“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
Heydər ƏLİYEV
Hələ Sovet İttifaqı dövründə ümummilli liderin 21 aprel 1978-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasının hazırlanmasında, qəbulunda və həmin konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması haqqında 73-cü maddənin daxil edilməsi ilə bağlı böyük xidmətləri olmuşdur. Bu, ümummilli liderin ana dili məsələsindəki prinsipiallığının nəticəsidir.
Azərbaycan Sovet İttifaqı dövründə ana dilinə Konstitusiya səviyyəsində dövlət dili statusu verilmiş yeganə müsəlman respublikası idi. Başqa cür ifadə etsək, həmin dönəmdə Sovet İttifaqının 15 respublikasından yalnız ikisində – Gürcüstanın və Ermənistanın konstitusiyalarında dövlət dili haqqında maddə var idi. Digər respublikaların heç birinin əsas qanunlarında, o cümlədən, Baltikyanı respublikaların konstitusiyalarında belə bir maddə əks olunmamışdı.
Ümummilli liderin rəhbərliyi ilə hazırlanmış Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasının 33-cü maddəsində göstərilirdi ki, Azərbaycan SSR-də qadınlar və kişilər bərabər hüquqlara malikdirlər. Qeyd etmək vacibdir ki, Azərbaycan Sovet İttifaqının tərkibində olmasına baxmayaraq, məhz qadın hüquqları məsələsində dünyanın bir sıra aparıcı və demokratik ölkələrini üstələmişdi.
Əsas Qanun respublikamızın hər bir vətəndaşına təhsil almaqda, seçdiyi ixtisas üzrə işləməkdə bərabər hüquq və təminatlar verir, hərtərəfli ahəngdar inkişaf üçün hər cür şərait yaradırdı.
Ümummilli liderin 1969–1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər saldıqda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə böyük təcrübəsi və siyasi iradəsi sayəsində ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsinə nail olaraq müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.
Ümummilli lider 1993-cü ildə xalqı və dövləti böyük təhlükələrdən qorumaq üçün xalqın təkidli xahişinə cavab verərək hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərpa etmiş, eyni zamanda insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquqi islahatların müəllifi olmuşdur. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində bütün sahələrin inkişafında tərəqqi dövrü başlanmışdı. Məhz bu dövrdə ölkəmizin inkişafı və çiçəklənməsi üçün fundamental işlər görülmüşdü.
Heydər Əliyev şəxsiyyətinin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi müəyyən etdi. Konstitusiyanın 48 maddəsi əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur.
Azərbaycan Respublikasının Kon-stitusiyası insan hüquqlarının təsbitində paternalizm konsepsiyasından qətiyyətlə imtina etdi. Əsas Qanunda insan hüquq və azadlıqları dövlət hakimiyyəti iradəsinin təzahürü kimi insanın mövcudluq faktı, insanın təbiəti ilə şərtlənən azadlıq ölçüsü kimi götürülməklə, insan hüquqlarının təsbiti və müdafiəsi təbii hüquq norması üzərində quruldu.
Konstitusiyanın 24-cü maddəsinin ikinci hissəsində bildirilir ki, "hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır". Bu müddəanın söykəndiyi fəlsəfəyə görə insan hüquqları onların normativ təsbitindən kənar və asılı olmayaraq mövcuddur və konstitusiyamızda öz əksini tapmış əsas hüquq və azadlıqların siyahısına daxil olmaqla insan hüquqlarının qanunvericilikdə, xüsusilə, Əsas Qanun səviyyəsində pozitivləşdirməklə onların dəqiq hüquqi prosedurlar vasitəsilə lazımi müdafiəsi üçün prinsipial əhəmiyyət kəsb edir.
İnsan hüquqları sahəsində beynəlxalq standartları adekvat əks etdirməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin ikinci hissəsində, eyni zamanda belə bir mütərəqqi müddəa nəzərdə tutulmuşdur – "Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir".
İnsan hüquqlarının konstitusiya təsbitinin əsasında duran mühüm prinsiplərdən biri də Əsas Qanunun 25-ci maddəsində əks olunmuş bərabərlik hüququdur. Belə ki, bərabərlik hüququnu təmin etmədən insanın bütün digər hüquq və azadlıqlarının real qorunmasına nail olmaq mümkün deyildir. Buna görə də konstitusiyanın 25-ci maddəsində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Konstitusiyada Azərbaycan Respublikası vətəndaşlarının siyasi hüquq və azadlıqları da geniş təsbit olunmuşdur. Seçki və dövlətin idarə olunmasında iştirak etmək hüququ bütün digər siyasi hüquq və azadlıqları ehtiva edən ən ümumi hüquqlardır.
Konstitusiyada öz əksini tapmış digər siyasi hüquq və azadlıqlar arasında vətəndaşlıq hüququnu, cəmiyyətin siyasi həyatında iştirak etmək hüququnu, dövlət orqanlarına şəxsən və ya kollektiv surətdə şikayət və təkliflər göndərmək və bu orqanların fəaliyyətini tənqid etmək imkanı verən müraciət hüququnu qeyd etmək olar.
Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaşların sosial-iqtisadi və mədəni hüquq və azadlıqlarının təsbit edilməsində də prinsipcə yeni ideologiyaya əsaslanır. Bu, ilk növbədə, onunla bağlıdır ki, vətəndaş cəmiyyətinin mənafeyinin dövlət mənafeyindən üstün olduğu elan edilir. Buna əsaslanaraq, Əsas Qanun mühüm hüquq olan mülkiyyət hüququna, o cümlədən əqli mülkiyyət hüququna təminat verir. Əmlakın tam müsadirəsinə yol verilmir.
Ümummilli lider Heydər Əliyev göstərirdi ki, "bizim konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini əks etdirir. O, Azərbaycan Respublikasında demokratik hüquqi dövlətin qurulmasını, ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir. Bu, bizim özümüzün Konstitusiyamızdır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır". Ulu öndər yazırdı: "Konstitusiya elə bir sənəddir ki, o, gərək uzun müddət yaşasın. Onun ömrü uzun olmalıdır. Konstitusiya elə bir sənəddir ki, o dövlətin təməl dirəklərindən birini təşkil etməklə yanaşı, uzunmüddətli proseslərə təsir gücünə malik olaraq həm bu günü, həm də gələcəyi tamamilə əks etdirə bilməlidir".
Konstitusiyanın 23-cü maddəsi Azərbaycan dilinin dövlət dili olmasını özündə əks etdirir. Ümummilli lider söyləyirdi: "Dil ən böyük sərvətdir. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür, şəxsən mən bu dili sevirəm. Ana dilini bilməyən tarixini bilməz". Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli liderin adı ilə bağlıdır. Belə ki, yeni konstitusiyada seçkili bələdiyyə orqanlarının yaradılması nəzərdə tutulmuşdur. Əsas Qanunun dördüncü bölməsi bütövlükdə yerli özünüidarəetməyə həsr olunmuşdur. Adıçəkilən bölmədə öz əksini tapmış 142-ci maddədə göstərilir ki, yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.
Ulu öndərin təşəbbüsü ilə 2 iyul 1999-cu ildə "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu və "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu, 7 dekabr 1999-cu ildə "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, 14 aprel 2000-ci il tarixdə "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə bələdiyyələrlə bağlı digər qanunlar qəbul edilmişdir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən hüquqi sənəd olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir. İlk dəfə olaraq konstitusiyada hakimiyyətin yeganə mənbəyinin xalq olması prinsipi öz əksini tapmışdır. Həmçinin hakimiyyət bölgüsü – qanunverici, icra və məhkəmə hakimiyyətləri kimi təsbitini taparaq onların səlahiyyətləri, hüquq və vəzifələri müəyyən edilmişdir.
Prezident Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan Konstitusiyanın suveren Azərbaycanın müstəqillik yolunda daha inamla addımlamasında, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında rolu danılmazdır. Əsas Qanunda öz əksini tapmış bir çox müddəalar, əslində, dahi şəxsiyyətin ideya və baxışlarının, hüquqi düşüncələrinin təcəssümüdür.
Ümummilli liderin hakimiyyətə yenidən gəldiyi gündən gördüyü işlərə nəzər saldıqda çox əhəmiyyətli bir inkişaf dialektikasının şahidi oluruq. Belə ki, əvvəl dövləti yaratmaq, sonra şəxsiyyətin ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar hüquqlarına təminat verilməsi konstitusiyanın mühüm müddəalarından biridir. Bu müddəa hüquqi yardım almaq, məhkəmədə müdafiə olunmaq, vəkilin köməyindən istifadə etmək, məhkəmə qərarlarından şikayət vermək, təqsirsizlik prezumsiyası hüququnu və digər hüquqları əhatə edir.
Ulu öndərin apardığı humanist siyasət nəticəsində 1995-ci ildə amnistiya və əfv təsisatları bərpa edilmişdir. Ümummilli liderin hakimiyyəti dövründə 1996–2003-cü illər ərzində 7 amnistiya aktı qəbul edilmiş, əfv qaydasında 3091 şəxs müxtəlif cəzalardan azad edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə hüquq yaradıcılığı əhəmiyyətli dərəcədə fəallaşdı və qüvvədə olan qanunvericilik aktlarının konstitusion normalara uyğunlaşdırılmasına başlanıldı.
Ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün səmərəli mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması üçün bir sıra mühüm addımlar atıldı. İslahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edildi, respublikamız müxtəlif konvensiyalara qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirildi. Cəmiyyətdə hüquq münasibətləri sisteminin xarakterində müsbət dəyişikliklər baş verdi, genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə icraatının mahiyyətcə yeni modelinin yaranması prosesinə başlanıldı.
