Heydər Əliyev və Azərbaycanda qanunun aliliyi

post-img

Xalqımızın ulu öndəri Heydər Əliyevin müqəddəs adı və möhtəşəm fəaliyyəti Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, xalqımızın dünya siyasətinə bəxş etdiyi fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla yad edilir. Özünün mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, doğma xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən dünyamiqyaslı nəhəng siyasətçi qədirbilən xalqımızın yaddaşında daim xilaskar və qurucu lider kimi qalacaq. 

Ötən əsrin 60-cı illərindən başlamaq­la ölkəmizin 30 ildən artıq dövrünü əhatə edən ən yeni tarixi dahi Heydər Əliyevin adı, müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləş­məklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, ümumbəşəri dəyərlərə əsasla­nan vətəndaş cəmiyyətində layiqli yaşa­maq imkanı əldə etmişdir.

Müxtəlif siyasi quruluşların mövcud­luğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyük­lüyü ondan ibarətdir ki, o, Sovetlər dönə­mində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda müba­rizəyə hazırlamağı bacarmışdır.

Heydər Əliyev Azərbaycanın ən mürəkkəb və taleyüklü dövrlərində müstəqilliyə yenicə qədəm qoymuş dövlətə rəhbərlik missiyasını öz üzərinə götürüb, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata ke­çirdiyi tədbirlər nəticəsində xalqımızın müstəqillik, azadlıq kimi ideyalarını tam reallaşdırıb, uzaqgörən siyasi qərarları, möhtəşəm dövlətçilik fəaliyyəti ilə özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini ger­çəkləşdirmişdir. 

Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində iqtisadi tənəz­zülün güclənməsi, siyasi böhranın də­rinləşməsi və vətəndaş qarşıdurması nəticəsində ölkə parçalanma həddinə çatmış, qanunçuluq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acı­nacaqlı vəziyyət yaranmışdır. 1993-cü ilin iyununda, mürəkkəb siyasi şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qur­tarmış, çağdaş tariximizə dövlətçiliyimi­zin xilaskarı, qurucusu kimi düşmüşdür. 

Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda məhkəmə-hüquq siste­minin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqları­nın maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması hə­yata keçirilən mütərəqqi islahatların mü­hüm istiqamətini təşkil etmişdir.

Dövlət quruculuğu prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq, hər bir strukturun fəaliyyətinə böyük diqqət göstərən ümummilli liderin mil­li prokurorluq orqanlarının inkişafında müstəsna rolu olmuşdur. O, prokurorluq orqanlarının işinin təmin edilməsi, fəa­liyyətinin təkmilləşdirilməsi, əməkdaş­larının sosial vəziyyətinin yaxşılaşdırıl­ması məsələlərinə həmişə xüsusi qayğı göstərmişdir. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqları­na, qanunun aliliyinin və insan və vətən­daş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsin­də mümkün olmuşdur. Müstəqil respub­likamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyən­ləşdirilməsi, məhkəmə hakimiyyəti siste­minə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, sə­lahiyyət dairəsi və vəzifələrinin qanunve­ricilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlə­rinin yerinə yetirilməsi nəticəsində müm­kün olmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əli­yevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edil­məsi isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qay­ğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyə­sində təzahürüdür. 

Ümummilli lider Heydər Əliyev 26 ap­rel 2000-ci ildə respublika prokurorluğu­nun rəhbər işçiləri ilə keçirdiyi müşavirədə prokurorluq orqanlarında yaranmış qey­ri-sağlam mühiti, vəzifədən sui-istifadə, istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, özəl sektorun inkişafı yolunda ciddi maneəyə çevrilən qanunsuz yox­lamaların keçirilməsi kimi neqativ halları kəskin tənqid etmiş və bu problemlərin aradan qaldırılması üçün qısa müddətdə ən sərt tədbirlərin görülməsini prokuror­luğun yeni rəhbərliyinin qarşısında məsul vəzifə kimi müəyyənləşdirmişdir. Pro­kurorluq işçiləri üçün taleyüklü əhəmiyyət daşıyan bu müşavirədən sonra Azərbay­can Prokurorluğunda hərtərəfli islahatlara start verilmiş, qanunun aliliyi prinsipinin reallaşması, cinayətkarlığa qarşı müba­rizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması onun fəaliy­yətinin əsas istiqaməti olmuşdur. 

