsiz, bunlar hamısı yüksək etimadın təzahürü idi. 

– Sizin ədəbi mühitdən, ədə­biyyatdan xarici siyasət idarə­sinin rəhbərliynə təyinatınız (26 oktyabr 1999) ictimaiyyət üçün bir qədər gözlənilməz oldu. Heydər Əliyevin belə qə­rara gəlməsinə əsas nə idi və sizə təyinatınız zamanı tövsiy­yələri, tapşırıqları nə oldu?

– Əslində, bu, ilk növbədə, özüm üçün gözlənilməz oldu. Həmin vaxt Birinci çağırış Mil­li Məclisin deputatı idim, MEA Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışırdım. İstər­dim ki, səmimiliyimə inanasınız: cəmiyyətdəki yerim, mövqeyim mənə yetərli idi. Mənsəb axtarı­şında, vəzifə eşqində deyildim. Fəaliyyət sahəsi kimi elmə mara­ğım böyük idi. Bir xeyli planlarım vardı. Yəqin ki, arzularımın zirvə­si günün birində Akademiyanın müxbir, daha yaxşısı isə həqiqi üzvü seçilmək, institut direktoru təyin edilmək ola bilərdi. Birdən-birə nazir kreslosunda oturmaq ən fantastik planlarıma da daxil deyildi. Nə vaxtsa belə bir perspektivin olacağı da qətiyyən ağlıma gəlmirdi. 

Doğrudur, 1994-cü ildə dip­lomatik sahədə çalışmaqla bağlı təklif almışdım. Geri çağırılmış Abbas Abdullanın yerinə İstan­bula baş konsul təyin olunma­ğım gündəlikdə dayanırdı. Hətta dövlət başçısının söhbət üçün məni qəbul edəcəyi gün də bəlli idi. Amma görünür, hansısa “xe­yirxah”, yaxud “xeyirxahlar” işə qarışdılar və məsələ gündəlikdən çıxarıldı. İstəsəm də heç nə edə bilməzdim. Sadəcə, çox təəssüf­ləndim. Ənənəvi “Demək, qismət belə imiş!” düşüncəsi ilə özümə təsəlli verməkdən başqa yolum qalmadı.

Sən demə, tarix özünü təkrar edəcəkmiş. 1999-cu ilin oktyab­rında həm Azərbaycanda, həm də işğalçı Ermənistanda ciddi hadisələr baş verdi. Ölkəmizdə xarici işlər naziri, xarici siyasət üzrə dövlət müşaviri və Preziden­tin köməkçisi istefaya getdilər. Bunun ardınca isə Ermənis­tan parlamentində kütləvi terror aktı törədildi. Hər iki ölkədə baş verən hadisələri münaqişənin nizamlanması ilə bağlı hansısa köklü qərarların qəbul edilməsi ilə əlaqələndirirdilər. Proseslərin sonrakı gedişi göstərdi ki, cəmiy­yət belə qərarlar üçün hazır deyil. 

Özümə gəldikdə isə belə ciddi məsuliyyət yükü daşımağa hazır deyildim. Yəqin ki, yüksək vəzifə təklifi alan insanlar əksərən sevinirlər. Amma oktyabrın 26-da mən sevinməkdən çox, obrazlı desəm, özümü göy qübbəsinin ağırlığı altında əzilən Antey kimi hiss edirdim. Prezident, sanki, ürək-dirək verərək dedi ki, kiminlə işləyəcəyini unutma. Qərarları dövlət başçısı qəbul edir, məsuliyyəti də o daşıyır. Sənin borcun məsul olduğun sahədə tapşırıqların, qərarların vaxtında və dəqiq icrasını təmin etməkdir. Ölkəmizlə, dövlətçiliyimizlə bağlı ən kiçik, ikinci dərəcəli görünə bilən məsələlərdə də dönməzlik və prinsipiallıq göstərməkdir. Ürəksiz davrandığımı görüb dedi ki, rahatca bir kənarda dayanıb tənqid edən, məsləhət verən, yol göstərən kifayət qədərdir. Məsuliyyət payını bölüşmək, xalqa və dövlətə xidmət etmək, kömək göstərmək istəyən isə çox azdır. Əgər özünü ziyalı, vətənpərvər sayırsansa, ikincilərdən olmağa çalış! 

