Prezidentin Şuşa mesajları: Ermənistanla sülh gözləntisi

post-img

Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada ADA Universitetinin təşkilatçılığı ilə keçirilmiş, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında başlıca diqqəti Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesinə, sülhün əldə edilməsi perspektivlərinə, ümumən, iki ölkə arasındakı gərginliyin müxtəlif aspektlərinə yönəltdi. Azərbaycan lideri ayrı-ayrı suallara ətraflı cavablarında, həmçinin Cənubi Qafqaz bölgəsindəki mövcud durumun çərçivələrini mükəmməl şəkildə müəyyənləşdirdi, bütövlükdə, gələcəklə bağlı müstəsna əhəmiyyət daşıyan mesajlar verdi. 

Dövlətimizin başçısının geniş məz­munlu və dolğun nitqində diqqət yeti­rilməli ilk məqam Azərbaycanla Ermə­nistan arasındakı münaqişəli durumun həllini tapmamasının səbəblərinin vurğulanması idi. Cənab İlham Əliyev bu baxımdan yaxın keçmişə ekskurs etdi, Qarabağ konfliktinin və ölkəmi­zin ərazilərinin illərlə işğalda qalması reallığından söz açdı. Çünki indi də keçmişdəki “təcrübədən” faydalanmaq meyilləri aktualdır. O təcrübədən ki, onun müəllifləri Azərbaycanın suveren torpaqlarının otuz ilə yaxın müddətdə işğalda qalmasına biganə yanaşmış­dılar. 

Bu yerdə Ermənistanın beyin mərkəzlərinin və siyasi ekspertlərinin yaxın keçmişə nəzərən apardıqları he­sablamaları yada salaq. Onlar bildirir­dilər ki, nəsillər dəyişdikcə Azərbaycan cəmiyyəti Qarabağı yaddan çıxaracaq, beləliklə, münaqişə həllini tapacaq. Əlbəttə, yanıldılar və yanıldıqlarını ilk dəfə 2016-cı ilin Aprel müharibəsi za­manı etiraf etdilər də. Nəzərə alaq ki, həmin müharibə 2020-ci ilin 44 günlük müharibəsindəki rüsvayçılığın anonsu idi. 

***

Bəli, erməni tərəf haqqında söz açdığımız siyasi, ictimai, ideoloji və psixoloji qənaətə gəlməməli idi. Düşün­məməli idi ki, Azərbaycan cəmiyyəti öz qanuni ərazilərindən imtina edəcək­dir. Axı illər ərzində danışıqlar prosesi gedirdi. Rəsmi Bakı həmin prosesdə kifayət qədər dirəniş göstərirdi. Əlbət­tə, Ermənistan da mövqeyini əldən verməmək istəyirdi. Yəni, inad edirdi. Buna kor inad demək daha doğrudur. Ən doğrusunu isə cənab İlham Əliyev anlatdı: “Münaqişənin sülh yolu ilə həl­lini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atır­lar. Onlar vəziyyətin olduğu kimi qal­masını və onu dondurmaq istəyirdilər. Onlar düşünürdülər ki, işğalı legitim­ləşdirə biləcəklər. Düşünürdülər ki, biz öz ərazi bütövlüyümüzlə bağlı bir kom­promisə gedəcəyik. Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər”.

Bəli, keçmişin xatırlanması həm də ona görə zəruridir ki, Ermənistanın hazırkı rəhbərliyi özündən əvvəlki iqti­darın yolu ilə getməyə üstünlük verir. Prezident İlham Əliyev bununla bağlı konkret məqamlara toxunaraq, söhbəti ATƏT-in artıq keçmiş olan Minsk qrupu üzərinə gətirdi. Dövlətimizin başçısı, faktiki olaraq bildirdi ki, uzun müddət bu təsisat İrəvanın manipulyativ gediş­lərinin aləti rolunda çıxış edib. Cənab İlham Əliyev belə söyləyərkən, Ermə­nistanın baş naziri Nikol Paşinyanın və onun administrasiyasının eyni yolla getmək cəhdlərinin mövcudluğunu qa­bardır. Bir halda ki, ATƏT-in Minsk qru­pu vaxt uzatmaq üçün manipulyasiya aləti olub, indi nə üçün onun “xidmət­lərindən” yararlanılmasın? Hər halda, İrəvanın 44 günlük müharibədən son­rakı status-kvonu saxlamaq naminə belə bir niyyət güddüyü tam aydındır. 

