Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda tədbir keçirilib. Nazirlikdən bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdıran FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra fərman və sərəncamlar imzalanıb. Beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artıb. Bu gün respublikamızda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-qadın siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin bu günü və gələcəyi üçün gördüyü işlər, ölkəmizin tərəqqisinə verdiyi töhfələr hər bir Azərbaycan qadını üçün nümunədir”, – deyə sözünə davam edən Mehman İsmayılov vurğulayıb ki, Mehriban Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir. O, öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırıb.
Tədbirdə çıxış edən nazirliyin qadın əməkdaşları ölkədə uğurla reallaşdırılan dövlət-qadın siyasəti və ümumilikdə qadınlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin strukturlarında çalışan vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş 100 nəfər qadın əməkdaş FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.