Gəncə. Soyqırımın 31-ci ildönümü ilə bağlı qədim Gəncədə keçirilən tədbir Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də -“Xocalı soyqırımı” abidəsinin önündə təşkil olunub. Tədbirdə şəhər rəhbərliyi, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri və şəhərdə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər. Dövlət Himni səsləndirildikdən sonra abidə önünə gül dəstələri qoyulub, soyqırımı qurbanlarının xatirəsi yad edilib. Saat 17-də faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsilə səs siqnalları verilmişdir.
Rəsmi hissədən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Yeni qəsəbə-2”–də məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
***
Sumqayıt. Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbirinə minlərlə sumqayıtlı toplaşmışdı. Şəhər rəsmiləri, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, Sumqayıtda yaşayan xocalılılar, şəhər ictimaiyyətinin nümayəndələri Xocalı şəhidlərinin ruhuna dərin ehtiramlarını ifadə ediblər. Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhər İcra hakimiyyətinin başçıs Zakir Fərəcovun Sumqayıtda məskunlaşmış Xocalı sakinləri ilə görüşü olub. Onlar göstərilən qayğıdan razılıq edib, Vətən müharibəsindəki Qələbədən sonsuz fərəh duyduqlarını bildiriblər.
***
Lənkəran. Fevralın 26-da səhər saatlarında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Lənkəran şəhərinin mərkəzində azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı “Ana” heykəli qarşısında anım mərasimi keçirilib. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, hərbi hissələrin şəxsi heyəti abidə-kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər. Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə törətdikləri cinayətlər lənətlənib.
***
Şamaxı. Rayon ictimaiyyət nümayəndələri soyqırımı abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək faciə qurbanlarının əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olduğu qeyd edilib, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımının beynəlxalq aləmə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanıb.
Veteranlar, ağsaqqallar, YAP təmsilçiləri, din xadimləri Xocalı faciəsinin başvermə səbəblərindən və onun acı nəticələrindən geniş söhbət açaraq, tarixi, hüquqi və mənəvi müstəvidən münasibətlərini bildiriblər.
***
Naftalan. Xocalı faciəsi qurbanlarının xatirəsi Naftalanda ehtiramla yad edilib. Tədbir iştirakçıları vətənimizin azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib, önünə gül dəstələri düzüb, şəhid ruhlarına dualar oxuyublar.
***
Goranboy. Ümumrayon tədbirində Goranboy və Xocalı rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, ayrı-ayrı kollektivlər iştirak ediblər. Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksi, Yeni Yaşayış Massivində Xocalı soyqırımı qurbanlarının xatisinə ucaldılmış abidə ziyarət olunub. Soyqırımı aktına həsr olunmuş rəsm sərgisi maraqla qarşılanıb. Xocalılıların müvəqqəti məskunlaşdığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində də mərasim keçirilib, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımı qurbanlarının və şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
***
Göygöl. Soyqırımının 31-ci ildönümü ilə əlaqədar rayon ərazisində Azərbaycanın Dövlət bayrağı endirilib, ümummilli Lider Heydər Əliyevin abidəsi və Göygöl şəhər Şəhidlər Xiyabanında şəhid məzarları ziyarət olunub, saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
***
Gədəbəy. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər ƏliyevMərkəzində Gədəbəy Şəhər Uşaq-İncəsənət Məktəbinin və rayon uşaq-gənclər inkişaf Mərkəzi şagirdlərinin Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi təşkil edilib və anım tədbiri keçirilib.
***
Tovuz. Rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərimizin ruhuna dualar oxunmuş, daha sonra Vətən uğrunda şəhid olanların xatirə abidəsi önünə gül dəstələri qoyulub.
***
Samux. Anım tədbirində çıxış edənlər erməni cəlladlarının törətdikləri cinayət əməllərini pisləyib, bu barədə dünya ictimaiyyətini daim məlimatlandırmağın vacibliyini vurğulayıblar. Saat 17-də isə rayon ərazisində, Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb, səs siqnalları verilib.
***
Şəmkir. “Ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi“ adlı tədbir keçirilib. Mərasimdə 31 il qabaq Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə müxtəlif istiqamətlərdən Xocalı şəhərinə hücum olunduğu, qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla yüzlərlə azərbaycanlı mülki şəxsin xüsusi amansızlıqla qətlə yetirdiyi qeyd edilib. Prezident İlham Əliyevin faciənin bütün dünyada soyqırım kimi tanıdılmasında xüsusi xidmətləri olduğunu qeyd edilib.
Əli NƏCƏFXANLI,
Hamlet QASIMOV,
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”