Təbii ki, Ermənistan hakimiyyəti ha­zırkı status-kvonun Azərbaycan tərəfin­dən yaradıldığını unudur. Yəni, ölkəmiz özünün yaratmadığı status-kvonu mü­haribə gedişində dəyişməyi bacarıbsa, heç şübhəsiz, öz yaratdığı durumun perspektivsiz nəticələrinə də müdaxilə imkanlarına malikdir. Dövlətimizin baş­çısının söylədiklərinə diqqət yetirək: “1992-ci ildən 2020-ci ilədək heç bir nəticə əldə etmədi. Nəticə faktiki olaraq neqativ idi. Çünki işğal dövründə qon­darma danışıqların sonunda biz aydın başa düşdük ki, Minsk qrupunun həm­sədrləri, sadəcə olaraq, vəziyyəti də­yişməz olaraq saxlamaq, başqa sözlə, status-kvonu saxlamaq istəyirdilər ki, bu da onlar və Ermənistan üçün rahat idi. Lakin bizim üçün rahat deyildi. Ona görə də biz status-kvonu dəyişdik. On­lar planlaşdırırdılar ki, səylərini birləşdi­rib Azərbaycanı inandırsınlar ki, Minsk qrupu müəyyən formada fəaliyyətini davam etdirməlidir. Bunun necə olaca­ğını soruşanda mən dedim ki, biz adəti üzrə fəaliyyət göstərmək üçün heç bir imkan görmürük, bu, başa çatıb, keç­miş Minsk qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistan­la Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər. Mən söylədim ki, Qarabağ münaqişəsi həll olunub, “Madrid prinsipləri” adlan­dırılan prinsiplərin böyük əksəriyyəti Azərbaycan tərəfindən həyata keçirilib. Ona görə də, əgər siz kömək etmək istəyirsinizsə, əsas diqqəti sülh razılaş­ması üzərində cəmləşdirin və Ermənis­tanı konstruktiv olmağa inandırın”.

***

Bəs, Ermənistan konstruktiv olma­ğa cəhd göstərirmi? Əlbəttə, 44 günlük müharibədən sonra biz konstruktivliyin yalnız çox kiçik fraqmentlərini görmü­şük ki, bunlar isə böyük məsələlərdən yayınmaq görüntüsü formalaşdırmaq məramına hesablanmışdı. Yəni, İrəvan beynəlxalq ictimaiyyətə göstərib ki, baxın, biz hansısa məsələ ilə razıyıq. Əslində isə geniş anlamda götürsək, heç bir razılıq olmayıb. Sualımız həm də hazırda Azərbaycanın və Ermənis­tanın xarici işlər nazirlərinin ABŞ-da davam edən danışıqlarına nəzərəndir. Danışıqlar nəticə verəcəkmi?

Əlbəttə, beynəlxalq ictimaiyyət, maraqlı tərəflər bu danışıqlardan sül­hün “yol xəritəsi”ni gözləyirlər. Möv­cud istiqamətdə bəyanatlar, müəyyən pozitiv fikirlər də regional ictimai rəyə sızmaqdadır. Hərçənd, demək olmaz ki, Azərbaycan və Ermənistan cəmiy­yətlərindən hansı daha çox nikbinliyə köklənib. Məsələn, biz qarşı tərəfdə pozitiv ab-hava görmürük. Üstəlik, rəs­mi İrəvanın daxildəki dağıdıcı, şovinist və revanşist ictimai rəyin gerçək əsi­rinə çevrildiyinin şahidiyik. İnanmırıq ki, erməni iqtidarı xəstə təmayüllərə qarşı çıxacaq gücdədir. Hazırda Ermənistan cəmiyyətindəki vəziyyət sirkənin öz qa­bını çatlatması effekti kimi bir şeydir. Elə buna görə də Vaşinqton prosesinə yanaşmada bir o qədər gözləntimiz yoxdur. 

