Azərbaycanda meliorasiya və su təsərrüfatı sisteminin inkişafı ulu öndərin adı ilə bağlıdır

post-img

(əvvəli “Xalq qəzeti”nin ötən sayında)

1991-1993-cü illərdə respublikamız­da cərəyan edən mürəkkəb proseslər – siyasi böhranın, anarxiya mühitinin dərin­ləşməsi, xalqın canı-qanı bahasına əldə etdiyi dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması bu reallığı bir daha təsdiqlə­di ki, yalnız böyük etimada malik liderlər xalqlarının müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər.

“Оlum, ya ölüm” dilemması qarşı­sında qalan xalq 1993-cü ilin iyununda qəti qərar verərək böyük dövlət xadimi Heydər Əliyevin Bakıya dəvət olunması­nı, hakimiyyətin ona verilməsini tələb et­mişdir. Xalq öz tələbində israrlı idi, çünki Heydər Əliyevi tanıyırdı, heç bir qüvvə onu bu qərarından döndərə bilməzdi. 1993-cü il iyunun 9-da xalqın israrlı tələb­lərindən sonra Heydər Əliyev Bakıya gəldi. Xalq dərindən nəfəs aldı, rahatlıq tapdı: ağıl və zəka, Heydər Əliyev dühası düşmən qarşısında ən etibarlı sipər idi. 

Siyasi hakimiyyətə qayıdan Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə Azərbaycanda cövlan edən mürəkkəb prosesləri təhlil edərək, məmləkətin tarixi taleyinin xilası yolunda qəti addımlar atdı. 

Müstəqilliyin ilk illərində ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi sa­bitliyin bərpasına nail olmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin əsaslarını yaratmaq imkanlarını nəzərdən keçirdi. Bunun üçün, ilk növbədə Azərbayca­nın zəngin karbohidrogen ehtiyatlarının ölkənin gələcək inkişafına yönəldilməsini nəzərdə tutan neft strategiyası işlənib ha­zırlandı. Ümummilli liderin müəllifi olduğu yeni neft strategiyası müstəqil Azərbay­canın dinamik inkişafı üçün möhkəm təməllər yaratdı.

Ulu öndər Heydər Əliyev dahi və nü­fuzlu bir şəxsiyyət olaraq özünün parlaq zəkası ilə Azərbaycanı olduqca mürək­kəb zamanın dalğaları arasından sala­mat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Ümum­milli lider respublikamızı üzləşdiyi bir çox faciələrdən qurtardı, müdrik və uzaq­görən addımları ilə onu davamlı, sabit inkişaf yoluna çıxardı, irəli sürdüyü döv­lətçilik konsepsiyası mahiyyət etibarı ilə Azərbaycanın tarixi ənənələrini və müa­sir Avropa dəyərlərini birləşdirən yeni in­kişaf modeli kimi özünü doğrultdu. 

İctimai - siyasi sabitliyi və sosial- iq­tisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə daya­nıqlı milli birliyə nail olmaq üçün hər şey­dən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirdi. Özünəməxsus müdrikliklə bəyan etdi ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaş­dırmaq, bazar iqtisadiyyatı və demokrati­ya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. O, Azərbay­canda milli dövlətçiliyin prioritet inkişaf is­tiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə aldı. 

Ümummilli lider özünün zəngin iq­tisadi bilik və təcrübəsi əsasında Azər­baycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahə­də mövcud problemlərin həlli yollarını el­mi-nəzəri və praktiki əsasda göstərmiş, ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini özünəməxsus entuziazmla irəli sürmüş, onun həyata keçirilməsinə çalışmışdır. Demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri – xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qey­ri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi pri­oritet seçilmişdir. İqtisadi sahədə həya­ta keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını tə­min etmək məqsədi dayanmışdır. 

1993 -1995 - ci illərdə Heydər Əliye­vin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial - iq­tisadi siyasət aparmaq və beynəlxalq iq­tisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995 - ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəti­cəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlərə, xüsusilə də aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aq­rar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə edilmişdir.

Aqrar islahatının bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi ba­zası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı.

Bu sənədlərdən ən mühümü ümum­milli lider tərəfindən 1996-cı ildə imzalan­mış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli fərmanıdır.

Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəy­yənləşdirildi. Qanun meliorasiya və ir­riqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya təd­birlərinin aparılma qaydalarını müəyyən etdi. 

