Nəyə və necə “yox!” deyək?

post-img

Əminəm ki, çoxunuz mənim kimi bir çox şeylərdən imtina etmisiniz, daha doğrusu, buna məcbur olmusunuz. Bunların nə olduğunu heç düşünmüsünüzmü?

Məsələn, böyük bacı olduqda uşaqlığımızdan, ərköyünlüyümüzdən, bəzən arzularımızdan əl çəkməli oluruq.  Belə olduqda içimizdə bir sual bizi rahat buraxmır –  bəs mənim üçün nə etdilər? İmtina etmək yaxşıdır, yoxsa pis? Fədakar olan qalib gəlir, yoxsa uduzur? Kim bilir? Beləcə, həyatın axarına istər-istəməz təslim oluruq...
Nələrdənsə imtina etmək... Gündəlik həyatımızda o qədər tez-tez qarşılaşdığımız bir vəziyyətdir ki... Belə hallarla fərqinə varmadığımız adi bir vəziyyətdə, bəzən də gələcəyimizi təyin edəcək çox mühüm qərar mərhələsində qarşılaşırıq. Fikirləşin, nədən imtina etmisiniz? Həqiqətənmi, görəsən, əldə etdiyimiz “nə isə” imtina etdiyinizə dəyibmi? Bəzən ən uğurlu qərarların arxasındakı həqiqətlər, imtina etdiyimiz “nə isə”lərdədir. 
Seçimlərimizin yanlış olduğu ortaya çıxdıqda reallıqlar bizi məyus edir. Nə təslim olduğumuzu, nə də qalib gəldiyimizi görürük.
Başqa bir yanaşma: nə qədər uğursuz olsa da, kreslosunu tərk edə bilməyən siyasətçilər, təqaüdə çıxmaq istəyən, ancaq yerini gənclərə buraxa bilməyən yaşlı professorlar... Nə təslim olurlar, nə də imtina edirlər. 
Əslində, bəlkə də təslim olmaq və ya imtina etmək pis bir şey deyil. Sadəcə olaraq, doğru zamanda və nədən necə imtina edəcəyinizi bilməlisiniz.
Düşüncələrimi çox sevdiyim bir cümlə ilə bitirmək istəyirəm: üfüqü görmək istəməyənlər  yeni yerlər kəşf edə bilməzlər... 


Səadət RZAYEVA, 
“Xalq qəzeti”

Sosial həyat