Prezident İlham Əliyev isə çıxışında daha konkretdir və fikrini faktoloji şəkil­də bildirir. Daha doğrusu, bizim nikbinli­yimizə əsas verməyən amillərin İrəvan siyasətinə təsirinin doğurduğu hazırkı reallığı açıqlayır. Hərçənd, dövlətimi­zin başçısının nikbinliyə köklənməyən deyimində müəyyən müsbət ehtimallar da özünü göstərməkdədir. “Nikbinliyim, qeyd etdiyim kimi, bir neçə gün əvvəl aldığımız şərhlərə görə azdır. 40 gün­dən çox gözləyəndən sonra biz gördük ki, demək olar, şərhlərin 95 faizi əvvəl­kilərin eynidir. Yenidən Azərbaycanın ərazi bütövlüyünü sual altına almaq cəhdləri, yenidən Ermənistanla Azər­baycan arasında sülh razılaşmasına hansısa yollarla qondarma “Dağlıq Qa­rabağ”ı daxil etmək cəhdləri, yenidən bizim terrorizm, ekstremizm, radika­lizm və separatizmə qarşı birgə müba­rizəyə dair təklifimizi rədd etmək cəhd­ləri, hamısı qaldı, yalnız separatizmin üstündən Ermənistan xətt çəkdi. Bu, o deməkdir ki, onlar yenidən Azərbay­canda separatizmə rəvac verəcəklər. Bu, bizim nikbinliyimizi azaltdı. Amma yenə də baxarıq, çünki danışıqların bu raundu əvvəlkindən fərqlidir. Artıq bir neçə gün davam edib və ola bilsin ki, daha bir neçə gün davam edəcək. Bizim fikrimiz ondan ibarət idi ki, onlar müəyyən nəticələrə gəlməlidirlər, əks halda bu, böyük məyusluq olar. Eyni zamanda, düşünürəm ki, razılığa gəl­mək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birba­şa danışıqlardır”.

Bəli, Azərbaycan Prezidentinin də bildirdiyi kimi, Vaşinqton danışıqlarında nəticələr əldə edilməməsi məyusluğa səbəb olacaq. Yuxarıda məyusluq ehti­malını aktuallaşdıran səbəblərdən söz açdıq. Əslində, dövlətimizin başçısı indiyədək baş vermiş uğursuzluqların səbəblərinə də aydınlıq gətirir. Nəzərə alaq ki, ölkəmizin lideri çıxışında er­məni hakim siyasi isteblişment səhvlə­rindən də söz açır. Həmin səhvlərdən biri üzərində dayanmağı vacib sayırıq. Söhbət beynəlxalq sponsorlara arxa­lanmaqdan gedir. 

***

Biz iki ildən artıqdır görürük ki, Er­mənistan dövləti, necə deyərlər, köhnə şakərindədir. Nəinki ölkənin rəsmiləri, eləcə də siyasi dairələri kimlərinsə on­ları himayəyə götürəcəyinə ümid bəs­ləyirlər. Buna görə kompromisə gəl­məkdən uzaqdırlar. İnanırlar ki, nə isə dəyişəcək və həmin dəyişikliyin fonun­da itirilmişlərin bərpası şansı yarana­caqdır. Deməli, İrəvan özünün işğalçı mahiyyətindən uzaq durmur, revanşist və şovinist baxışlar isə bu mahiyyəti bir qədər də körükləyir. 