Yaranmış vəziyyətdən çıxmaq, sudan istifadənin səmərəliliyini yüksəltmək, me­liorasiya və irriqasiya obyektləri üzərində mülkiyyət münasibətlərini təkmilləşdir­mək və sahənin gələcək inkişafına xari­ci investisiyaların cəlb olunmasını təmin etmək məqsədilə müvafiq islahatların həyata keçirilməsinin vacibliyini vurğula­mışdır.

Müstəqilliyinin başlanğıcında ölkə­mizin iqtisadi çətinliyinə baxmayaraq, ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrü­fatı sahəsinə yönəldilmişdir. Xarici in­vestisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhə­miyyət kəsb edən 11 obyekt seçilmiş və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil - Muğan kol­lektorunun tikintisinin, Samur - Abşeron suvarma sisteminin yenidən qurulması­nın və Naxçıvan Muxtar Respublikasın­da Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alın­mışdır.

Həmin illərdə Azərbaycanın maliy­yə vəziyyəti içməli su təchizatı sekto­runda da böyük layihələri həyata keçir­məyə imkan vermirdi. Bunu nəzərə alan ümummilli lider əhalinin su təminatının yaxşılaşdırılması üçün beynəlxalq ma­liyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürür. 1995-ci ildə Ceyranbatan və Kür sutəmizləyici qur­ğularının yenidən qurulması üçün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından dövlət zəmanətli kreditlə­rin cəlbi üçün danışıqlara başlanıldı. O zaman beynəlxalq maliyyə qurumları yenicə müstəqillik qazanmış postsovet ölkələrinə irihəcmli güzəştli kredit ayır­mağa ehtiyatla yanaşırdı. Heydər Əli­yevin nüfuzu sayəsində bu məsələ də müsbət həllini tapdı və “Böyük Bakının su təchizatı sisteminin yenidən qurul­ması” layihəsinə güzəştli şərtlərlə 88,7 milyon dollar güzəştli kredit ayrıldı. Bu vəsait hesabına Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparıldı, su təsərrü­fatının maddi-texniki bazası gücləndirildi. Həyata keçirilmiş tədbirlər nəticəsində suyun keyfiyyət göstəricilərinin standart­lara uyğunlaşdırılması paytaxt sakinləri­nin təmiz içməli su ilə təminatına imkan yaratdı. 

Ümummilli lider Heydər Əliyevə İs­lam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kol­lektorunun tikintisinin davam etdirilmə­sinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

Xarici maliyyə qurumlarının krediti və respublika büdcəsindən ayrılan və­sait hesabına 2000-2006-cı illərdə 81,2 kilometr uzunluğunda Baş Mil-Muğan kollektorunun tikintisi yüksək keyfiyyətlə tikilərək istifadəyə verildi.

Baş Mil-Muğan kollektorunun istis­mara verilməsi ilə 500 min hektar suva­rılan torpaqların meliorativ vəziyyətinin yaxşlaşdırılmasına və onun xidmət etdiyi ərazidə kənd təsərrüfatı məhsulları isteh­salının artırılmasına imkan yarandı.

Samur - Abşeron suvarma siste­mi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı - Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələri­ni içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrü­fatı obyektləri olduğunu müəyyən edən ulu öndərimiz Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşe­ron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Tax­takörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisinin başa çatdırılması ideyasını verdi. 

Hazırda bu sistemin istifadəyə veril­məsi ilə respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdı­rılmış və 30 min hektar yeni suvarılan torpaqlar su ilə təmin olunmuş, Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və tex­niki suya olan tələbatının 60 faizi təmin edilmişdir.

1990-cı illərin ikinci yarısında neft gəlirlərinin artımını nəzərə alaraq, böyük uzaqgörənlik nümayiş etdirən Heydər Əliyev Bakının dayanıqlı və keyfiyyətli su təchizatı üçün Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı təşəb­büslə çıxış etdi. 2002-ci il dekabrın 19-da keçirilən müşavirədə ulu öndər pay­taxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirdi. Bu məqsədlə Oğuz-Qəbələ zonasının yeral­tı sularının öyrənilməsi barədə tapşırıq verdi. Ulu öndərin irəli sürdüyü bu ideya Heydər Əliyev kursunun layiqli davamçı­sı möhtərəm Prezident İlham Əliyev tərə­findən uğurla həyata keçirildi. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 28 dekabr 2010-cu ildə istisma­ra verildi. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Oğuz-Qə­bələ-Bakı su kəmərinin istifadəyə veril­məsi ilə Bakı şəhərinin içməli su təchiza­tında sabitlik təmin olundu.

Ulu öndərin “Bakıya bol-bol su gətirə­cəyik” ideyasına sadiq qalan Prezident İlham Əliyev paytaxtın dayanıqlı içməli su təminatı üçün yeni təşəbbüslərlə çıxış etdi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gö­lünün yaxınlığında ultrasüzgəc texnologi­yasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Məhsuldarlığı saniyədə 6 kubmetr olan bu qurğu Abşeron ya­rımadasında yaşayan 1 milyona yaxın insanın içməli su təminatına öz töhfəsini verməkdədir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin 1970-1980-ci illərdə baş­ladığı işlərin məntiqi davamı olaraq, cə­nab Prezidentin rəhbərliyi ilə Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, ölkənin regionlarında da mühüm su və kanaliza­siya layihələri icra olundu. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq 33 şəhər və rayon mərkəzində içməli və tullantı su, 13-də içməli su şəbəkələrinin, 20-də isə tullantı sutəmizləyici qurğuları­nın tikintisi, əhalisinin sayı 1 milyon 500 min nəfər olan 1000-dən çox kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər başa çatdırıldı. 

“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim tor­pağımdır” – deyən ulu öndər bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət etmişdir.

Heydər Əliyevin Azərbaycan dövlət­çiliyi qarşısında ən böyük tarixi xidmətlə­rindən biri dünyanı bürümüş iqtisadi böh­ranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfin­dən əsası qoyulmuş uğurlu inkişaf strate­giyasının davam etdirilməsi kimi çox bö­yük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik olan cənab İlham Əliyevi xalqımıza bəxş etməsidir.

Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə ulu öndər Heydər Əliyevə minnətdardır. Xalqımız ümummilli liderə həm də ona görə min­nətdardır ki, İlham Əliyev kimi lideri bizə bəxş etdi. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixi­nin ən qüdrətli dövrünü yaşayır. Bu gün bütün dünya Azərbaycana qibtə edir, uğurlarımız, qələbələrimiz heyranlıqla qarşılanır. Xüsusilə 44 günlük Vətən mü­haribəsindəki tarixi Zəfərimiz Azərbayca­nı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqti­sadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirdi və 44 günlük Vətən mühari­bəsində parlaq Qələbənin qazanılmasına güclü zəmin yaratdı.

İki ildir ki, böyük qürurla bəhs etdi­yimiz tarixi zəfərimiz və onun əsasında işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri böyük səylərin, qətiyyətin, dəyişməz mövqeyin, ümumiləşdirilmiş şəkildə qeyd etsək, ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir.

Çox böyük fəxarətlə qeyd etmək olar ki, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər is­tiqamətlərdə böyük nailiyyətlər əldə olu­nur.

Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmış, beynəlxalq nüfuzu artmış, 30 ilə yaxın bir müddətdə işğal al­tında olan əzəli və doğma Qarabağımız işğaldan azad edilmişdir. Ölkədə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərə­findən yüksək qiymətləndirilir. Ölkəmizdə təhlükəsizlik və sabitlik təmin olunub.

Hazırda Azərbaycan Dövlət Su Eh­tiyatları Agentliyinin kollektivi fenomen şəxsiyyət Heydər Əliyevin anadan olma­sının 100 illiyinin qeyd edilməsinə böyük coşqu ilə hazırlaşır və onun əziz xatirə­sinə ehtiram əlaməti olaraq, Azərbay­can Respublikası Prezidentinin rəhbərli­yi altında iqtisadiyyatımızın inkişafında mühüm əhəmiyyət kəsb edən meliora­siya və su təsərrüfatı sahəsində müasir idarəetmə sisteminin təşkili, innovativ metodların, yeni suvarma texnologiyala­rının və texnikanın tətbiqi, coğrafi elekt­ron informasiya sisteminin yaradılması, işğaldan azad olunan ərazilərdə Xaçın­çay, Köndələnçay su anbarının və ma­gistral kanalının təmir-bərpası, Tərtərçay sol sahil kanalının yenidənqurulması və digər bu kimi işlər uğurla davam etdirilir. Eyni zamanda, Ağdam, Füzuli və Cəbra­yıl rayonlarının ərazilərində meliorasiya və su təsərrüfatı komplekslərinin bərpa­sı, eləcə də Qız qalası su anbarından su götürən magistral kanalın tikintisinin, su tutumu 90,8 milyon kubmetr olan Həkə­riçay və Qubadlı rayonu ərazisində yer­ləşən sututumu 67 milyon kubmetr olan Bərgüşadçay su anbarlarının texniki-iqti­sadi əsaslandırmasının və layihə sənəd­lərinin hazırlanması, Qubadlı və Zəngilan rayonlarının 12 min hektara yaxın əkin sahələrinin suvarma suyu ilə təmin edil­məsi üçün sututumu 26,7 milyon kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına başlanıl­mışdır.

Cari ildə Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonları üzrə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası ilə əlaqədar texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılacaqdır.

Şuşa və Laçın şəhərləri, Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam, Cəbrayıl və Füzuli rayonlarında içməli su təchizatı­nın bərpası məqsədilə təxirəsalınmaz işlər görülmüşdür. Bəzi ərazilərdə yeni layihələrin icrasına başlanılmışdır. 

2021-ci ildə Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulma­sı layihəsi üzrə işlərə başlanılmış, Kiçik Kirs-Şuşa magistral su kəmərinin istisma­ra yararsız 5,3 kilometrlik hissəsi polad borularla yenilənmiş, şəhərin perspektiv inkişafı nəzərə alınaraq alternativ mənbə yaradılmışdır. Layihə çərçivəsində Zarıslı çayının məcrasında tutumu 25 min kub­metr olan sutoplayıcı bənd, nasos stan­siyası, 2,6 kilometr uzunluğunda yeni kəmər inşa edilmiş və 2022-ci ilin dekab­rında mənbədən şəhərə suyun verilməsi təmin olunmuşdur. Hazırda şəhərin relyef baxımından hündür nöqtələrində mərkə­zi su anbarlarının tikintisi davam etdirilir. Növbəti mərhələdə şəhərdaxili su, ka­nalizasiya və yağış suları şəbəkələrinin, içməli və tullantı sutəmizləyici qurğuların, nasos stansiyasının inşası nəzərdə tutu­lur.

Laçın şəhərinin içməli su və kanali­zasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası da uğurla davam et­dirilir. Layihə perspektiv inkişaf nəzərə alınmaqla 18 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinə hesablanmışdır. Şəhəri dayanıqlı və key­fiyyətli içməli su ilə təmin etmək məqsə­dilə Sus kəndi ərazisində 6 subartezian quyusu bərpa edilir, quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu inşa olunur. Su mənbəyindən 426-114 mm diametrli po­lad borularla 10 kilometr uzunluğunda yüksəktəzyiqli magistral su kəmərinin, nasos stansiyasının, ümumi tutumu 4 min kubmetr olan 9 anbarın tikintisi və bərpası işləri davam etdirilir. İnşası plan­laşdırılan 58 kilometrlik içməli su və 49 kilometr tullantı su şəbəkəsinin böyük hissəsi artıq inşa edilmişdir. 

Ağdam, Füzuli və Cəbrayıl şəhərləri­nin baş planlarına uyğun olaraq, su mən­bələri müəyyən edilərək anbarların, ma­gistral su kəmərlərinin şəhərdaxili içməli və tullantı su şəbəkələrinin, təmizləyici qurğuların layihələri hazırlanmışdır.

Suqovuşan qəsəbəsinin və Talış kəndinin dayanıqlı su təminatı məqsə­dilə subartezian quyuları bərpa edilmiş, quyu zonasından 3 kilometr uzunluğun­da magistral su xətti çəkilmiş, paylayıcı şəbəkələr yenidən qurulmuşdur. 

Bu və digər tədbirlərin həyata keçi­rilməsi su ehtiyatlarından səmərəli is­tifadə edilməsinə, əhalinin içməli suya olan tələbatının ödənilməsinə, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və nəti­cədə ölkə əhalisinin daxili istehsal hesa­bına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına geniş imkanlar yaradacaqdır.

Fəxarət hissi ilə qeyd etməliyik ki, meliorasiya və su təsərrüfatı sahəsində qazandığımız hər bir uğurun əsasın­da məhz ulu öndərin ideyaları, vaxtı ilə müəyyən etdiyi strateji təməllər dayanır.

Böyük dövlət xadimi və dahi şəxsiy­yət Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev si­yasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzm və uğurla davam etdirilir. Heydər Əli­yev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çə­tin görünsə də, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu işin öhdəsindən layiqincə gəlir və öz fəaliyyəti ilə artıq sü­but etmişdir ki, Azərbaycan xalqını xoş­bəxt gələcəyə aparan böyük liderdir. 

Bütün Azərbaycan xalqı kimi, biz çoxminli melioratorların və su təsərrüfatı işçilərinin də ümummilli liderə, bu dahi şəxsiyyətə ehtiramı və ümumxalq sev­gisi əbədidir. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi, biz də dərin iftixar hissi ilə qeyd edirik ki, müasir müstəqil Azər­baycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir.

İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma Azərbaycanda Heydər Əliyevin adı daim yaşayacaq, xatirəsi hörmət və ehtiramla yad ediləcəkdir.

Zaur MİKAYILOV,
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri



Sosial həyat