Prokurorluğun fəaliyyətini tənzim­ləyən yeni qanunvericilik qəbul olunduq­dan sonra bir sıra qurumlar ləğv edilmiş, Baş Prokurorluğun struktur qurumları ye­nidən təşkil olunmuşdur.

Ulu öndərin layiqli davamçısı möh­tərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə prokurorluq orqanlarında islahatlar yeni dövrün tələb­ləri səviyyəsində məqsədyönlü şəkildə davam etdirilmişdir. Dövlət başçımızın rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. 

Hazırda ölkəmizdə müxtəlif sahələr üzrə uğurla davam edən inkişaf proseslə­ri məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycanda modernləşmə, yeniləşmə dövlət siyasətinin ana xəttini təşkil edir, güclü ordu qurulur, ölkəmizdə informasi­yalı cəmiyyətin formalaşması, əldə edilən iqtisadi mənfəətlərin qloballaşan dünya­nın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsəd­yönlü addımlar atılır. Bu gün informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycan həyatının ay­rılmaz bir hissəsinə çevrilir. 

Prezident İlham Əliyevin rəhbərlik etdiyi illər Azərbaycan tarixinə iqtisadi islahatlar dövrü kimi daxil olub. Hər bir ildə daha böyük təkmilləşmənin, yeniləş­mənin şahidi oluruq. Cənubi Qafqaz re­gionunun, ümumilikdə, Avropanın gələ­cək taleyinin xeyli dərəcədə asılı olduğu irimiqyaslı qlobal layihələrdə ölkəmizin əsas tərəf kimi iştirakı beynəlxalq sferada müstəqil dövlətimizin mövqelərinin daha da gücləndirilməsini təmin etmişdir. 

Əldə olunan diplomatik uğurlarla ya­naşı, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələ­bə, torpaqlarımızın işğaldan azad edil­məsi Azərbaycan xalqının bir yumruq kimi dövlət başçısının ətrafında birləşmə­si nəticəsində mümkün olmuşdur. 

Bu birlik özünü 44 günlük Vətən mü­haribəsi dövründə də göstərdi. Müharibə iki cəbhədə gedirdi: döyüş meydanın­da və kütləvi informasiya vasitələrində. Azərbaycan həm döyüş meydanındakı müharibədə, həm də informasiya mü­haribəsində qalib gəldi. Prezident İlham Əliyev yorulmadan kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində dün­ya ictimaiyyətinə həqiqətləri, erməni təx­ribatları, mülki əhalimizə qarşı törədilən terror aktları barədə məlumatları çatdırır­dı, dövlətimizə qarşı qarayaxma kampa­niyası aparmağa çalışan kütləvi informa­siya vasitələrinin nümayəndələrini tutarlı arqumentləri ilə susdururdu. 

Unutmamalıyıq ki, Müasir Azərbay­can Ordusunun əsasının qoyulması Hey­dər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ Sovet İttifaqı dövründə təzyiqlərə baxmayaraq azərbaycanlıların hərbi peşə ilə məşğul olmalarına dəstək verir­di, general Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılmasına nail olmuşdur. Bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və Azərbaycan Ordusu ən müasir silah­larıa təchiz olundu, peşəkar hərbiçilər yetişdirildi.

Azərbaycan xalqı möhtərəm Prezi­dentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri siyasətin uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir, sabaha inamla addımlayır. Hər gününü tarixə bir uğur səhifəsi kimi yazan Azərbaycanın qarşısında daha geniş imkanlar mövcuddur. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.

2023-cü il may ayının 10-da xalqı­mızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili” elan edil­məsi ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar 13 dekabr 2022-ci il tarixdə Baş Prokurorluq üzrə Tədbirlər planı təsdiq olunmuşdur. 

 

Mehman XANKİŞİYEV,
Şəki rayon prokuroru, baş ədliyyə müşaviri

Sosial həyat