Ancaq bunlar faydasızdır. Xamxə­yallar isə yolverilməzdir. Yeri gəlmiş­kən, bu günlərdə erməni politoloqlar­dan biri Fransanın xarici işlər naziri Ketrin Kolonnanın İrəvanda səslən­dirdiyi sərsəm fikirlərə münasibət bil­dirərkən, Parisin erməni təəssübkeş­liyinin ziyanlı tərəflərinə toxunmuş və bildirmişdi ki, Fransanın bəyanatları Ermənistan hakimiyyətinin illüziyalara qapılmasını şərtləndirir. Bu isə çox təh­lükəlidir. 

Deməli, Paşinyan adiministrasiya­sının geniş düşünməsinə ehtiyac var. Geniş düşünmək həm də qlobal əhə­miyyət daşıyan reallıqları nəzərə al­maq bacarığıdır. Ermənistanın hakim siyasi dairələri, bütövlükdə, erməni xalqının mənafeyinə, onun gələcəyinə dair planlar qururlarsa, həmin reallıq­larla hesablaşmalıdırlar. Dövlətimizin başçısının təbirincə desək, geosiyasi dəyişikliklərin problem yox, imkanlar yaratmasını düşünməli, düzgün stra­tegiya müəyyənləşdirməli, vəziyyəti dürüst təhlil etməli, prinsipial siyasət yürütməlidirlər: “Çünki əgər ölkələr manevr etməyə başlasalar, məsələn, bizim hazırda Ermənistanda şahidi olduqlarımız kimi, bu, manevr etmək cəhdidir, iki stulda deyil, düşünürəm ki, minimum 4 stulda oturmaq cəhdidir. Bu isə mümkün deyil. Azərbaycana gəlin­cə, istər regional inkişafla bağlı siyasə­timiz olsun, istər beynəlxalq məsələlər­lə bağlı, ölkələrin ərazi bütövlüyü ilə bağlı siyasətimiz olsun, tamamilə aydındır, hazırkı vəziyyətin maraqla­rından tamamilə kənardır. Zənnimcə, Azərbaycan geosiyasi dəyişikliklər nə­ticəsində daha güclü olacaq”. 

***

Məlumdur ki, lap əvvəl Azərbaycan-Ermənistan normallaşma­sının Rusiya xətti mövcud idi. 44 gün­lük müharibədən sonrakı, təxminən, bir ilə yaxın müddətdə bu xətt aktivliyini saxlayırdı. Lakin Rusiyanın Ermənis­tanı yenidən öz orbitinə qaytarmaq yönümlü tərəfkeşliyindən sonra vəziy­yət mürəkkəbləşdi. Nəticədə kollektiv Qərb vasitəçiliyi formalaşdı ki, bunu öz üzərinə Avropa İttifaqı götürdü. Möv­cud təmayül isə 2022-ci ilin sonlarına doğru Fransanın ermənipərəstliyi sə­bəbindən faydasız aqibət ilə üzləşdi. Belədə təşəbbüsə yiyələnən tərəf ABŞ oldu. Birləşmiş Ştatlar nizamlama pro­sesinə, özünü kollektiv Qərbdən ayıra­raq, qoşuldu. 

Azərbaycan Prezidenti İlham Əliyev indiyədək verdiyi müsahibələrdə, çıxış­larda nizamlama prosesinin qeyd etdi­yimiz maraqlar kontekstindəki təhlilini kifayət qədər əhatəli verib. Dövlətimizin başçısı “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusundakı beynəlxalq konfransda sualları cavablandırarkən də vurğuladığımız məqama toxundu. Toxundu və eyni zamanda, indiyədək aparılmış danışıqların ayrı-ayrı seq­mentinə müfəssəl aydınlıq gətirdi. Cə­nab İlham Əliyevin gəldiyi nəticə də var ki, bunu onun indi diqqətə çatdıracağı­mız fikirlərinin son üç cümləsində gör­mək mümkündür: “Əgər bu ölkələrin hansısa, mən sözsüz ki, ABŞ və Ru­siyanı nəzərdə tuturam, çünki Fransa birtərəfli qaydada ermənipərəst mövqe tutandan sonra o, faktiki olaraq özünü istənilən növ vasitəçilikdən məhrum etdi. Bu, açıq-aşkardır.

