Paytaxtın Nəsimi rayonundakı Milli qəhrəman Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Xocalı facəsinin 31-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” adlı anım mərasimi keçirilib.
Məktəbin direktoru Nigar Hənifəyeva Xocalı faciəsinin erməni millətçilərinin xalqımıza qarşı davamlı cinayətlərinin ən qanlı səhifəsi olduğunu vurğulayıb. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülmüş və vacib olan işlər barədə ətraflı söz açıb. O qeyd edib ki, Xocalının susmayan harayı dünyanı ədalətə çağırır.
Bildirilib ki, bu faciənin soyqırım kimi tanıdılması və dünya ictimaiyyətinə çatdırılması ilə bağlı ilk təsirli tədbirlər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Prezident İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur.
Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompazisiya və şerlər nümayiş olunmuş, Xocalı soyqrımına aid videoçarx göstərilib. Sonda rayonda məskunlaşmış Xocalı sakinlərinə maddi yardım, ərzaq bağlamaları verilib.
R.TAHİR, “Xalq qəzeti”

