Goranboyda məskunlaşmış Xocalı sakinləri və şəhid ailələrinin üzvləri bu qanlı faciəsinin 31-ci ildönümü ərəfəsində fevralın 24-də Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdam şəhərinə səfər edərək, soyqırımı qurbanlarının vaxtilə dəfn olunduğu xiyabanı ziyarət ediblər.
Xocalı sakinləri üçün Ağdam çox doğma, əziz və müqəddəsdir. Çünki Ağdam torpağında yüzlərlə Xocalı şəhidi uyuyur. Ziyarətçilər şəhidlərimizin ruhlarına dualar oxuyublar. Dağıdılan qəbirləri tanımaq olduqca çətindir. Bəziləri tam əmin olmasa da, doğmalarının dəfn edildiyi qəbirləri aydınlaşdıra biliblər. Ancaq qəbirlərin yerlərini xatırlaya və tanıya bilməyənlər də olub.
Xocalı sakini Nəzakət Salmanovanın anası, bacısı və bacısının övladı həmin qanlı gecədə qətlə yetiriliblər. O, bir qardaşından hələ də xəbər olmadığını bildirərək deyib: “Digər qardaşım əsir düşdü, onu 40 gündən sonra azad edə bildik. Mən buraya gəlmək istədim ki, bəlkə yaxınlarımdan, qohumlarımdan bir iz taparam. Çox çətindir, yaramız sanki gündən-günə təzələnir”.
Həmin qanlı gecənin şahidi Nəzakət Quliyeva o günləri belə xatırlayıb: “Həmin gecə Xocalı dörd tərəfdən atəşə tutuldu, əzizlərimdən, doğmalarımdan ayrı düşdüm, onları itirdim. Qardaşım, həyat yoldaşım itkin düşdü, bacım Zöhrə Quliyeva faciə zamanı qəhrəmancasına döyüşərək şəhid oldu. İnsanların səs-küyündən, fəryadından qulaq tutulurdu. Hər yerdə başı kəsilmiş insanlar, amansızca qətlə yetirilmiş qadınlar, körpələr, cavanların dərisi soyulmuş cəsədləri vardı”.
Bu ziyarət zamanı Xocalı sakinləri qeyrət rəmzi olan doğma şəhərlərinə qayıdacaqlarına inamlarının daha da artdığını bildiriblər.
“Xalq qəzeti”