Yeri gəlmişkən, söhbət təkcə Qara­bağda separatizmin qondarma şəkildə tanınmasından getmir, həm də BMT-də, Frankofoniyada, digər formatlarda çox açıq anti-Azərbaycan bəyanatlar, dav­ranışlar, siyasətçilərin açıq bəyanatları Fransanı vasitəçilikdən təcrid etdi, çün­ki vasitəçi olmaq, ən azı, özünü neytral kimi göstərməkdir. Əgər siz qəlbən neyt­ral deyilsinizsə, ən azı özünüzü neytral kimi göstərməlisiniz. Onlar bunu belə etməyə çalışmalıdılar. Hazırda biz ABŞ, Rusiya tərəfindən bu səyləri görürük. Siz ola bilsin bilirsiniz ki, iki ölkə – Ermə­nistan və Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub. Avropa formatı var ki, Prezident Şarl Mi­şel ölkə liderləri səviyyəsində bir neçə dəfə görüş təşkil edib. Beləliklə, düşü­nürəm ki, bu, davam etdirilə bilər, lakin yenə də zənnimcə, iki ölkə arasında bir­başa danışıqlar daha səmərəli, faydalı olar. Düşünürəm ki, biz bu istiqamətdə getməliyik. Əlbəttə ki, əgər Ermənistan bunu etməyə hazır olsa”.

***

Prezidentin məlum toplantıdakı fi­kirlərində iki bir-biri ilə əlaqəli məqam da var. Həmin məqamlarda Vaşinqton prosesinin səmərəli olmaması mən­tiqinə köklənməklə, regionun gələcək perspektivləri vurğulanır. Əlbəttə, bu­rada təkcə ABŞ vasitəçiliyinin müm­kün uğursuzluğu əsas götürülmür. Ümumən, Ermənistanın sülhdən yayın­mağının doğuracağı regional durumun üzərinə gəlinir. Azərbaycan Prezidenti danışıqlardakı effektivsizliyin, yəni, İrə­vanın konstruktiv mövqe tutmamasının ölkəmizin planlarına hansısa mənfi tə­sir göstərməyəcəyini vurğulayır. Ancaq məlumdur ki, Ermənistan tutacağı qey­ri-düzgün yolun nəticəsində şanslar­dan məhrum olacaqdır. Bu isə yalnız İrəvanın düşəcəyi xoşagəlməz situasi­ya deyil. 

Diqqət yetirək. 2018-ci il inqilabın­dan sonra Ermənistanın Rusiya yönü­mü Qərb yönümü ilə əvəzləndi. Başqa sözlə desək, Qərb İrəvanı Moskvanın əlindən aldı. Təbiidir ki, həmin proses­də başlıca rolu Ermənistan ictimai rəyi­nin anti-Rusiya köklənişi oynadı. Yəni, erməni xalqı, sıravi vətəndaşlar gör­dülər ki, ölkəni himayəyə götürdüyünü göstərən Moskva onların yaşayışları üçün heç nə etmir. Deməli, indi Qərb nə isə etməlidir. Bəs, hansı yolla? Xa­ricdən gələcək daimi qrantlarlamı? 

Ermənistanın təbii sərvəti yoxdur­sa, prinsip etibarilə bir çıxış yolu qalır ki, o da tranzit ölkəsinə çevrilməkdir. Əlbəttə, o, indi də tranzit əhəmiyyəti daşımaqdadır. Ancaq illər ərzində də belə olub və bu status ermənilərə Ru­siya asılılğından qurtarmağa, müstəqil şəkildə yüksək gəlir əldə etməyə imkan yaratmayıb. Nəzərə alaq ki, Ermənis­tanın turizm potensialını artırmaq üçün də təminatlı maliyyə lazımdır. Bunlar olmadıqda və sülhə gəlməməsi səbə­bindən, ən əsası isə Azərbaycan tərə­findən təcrid durumunda qalacağı üçün ölkədə yenidən Rusiya təsirinin üstün mövqeyə yiyələnməsi mümkündür. Qərbdə bunu çox gözəl anlayırlar. 

