Filosoflar yazır ki, xalqların taleyində mühüm rol oynamış şəxsiyyətlər, bir qayda olaraq, tarixin gedişinə təsir göstərir və xilaskar missiyaları ilə yeni bir tarix yaradırlar. XX əsrdə xalqımızın yetirdiyi qeyri-adi və fenomen şəxsiyyət - Ümummilli liderimiz Heydər Əliyev də məhz hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan və tükənməz fitri istedad sahibi olan Heydər Əliyev doğma xalqının dərdlərinə dərindən bələd olan, hələ çox gənc ikən məkrli qonşuların min bir hiyləsini öz gözləri ilə görən, mükəmməl təhsil almış, o cümlədən tarixi biliklərə dərindən yiyələnmiş, son dərəcə geniş dünyagörüşünə və konkret biliklərə malik olan, doğma xalqını və yurdunu hədsiz məhəbbətlə sevən nadir tarixi şəxsiyyət idi. O, yarım əsrdən artıq zəngin idarəçilik təcrübəsinə malik olan, müxtəlif xarakterli və səviyyəli idarəçilik sistemlərinin bütün incəliklərinə bələd olan, sovet məkanında kiçik bir xalqın oğlu olmasına baxmayaraq, dünyanın altıda birini əhatə edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan, Qorbaçovun təqib və hiylələrindən sarsılmayıb yenidən böyük siyasətə qayıtmış nadir sima idi. Polad iradə sahibi idi. Planetimizin bugünkü siyasətini müəyyənləşdirən dünya liderləri içərisində seçilən-sayılan, hamı tərəfindən qəbul olunan əzəmətli şəxsiyyət idi. Keçid dövrünün mürəkkəb burulğanından Azərbaycanı xilas etmək üçün Ulu Tanrının xalqımıza, Vətənimizə bəxş etdiyi ümummilli lider idi!
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında Ulu Öndərin xalq və dövlət qarşısındakı xidmətləri xüsusi vurğulanır. Anadan olmasının 100 illiyi təkcə Azərbaycanda deyil, digər ölkələrdə də silsilə anım tədbirləri ilə qeyd edilən Ümummilli Lider Heydər Əliyev XX əsrdə xalqımızın dünya tarixinə və siyasi səhnəsinə bəxş etdiyi böyük şəxsiyyətlərdəndir. Tarixi şəxsiyyətlərin gördüyü işlərdən, dövlət, xalq qarşısında xidmətlərindən bəhs edərkən keçilən yola nəzər salmaq tələb kimi qarşıya qoyulur. XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənəsi tarixin bizə bəxş etdiyi milli sərvətdir. Bu sərvətin dəyəri illər keçdikcə daha dərindən dərk olunur.
Xalqımız qərinələr boyu qazandığı dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salıb, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək həddə nümayiş etdirib. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol, əslində, məhz dahi öndərimizin hakimiyyətə gəlişindən sonra başlayıb. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafına nail olmuşdur. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Ulu öndərin gərgin əməyi nəticəsində, Azərbaycan onun hakimiyyətinin birinci erasında-1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün şərait yaradıldı. Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Ulu öndərin bu fəaliyyəti ilə təkcə, İttifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanının möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoydu. Onun ikinci hakimiyyət illərində isə Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə çox böyük işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının reallaşmasına çalışan Ümummilli Lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çatdırmaq üçün əlindən gələni əsirgəməmişdir. Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gələrkən sosial-iqtisadi böhran keçirən Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə qaldırmışdır. Hakimiyyətdə olduğu illərdə respublikada yüzlərlə yeni müəssisə, istehsalat sahələri yaradılmış, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa edilmişdir. Heydər Əliyev ölkə rəhbərliyində yüksək vəzifədə çalışarkən öz iti zəkası, yüksək erudisiyası, siyasi uzaqgörənliyi, yorulmaz fəaliyyəti ilə daim diqqət mərkəzində idi.
Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Xalq ən ağır günlərini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Lakin onun birinci hakimiyyəti dövründəki abad Azərbaycandan heç nə qalmamışdı. Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş sülhü təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı. Yaxın keçmişimizdə baş verən hadisələrə qiymət verməyi bacaran hər bir insan dərk edir ki, Heydər Əliyev qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ümummilli Liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Dahi Şəxsiyyətin adı ilə bağlıdır. 1998-ci il oktyabrın 11-də Ulu Öndər yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Ümummilli Liderə olan sonsuz etimadı, məhəbbəti, inamı bir daha sübut edirdi. Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir. Ulu Öndər həmin dövrdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqilliyi daha da möhkəmləndirilmiş Azərbaycanı bəxş etdi. Sevindirici haldır ki, Ulu Öndərimizin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir. Bütün beynəlxalq təşkilatlar birmənalı şəkildə etiraf edirlər ki, Azərbaycanın inkişafı sürətlənib, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib.
Ulu öndərin atdığı qətiyyətli addım sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarmışdır. Həm də bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: Saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və sərmayə qoymaq olar. “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda həlledici rol oynadı. Bununla da iqtisadiyyatımızın inkişafında ilk addımlar atılmağa başlandı. İqtisadiyyatın inkişafının təmin olunması və effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil etmiş və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılmışdır.
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ümumrespublika miqyasında böyük ruh yüksəkliyi ilə qeyd olunmaqdadır. Bununla yanaşı 2023-cü ildə ulu öndər Heydər Əliyevin müasir Azərbaycan Respublikasının Prezidenti seçilməsindən də 30 il keçir. Bu isə o deməkdir ki, xalqın təkidi ilə 30 il öncə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi və siyasi inkişaf strategiyası bu gün də yaşayır və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf erasına qədəm qoyur. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.Ən əsası isə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.Prezident İlham Əliyev 19 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. «Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur» - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə, eyni zamanda, Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. «Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir»,- deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. «Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm». Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur.Bütün bu kimi əhəmiyyətli amillər isə həm də o deməkdir ki, müqəddəs, sarsılmaz və qüdrətli dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət dövlət başçımız tərəfindən qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə başlatdığı işlər sahəsində gördüyü nəhəng layihələri respublikamızın Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. Məqsəd isə birdir – Azərbaycan xalqının daha xoşbəxt və firavan yaşamasının təmin edilməsi, ölkəmizin adının ən yüksək zirvələrdə çəkilməsi. Bizlər də hər bir vətəndaş kimi inanırıq ki, Azərbaycanı, onun xalqını daha uğurlu gələcək gözləyir. Azərbaycanın dahi oğlu Ümummilli Lider Heydər Əliyevin əməlləri, müqəddəs ideyaları və arzuları xalqımızın qəlbində əbədiyyən yaşayacaq, yaşadılacaqdır!
Şahin MƏNƏFOV,
Neftçala Rayon Statistika İdarəsinin rəisi