NATO da süni intellektə  ehtiyatla yanaşır

post-img

Süni intellektin sürətli inkişafı bu texnologiyaları iş prosesimizə inteqrasiya etməyə imkan verir. “ChatGPT” və “Midjourney” kimi məhsuldar süni intellektlər dünyada liderlik edir. Lakin süni intellektin edə biləcəklərinin heç bir həddi yoxdur və onun davamlı inkişafı da narahatlıqlara səbəb olur. Bu sürətli inkişafın qarşısının alınması üçün şirkətlərə məktublar ünvanlanmağa başlanıb. Məsələn, “OpenAI” şirkətinin “ChatGPT”nin növbəti versiyasının yaradılması gecikdirilir. Bu inkişafın narahat etdiyi qurumlardan biri də NATO-dur. Belə ki, alyans süni intellekt texnologiyalarına nəzarət etmək üçün yeni qaydalar üzərində işləməyə başlayıb. Xəbəri “bbc.com” saytı verib.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, orduda süni intellekt və digər texnologiyalardan təhlükəsiz istifadə üçün yeni qaydalar üzərində işləyirlər və bu məsələdə Çinlə razılığa gəlmək fikrindədirlər.
NATO lideri təhlükəsizliklə bağlı konfransda deyib: “Biz raketlər və döyüş silahları kimi, ölkənin süni intellekt alqoritmlərini məhdudlaşdıra bilmərik. Lakin süni intellekt texnologiyaları və onlardan istifadə prinsipləri üzrə universal standartlar müəyyən ediləcək”. Stoltenberq bu cür araşdırmalara misal olaraq Birləşmiş Krallığın kosmosda peyk əleyhinə raketlərin və enerji silahlarının istifadəsinin qadağan edilməsini göstərib. 


Əfsanə ƏHƏDLİ, 
“Xalq qəzeti”

Sosial həyat