Xaricdə onu da yaxşı dərk edirlər ki, Qərbpərəst Paşinyan rejimini saxla­maq üçün, açıq desək, pul çatdırmaq mümkün olmayacaq, onun özünün pul qazanmasına şərait yaranmalıdır. Şərait isə Zəngəzur dəhlizi ideyasının reallaşması ilə yetişməlidir. O ideya ki, “Bir kəmər, bir yol” layihəsinin və ya Şi­mal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. “Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaq­sa, onlar bundan yalnız uduzacaqlar. Çünki bu gün bizim Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz liman­larına çıxışımız var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənis­tanın isə belə fiziki bağlantıları yoxdur”, – deyə dövlətimizin başçısı prinsipləri­ni, eyni zamanda, şərtlərini açıqlayır. Bu açıqlanma isə həm də İrəvanın təc­rid durumunda saxlanılacağının daha konkret mesajıdır. 

Yada salaq ki, Azərbaycan dövləti vaxtilə torpaqlarımızın işğalına görə Er­mənistanı Bakı-Tbilisi-Ceyhan və digər nəhəng regional layihələrdən kənarda qoymuşdu. İrəvan sülhə gəlməsə, eyni kurs davam edəcək. Deməli, sıravi er­məninin Qərbpərəst Paşinyan iqtidarı­nı hakimiyyətə gətirərkən ona bəslədiyi gözlənti də sıradan çıxacaq. Nəticə eti­barilə, proseslər Ermənistanı yenidən Rusiyanın qucağına atacaqdır. 

***

Görünür, indiki məqamda vurğula­dığımız məsələyə həssas yanaşan an­caq ABŞ-dır. Rəsmi Vaşinqton məhz buna görə özünün imkanlarını tam surətdə səfərbər edib ki, İrəvan danı­şıqlar masasına əyləşsin və masada konkret müsbət nəticələr əldə olunsun. Deməli, Prezident İlham Əliyev konf­ransdakı çıxışında əbəs yerə bildirmir ki, Paşinyan administrasiyası konst­ruktiv olmasa, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı digər tədbirlərə əl atmayacaq. Dövlətimizin başçısı bir qədər əvvəl haqqında söz açdığımız məqama, dəqiq ifadə etsək, İrəvanın təcridinin davamlılığına təfsi­latı ilə aydınlıq gətirir. 

Təxminən belə: Ermənistanın sa­hibi kimdirsə, onun gələcəyini də o düşünsün: “Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlə­rinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regi­ondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, bö­yük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə ver­məsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”.

Sonda onu da deyək ki, Azərbay­can Prezidenti İlham Əliyevin “Böyük Avrasiya geosiyasətinin formalaşma­sı: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Bakı-İrəvan münasibətləri və sülh prosesi ilə bağlı səsləndirdiyi fi­kirlər, əslində, Ermənistan üçün növbə­ti xəbərdarlıqdır. Bu fikirlər, həmçinin, tipik erməni xəstəliyinin və avantüris­minin İrəvanı nələrdən məhrum duru­ma düşürəcəyinin ətraflı izahıdır. Artıq nəticə çıxarmaq növbəsi isə təkcə Er­mənistanın deyil, bütövlükdə Qərbindir. Üstəlik, Qərb onu da nəzərə almalıdır ki, Paşinyan hakimiyyətinin bundan sonrakı qeyri-ordinar hərəkətləri və şıltaqlığı fonunda “dəmir yumruq” da yerində olacaqdır. 

 

Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət