Dünyadakı bütün qadınlar gözəldir. Amma mənim dünyamda tək bir qadın var ki, gözümü dünyaya açdığım ilk gündən onun sonsuz sevgisi ilə böyüyüb boya-başa çatmışam. Bu gün onun günüdür. 8 Mart Qadınlar Günüdür. Bu gün mənim anamın günüdür!
Təsadüfi deyil ki, bu bayramı haqlı olaraq “Analar Günü” də adlandırırlar. Mən də həyatımdakı ən dəyərli qadın- anam haqqında danışmaq istəyirəm...
Anamın qara gözlərini, ipək saçlarını, sanki, hansısa çox istedadlı bir rəssam çəkib. Bir bilsəniz ona gülümsəmək necə də yaraşır. Mən isə hər bir övlad kimi, anamın hər an gülümsəməsi, xoşbəxtliyi üçün əlimdən gələni etməyə, hətta canımdan belə keçməyə hazıram.
Bəzən anamı əsəbiləşdirib, xətrinə dəysəm də, bunu qəsdən etmirəm. Dərhal onun könlünü almağa çalışıram. “Ananın qədrini ana olmadan bilməzsən”, – deyir anam. Etiraf edim ki, yaşım artdıqca, bu sözü daha da yaxşı dərk edirəm.
Anam həmişə deyir ki, ən böyük hədiyyəni Allah özü bəxş edib, səni və bacını mənə göndərib.
Dünən anama əvvəlki bayramlarda olduğu kimi, yenə bir dəstə tər nərgiz gülü bağışladım. Anam bu hədiyyəni sanki gözləyirmiş kimi çox sevindi. Çiçəklər doğrudan da çox gözəl idi, ətrafa öz xoş əhval-ruhiyyəsini yayırdı. Amma çiçəklər anamın üzündəki gülüş qədər gözəl deyildi.
Anam həmin gülləri anındaca suya qoyub, tez-tez yanına gedib, sanki, baxışları ilə əzizləyirdi. Evimizə gələn qonaqlara “Leylam mənə elə gözəl güllər alıb ki, ətri adamı lap bihuş edir, elə bil insanı cənnətə aparır”- deyirdi.
Deyirəm, kaş əlimdə imkan olaydı, həyatdakı ən gözəl gülləri dərib anamın qədəmləri altına sərə biləydim...
Leyla HADİYEVA, tələbə jurnalist