Ümummilli liderin təşəbbüsü ilə həmçinin 10 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiyasının müddəaları əsasında işlənib hazırlanmış "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Qanun ölkədə üçpilləli məhkəmə sistemini nəzərdə tutur. Apellyasiya qaydasında işlərə baxılması prosedurunu özündə ehtiva edən prinsip də həmin Qanunla müəyyənləşdirilir. Ölkəmizdə bu sistem üzrə yaradılmış məhkəmələr 1 sentyabr 2000-ci il tarixdən fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Kon-stitusiyası əsasında 29 dekabr 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edildi. Ulu öndərin təşəbbüsü ilə 24 avqust 2002-ci il tarixdə keçirilmiş referendumda Əsas Qanun daha da təkmilləşdirildi və ilk dəfə olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapdı. 24 avqust 2002-ci il tarixdə Konstitusiyaya edilmiş dəyişikliklər mühüm əhəmiyyətə malik olmuş, həmçinin Konstitusiya Məhkəməsinin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan vermişdir. Belə ki, 2002-ci il Konstitusiya islahatlarından sonra ayrı-ayrı şəxslərə, məhkəmələrə və Ombudsmana da Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verilmişdir. Şübhəsiz ki, bütün bunlar, ilk növbədə, Konstitusiya Məhkəməsinin timsalında hüquqların müdafiəsi üçün əhəmiyyətli bir vasitənin əldə edilməsi deməkdir. Xüsusilə də konstitusiya şikayətinin verilməsinin mümkün olduğu məsələlərin dairəsi daha geniş müəyyən edilmişdir. Təcrübəyə əsaslanaraq deyə bilərik ki, fərdi şikayət institutu Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli vasitələrindən biri kimi insan hüquq və azadlıqlarının müdafiəsi baxımından kifayət qədər effektiv imkanlar yaradır.
Bildirməyi zəruri hesab edirik ki, Konstitusiya Məhkəməsinin mövcud olduğu ölkələrin əksəriyyətində şikayətin predmeti yalnız iş üzrə tətbiq edilən və ya edilməli olan qanunun Konstitusiyaya uyğunluğu məsələsi ola bilər. Halbuki ölkəmiz daha mütərəqqi təcrübəni qəbul edərək konstitusiya şikayətinin predmetinə normativ hüquqi aktlarla yanaşı, məhkəmə və bələdiyyə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını da daxil etmişdir.
Ümummilli liderin təşəbbüsü ilə 24 dekabr 2002-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu tənzim etdiyi məsələlərin dairəsinə görə xüsusi önəm kəsb edir. Həmin Konstitusiya Qanunu Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" beynəlxalq Konvensiyaya uyğunlaşdırmaq məqsədi daşıyır. Ümummilli lider qeyd edirdi ki, insan hüquqları olmayan ölkədə vətəndaşlıq hüququndan danışmaq yersizdir. Məhz insan hüquqlarının genişləndirilməsi cəmiyyətin inkişafına, demokratiyanın təntənəsinə şərait yaradır. Hər bir insan azaddır, lakin hər bir vətəndaşın hüquqlarını ölkənin demokratik qanunları müəyyənləşdirir.
Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikada dövlət quruculuğu prosesi təşkil etmək idi ki, ümummilli lider bunu uğurla həyata keçirdi. İnsan, söz və din azadlığı – bunların hamısı demokratik, sivilizasiyalı cəmiyyətin yaranmasına inkan verən şərtlərdir ki, müstəqil Azərbaycan dövlətində məhz 1993-cü ildən başlayaraq, bu prinsiplər bərqərar olmağa başladı. Ümummilli liderin hakimiyyətə gəlişi ilə insan hüquqlarının qorunması üçün bütün təminatlar yaradıldı. Ulu öndər and içdiyi kimi, Azərbaycan Respublikasının demokratik hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı oldu.
Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün də çox etibarlı və mübariz əllərdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk illərdən başlayaraq, kompleks islahatlar həyata keçrilməklə, qanunvericiliyin təkmilləşdirilməsi, ordu quruculuğu və ümumiyyətlə, bütün sahələrdə iri addımlarla inkişaf mərhələsinə qədəm qoyuldu. Cənab Prezidentin böyük səyi nəticəsində ölkəmiz tamhüquqlu dövlət kimi dünya siyasi xəritəsində öz layiqli yerini tutmaqla, regionda söz sahibinə çevrildi.
Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və peşəkarlığı ilə 30 illik işğala son qoyuldu. Bu tarixi zəfərlə məğlubiyyət damğasını üzərimizdən götürdük və bütün dünyada qalib dövlət, qalib xalq kimi yenidən tanındıq, xalqımız qalibiyyət sevincini yaşadı.
Bu qələbənin müəllifi İlham ƏliyevinMüzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusudur. Azərbaycan Respublikası ordu quruculuğunu intensiv şəkildə həyata keçirən, müasir döyüş imkanlarına malik ölkə kimi 44 günlük Vətən müharibəsi ilə Azərbaycan Ordusunun tarixi qələbəsi ilə yadda qaldı.
Ənvər SEYİDOV,
hüquq elmləri doktoru,yazıçı