Xüsusi təcrübəm, professio­nal hazırlığım olmadan dövlətçilik həyatının və siyasi proseslərin mərkəzinə düşdüm. Təbii ki, belə şəraitdə Heydər Əliyevin məsləhətləri, gündəlik qayğısı və diqqəti, ən əsası isə xeyir­xah, səbirli, təmkinli münasibəti olmasaydı, üzləşdiyim çətinliklər qat-qat artardı. 

Mən mərhum Prezidentin xeyirxahlığını, diqqətli və həssas münasibətini xüsusi qeyd etmək istərdim. Dövlət işində təzə olmağımı, təcrübəsizliyimi yaddan çıxarmırdı. Bəlkə, elə buna görə də ilk vaxtlarda digər həmkarlarımla müqayisədə səhvlərimə, yanlışlıqlarıma daha təmkinlə, dözümlü yanaşırdı. Hətta adətinin xilafına çıxaraq bəzi qərarları barəsində izahat verirdi. 

Hesab edirəm ki, Prezident Heydər Əliyevin rəhbərliyi altında çox mühüm bir dövlət vəzifəsində işlədiyim dörd il ərzində yalnız müəyyən idarəçilik deyil, həm də insanlıq, xalqa və dövlətə məhəb­bət, ictimai borca sədaqət məktə­bi keçdim. Çünki Heydər Əliyev, sadəcə, dövlət başçısı deyildi, həm də şəksiz lider, ağsaqqal, yolgöstərən idi. Ondan öyrənmək böyük bir şərəf işi idi...

– Sizin bir çox yazılarınızı oxumuşam və bilirəm ki, güclü hafizəniz var. Nazir işlədiyiniz illərdə Heydər Əliyevin neçə xarici səfərində iştirak etmisi­niz və daha çox yadda qalan hansı səfər olub?

– Şəxsi xarakterli səfərlər nəzərə alınmazsa, vəzifə bor­cumla əlaqədar dövlət başçısı­nın, demək olar ki, bütün rəsmi və işgüzar səfərlərində onu mü­şayiət etmişdim. İndi, üzərindən iyirmi ildən çox keçsə də, dövrün xronikasına nəzər salanda, ha­disə və şəxsiyyətləri, müzakirə və danışıqları göz önünə gətirəndə görürəm ki, əslində, yadda qal­mayan səfər olmayıb. Çünki rəs­mi ziyarətlər turist gəzintiləri deyil. Heydər Əliyev hətta protokol xa­rakterli səfərlərdə də maksimum dərəcədə çox iş görməyə, siyasi və iqtisadi xarakterli görüşlər ke­çirməyə, predmetli söhbət etmək, konkret təkliflərlə müraciət edən hər bir dövlət adamına, tanınmış ekspertə, mətbuat nümayəndə­sinə vaxt ayırmağa çalışırdı. 

Eyni zamanda, biz hər dəfə Prezidentin prinsipiallığının, cə­sarətinin, dəqiq siyasi qiymət­ləndirmələrinin, ölkəmizlə bağlı məsələlərdə güzəştsizliyinin, dərin təhlil və ümumiləşdirmə bacarığının şahidi olurduq. Rəs­mi ziyafətlərdəki beş-on cümləlik tostları da kağızdan oxuyan bəzi dövlət və hökumət başçıların­dan fərqli olaraq Heydər Əliyev yüksək natiqlik istedadı, hazırca­vablığı, yerinə düşən incə zarafat və yumoru ilə də diqqəti çəkirdi. Tərəddüdsüz demək olar ki, hər bir səfər həm də Prezidenti daha yaxından tanımaq üçün əlavə şans idi. 

Əgər çoxsaylı səfərlərdən mütləq hansısa birini fərqlən- dirmək zərurəti yaransaydı, 2002-ci ilin aprelində Qarabağ münaqişəsinin həlli ilə bağlı həlledici danışıqların aparıldığı Ki-Vest səfəri üzərində dayanardım.

Olduğu bütün ölkələrdə dövlət və hökumət başçıları ilə ünsiyyət zamanı Heydər Əliyev üçün əsas meyar inandığı həqiqətlər, xalqı­mız və dövlətimiz üçün faydalı və zəruri saydığı məsələlər idi. Hə­min cəhətlər Ki-Vest danışıqla­rının da məzmun və mahiyyətini təşkil etmişdi. ABŞ Dövlət katibi Kolin Pauell və ABŞ prezidenti­nin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kondoliza Raysın iştirakı ilə Ermənistan prezidenti Robert Koçaryan və Minsk qrupu həmsədrləri formatında keçirilən görüş dövlətçilik təfəkkürü, siyasizəka, intellekt mübarizəsi idi. Əs­lində, Prezident Heydər Əliyev Ki-Vestdə təkbaşına altı nəfərə qarşı dayanmışdı. Ermənistanın mövqeyi bəlli idi. ABŞ rəsmiləri, Minsk qrupu həmsədrləri də er­məni tərəfini işğalçı kimi tanıma­dan Azərbaycandan alacaqları güzəştlər hesabına Qarabağ mü­naqişəsinin dinc yolla həllinə nail olmağa çalışırdılar. Amma bütün səylərinə baxmayaraq ümidləri doğrulmadı.

Heydər Əliyev isə Ki-Vestdə yalnız işğalçı ölkənin lideri Köçər­yana deyil, onun açıq və gizli ha­vadarlarına müraciətlə münaqişə­nin illərlə həllini tapa bilməməsinin əsas səbəbi kimi işğalçı ilə işğala məruz qalanın bərabər tutulma­sı olduğunu göstərmişdi: “Çətin danışıqlar gedişində Ermənistan tərəfi həmişə qeyri-konstruktiv mövqe tutmuşdur və bu gün də bu mövqedə qalır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə və danışıqlarda bu üstünlükdən istifadə etdiyinə görə, biz Ermənistanla razılığa gələ bilmirik. Ermənistan hər vasitə ilə Azərbaycanın ərazisinin bir hissəsini qoparmağa, özünə birləşdirməyə və ya Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır”.

Köçaryan bir neçə min ki­lometr yol keçib Ki-Vestə gəl­məkdən məqsədinin siyasi bəyanatlar vermək olmadığını iddia eləsə də, əslində, Azərbaycan Prezidentinin sərt ittihamları qarşısında deməyə sözünün ol­madığını göstərdi.

Vaşinqtonda davam edən rəs­mi səfər zamanı kiçik Corc Buşla Ağ Evdə iştirakçısı olduğum görüşdə ABŞ-nın 43-cü Prezi­denti sonralar etiraf etdiyi kimi “Heydər Əliyevin şəksiz liderliyi-nə, cəsarətinə, misilsiz dünya-görüşünə və natiqlik istedadına” heyran qaldığını gizlətməmişdi.

– Vilayət müəllim Xarici İş­lər naziri kimi Heydər Əliyevin rəhbərliyi altında işlədiyiniz 4 ilə yaxın müddət ərzində yad­daşınıza yazılan ən gərgin ha­disə nə vaxt, harada, hansı şə­raitdə baş verib?

– Xarici İşlər Nazirliyi daimi gərginlik rejimində işləyən dövlət qurumudur. 2001-ci il ABŞ Döv­lət Departamentinin hesabatında Azərbaycanın adı terroru qismən dəstəkləyən ölkələr sırasına daxil edilmişdi. Yəqin, ilk baxışdan inandırıcı görünmür. Erməni işğa­lının, daşnak terrorunun bir çox ağrı-acılarını yaşayan, Bakı met­rosundakı partlayışda 300 nəfər­dən çox dinc vətəndaşını itirən Azərbaycan terroru hətta qismən də olsa, necə dəstəkləyə bilərdi? Bu mümkün iş idimi? Yersiz ittiha­mın əsasında nə dayanırdı?

İzah edim. İkinci çeçen müharibəsindən sonra rus ordusunun təqiblərindən xilas olmağa çalışan yüzlərlə çeçen ölkəmizdə müvəqqəti sığınacaq tapmışdı. Əksəriyyəti qadınlar, uşaqlar, qocalar idi. Az sayda yaralılar vardı. Rusiya məsələnin nə yerdə olduğunu bilsə də beynəlxalq müstəvidə Azərbaycana qarşı fəal qaralama siyasəti yürüdürdü. Bakının çeçen döyüşçülərinə yaşamaq, güc toplamaq, qüvvələrini səfərbər etmək üçün şərait yaratdığı iddia olunurdu. Dövlət Departamenti də Rusiyanın həqiqətdən uzaq bəyanatlarına əsaslanaraq bizi terroru qismən dəstəkləyən ölkələrin siyahısına salmışdı.

Doğrusu, haqsızlıq məni hədsiz dərəcədə əsəbiləşdirdi. Dü­şündüm ki, kim tərəfindən ortaya atılmasından asılı olmayaraq ağ yalana, məqsədyönlü böhtana mütləq cavab verilməlidir. Özüm XİN-in bəyanatını hazırladım. Təbii ki, məsələni dövlət başçısı ilə razılaşdırmaq lazım idi. Amma istər həmin gün, istərsə də sonra­kı iki gün ərzində əlaqə yaratmaq mümkün olmadı. Prezidentin te­lefonu susurdu. Düşündüm ki, vaxt itirmək etirazımızın gücünü və effektivliyini azaldar. Susma­ğımız, tərəddüd etməyimiz razılıq kimi qəbul oluna bilər. Odur ki, riskə yol verdiyimi bilsəm də bə­yanat mətnini KİV-ə göndərdim.

Həmin axşam köməkçi məni axtarıb tapdı. Dövlət başçısı­nın danışmaq istədiyini bildirdi. Prezident çox əsəbi idi. Mühüm yeniliyi Moskvanın “Vremya” xə­bərlər proqramından eşitmişdi. İzahatımı dinləmək istəmədi. “Bu dərəcədə məsuliyyətsizlik ol­maz, – dedi. – Sabah məsələyə Təhlükəsizlik Şurasının iclasında baxılacaq. Hərəkətinin motivlərini orada izah edərsən”.

Sübhə qədər gözümə yuxu getmədi. Çox narahat idim. Tə­bii ki, işdən çıxarılma qorxusu­na görə yox! Əslində, bu yüngül cəza olardı. Prezidentin etima­dını doğrulda bilməməyim, çox ciddi məsələdə hissə qapılaraq onu çətin vəziyyətə salmağım, məqsədin nəcibliyindən asılı ol­mayaraq dövlətçilik prinsipləri baxımından tələsik qərar vermə­yim mənə çox ağır gəlirdi.

Ertəsi gün Prezident izaha­tıma səbirlə qulaq asdı. İştirak­çıların hər birinin fikri ilə maraq­landı. Təbii ki, həmkarlarım necə qərar veriləcəyini bilmədikləri üçün bacardıqları qədər neytral mövqe tutmağa çalışırdılar. Təc­rübəsizliyimi önə sürür, düzgün hərəkət etmədiyimi, özbaşınalığa və səhvə yol verdiyimi deyirdilər. Prezident hamını dinləyəndən sonra üzünü mənə tutdu:

