Səhər şəhərə gələrkən avtobusu bir qədər çox gözlədim. Dayanacaqda çirkab suların axdığı kanalizasiyanın kəskin qoxusunu hiss etdim. Bu azmış kimi, göz açmağa belə imkan verməyən qatı toz dumanı ətrafa yayılmışdı. Boylandım. Bir qədər aralıda bir kişinin daş yonduğunu gördüm.
Bir yandan pis qoxu, bir yandan da bu toz-dumanın bir-birinə qarışaraq ətrafa yayılması insanın nəfəsini kəsirdi. Nəhayət, avtobusa mindim və bu məsələ ilə bağlı düşünməyə başladım.
Nə üçün biz Xəzərə sığınmış bu gözəl şəhərin havasını çirkləndiririk? Bu barədə fikirləşirdim ki, sürücünün qışqırıq səsi məni düşüncələrimdən ayırdı. Orta yaşlı yekəpər sürücü cavan bir oğlanla hansısa bir önəmsiz məsələ ilə bağlı mübahisə edirdi. Bu zaman anladım ki, təkcə havanın deyil, səsin də çirkliliyi olur.
Bütün bunlar azmış kimi, iki yeniyetmənin telefonundan yüksək səslə rok musiqisinin sədaları ətrafa yayıldı. Bəzi gənclər razılıq əlaməti olaraq musiqinin ritmi ilə başlarını tərpətməyə başladılar.
Musiqi, siqnal səsləri, insanların bir-biri ilə qışqıraraq danışması avtobusdakı yaşlı adamların əsəblərini tarıma çəkirdi. Onlardan bir neçəsi deyinməyə başladı...
Universitetə çatanda avtobusdakı səs-küyün təsirindən özümü yorğun, əzgin hiss edirdim. Ağlıma gəldi ki, səsin çirkliliyi barədə “Xalq qəzeti”nə yazım...
Leyla İLKİNQIZI, tələbə-jurnalist