Türkiyəli Aşıq Maqsud Fəryadinin qardaş yanğısı

post-img

Tarixin yeni mərhələsində yaşadığımız gərgin proseslər bir çox nəticələri ilə bərabər, dost və düşmənin ayırd edilməsinə və ilk növbədə bir millət – iki dövlət formulunun, Azərbaycan – Türkiyə qardaşlığının bir daha sınaqdan çıxmasına imkan verdi. 

Bu qardaşlıq duyğuları bu gün­lərdə ildönümünü dərin hüznlə qeyd etdiyimiz 26 Mart Xocalı Soyqırımı­na münasibətdə də dərindən təzahür edir. Xocalı soyqırımı qardaş Türkiyə ictimaiyyəti tərəfindən dərin sarsıntı ilə yaşanır, ünlü ziyalılar, elm və sənət xadimləri tərəfindən insanlıq cinayəti, dinc əhaliyə qarşı amansız soyqırımı kimi lənətlənir.

Xocalı soyqırımı türkiyəli sənət adamlarının yaradıcılığında da əks olunur. Xocalı mövzusuna müraciət et­miş sənətkarlardan biri – Azərbaycan və Türkiyənin qovşaq ərazisi Qarsın Arpaçay ilçəsində 1961-ci ildə anadan olmuş, əsərləri Türkiyədə məktəb dərs­liklərinə daxil edilmiş, UNESCO tərə­findən “Yaşayan İnsan Sərvəti” mü­kafatına layiq görülmüş məşhur şair, türk aşıq sənətini Avropada, ABŞ-da, Rusiyada təmsil etmiş xalq ozanı Aşıq Maqsud Fəryadidir. 

Aşıq Maqsud Fəryadinin “Xocalı­da, Qarabağda” şeirində vətənpərvər şairin Xocalı soyqırımından doğan hüzn və kədəri, eyni zamanda haqqın təntənəsinə, yeni zəfərlərə olan sön­məz inamı ifadə edilmişdir.

 

XOCALIDA, QARABAĞDA!

İlahi, gör nələr oldu!

Xocalıda, Qarabağda, 

Ahım ərşi dələr oldu,

Xocalıda, Qarabağda.

Dünya yumdu gözlərini,

Saxladılar yüzlərini,

Örttülər qan izlərini,

Xocalıda, Qarabağda.

Qaçqın düşdü insanlarım,

Qətl edildi cavanlarım,

Yandı səbi, sübyanlarım,

Xocalıda, Qarabağda.

Qarabağda xəzan oldu,

Neçə qərənfilim soldu,

Xarı bülbül yetim qaldı,

Xocalıda, Qarabağda.

Balamın irisi qaldı,

Gözümün birisi qaldı,

Canımın yarısı qaldı,

Xocalıda, Qarabağda.

Soyqırım deyib duranlar,

İz itirib, soy qıranlar,

Daha qurumamış qanlar,

Xocalıda, Qarabağda.

Kəsik baş Türkü haraylar,

Torpaq, taş Türkü haraylar,

Axan yaş Türkü haraylar,

Xocalıda, Qarabağda.

Məksudum der o gün gələr,

Hərəm bir Koroğlu olar,

Telli sazım misri çalar,

Xocalıda, Qarabağda.

 

Asif HACILI,
professor

Sosial həyat