– Yaxşı, deyirsən ki, axtar­mısan, tapa bilməmisən. Necə oldu, mən boyda adam ölkədən yoxa çıxdı, heç kimin xəbəri ol­madı? Yəqin ki, bir-iki dəfə bura zəng vurmusan, sonra da öz bil­diyini eləmisən. Məni tapa bilmir­din, köməkçiyə deyəydin ki, son dərəcə vacib məsələ ilə bağlı Prezidenti axtarıram. Tez ol, yeri­ni de! Zəng vuraydın Vaqif Axun­dova, Bəylər Eyyubova, Yura Kamayevə. Nədən ötrü axtardı­ğını desən, onlar sənə bir xəbər verərdilər. Götürüb zəng vuraydın komendaturaya. Amma sən bun­ların heç birini eləməmisən. Bu hərəkətinin adı məsuliyyətsizlik­dir, özbaşınalıqdır. Səndən əvvəl də xarici işlər naziri vardı. Həsən Həsənov. Məni bu otaqda rahat oturmağa qoymurdu. Gündə azı otuz dəfə zəng vururdu. Ən xır­da məsələləri də məsləhətləşirdi. Amma sən qərarı da özün verir­sən, özün də yerinə yetirirsən. Mən də iş işdən keçəndən sonra xəbər tuturam. Belə olmaz! Belə işləmək olmaz! Sənə ciddi xəbər­darlıq edirəm...

Başımı qaldırıb ətrafa bax­dım. Ortalıqda gərgin atmosfer vardı. Çoxları üzlərinə sərt, bir az da narazı ifadə vermişdilər. Təbii, narazılıq məndən idi. 

Prezident bir anlıq sükuta get­di. Sonra uca səslə:

– Vilayət Quliyev, – dedi, –və uzun pauza verdi. Bilmirəm, bəlkə də, həmin anlarda otaqda olanların bəziləri “Bunun da kitabı belə bağlandı” –deyə düşünürdü. Və bir an sonra Heydər Əliyev, yəqin, heç kəsin gözləmədiyi qə­rarla sözünə yekun vurdu: – Düz­gün hərəkət eləyib. Bəli, mütləq Dövlət Departamentinin ittiham xarakterli hesabatına etirazımızı bildirməli idik. Ermənistan 20 faiz ərazimizi işğal edib, indiyə qədər onlarla qanlı terror aktı törədib. Yüzlərlə vətəndaşımız qətlə ye­tirilib. Amma heç bir dövlət, heç bir beynəlxalq təşkilat onu terror­çuluqda, terroru dəstəkləməkdə ittiham etmir. Bizim humanist, insanpərvər hərəkətimizin adını isə tez-tələsik “terroru dəstək­ləmək” qoyurlar. Belə prinsipial məsələlərdə mütləq mövqeyimizi bildirməliyik, sözümüzü deməli­yik. Bəyanatın mətni də ümumən pis tərtib olunmayıb. Amma xarici işlər nazirinin ən ciddi səhvi odur ki, mənimlə məsləhətləşməyib. Əgər belə etmiş olsaydı, təşəkkür alardı. İndi isə ciddi xəbərdarlıqla kifayətlənirəm.

Salondan çıxanda xüsusi bir əsas olmasa da, hamı təbrik elə­yirdi. Mən isə həyatım boyu unut­mayacağım bir dərs almışdım. Bir daha inanmışdım ki, Heydər Əliyevin ən sərt irad və tənbehinin də arxasında ədalət hissi dayanır. 

Bu şəxsi xarakterli gərgin­likdir. Bir millət, dövlət olaraq ən böyük gərginlik və sarsıntını isə 2003-cü il aprelin 21-də keçmiş Respublika (indiki Heydər Əliyev) sarayında yaşadıq. Həmin gün burada Cəmşid Naxçıvanski adı­na hərbi liseyin təsis olunmasının 30 illiyi ilə bağlı təntənəli tədbir keçirilirdi. Prezident gənc kur­santlar qarşısında çıxış edirdi. Yüzlərlə hərbi uniformalı yeniyet­mənin oturduğu salonda xoş və təntənəli bir aura vardı. Heç nə fəlakətdən xəbər vermirdi. Amma birdən-birə gözlərimiz önündə sonu qələbə ilə başa çatan möh­təşəm bir insan dramı yaşandı. Heydər Əliyev səhhətində son dərəcə ciddi problem yaranması­na baxmayaraq böyük iradi qüv­və hesabına ikinci dəfə səhnəyə qayıtdı. Nitqini bitirib sarayı alqış­lar altında, qalib sərkərdə kimi tərk etdi. Əslində, başqa sonluq təsəvvürə gətirmək də mümkün deyildi.

 

Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”

Müsahibə