Müşfiq ƏLƏSGƏRLİ,
Media eksperti
Azərbaycan hüquqi dövlətdir, proseslər qanunvericiliklə tənzimlənir. İnformasiya istehsalı prosesi də istisna deyil; söz, ifadə, məlumat azadlığının qanunla təsbit edilmiş normaları mövcuddur.
“Media haqqında” Qanun Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanaraq, informasiya dövriyyəsinin prinsiplərini müəyyən edir. 5-ci maddədə (Media azadlığı) göstərilir ki, hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək hüququna dövlət tərəfindən təminat verilir. Qanun KİV işçilərinə informasiya əldə etmək üçün geniş səlahiyyətlər verir. “Jurnalist fəaliyyətinin təminatı” adlandırılan 6-cı maddədə göstərilir ki, “Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir”. Müdaxilə edənlər üçün Cinayət Məcəlləsi və ya İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaranır.
İnformasiya əldə etmək hüququ təkcə jurnalistə verilmir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunu bu imtiyazı bütün vətəndaşlar üçün tanıyır. Hər bir vətəndaşın istədiyi istiqamət üzrə sual vermək, sorğu ünvanlamaq və cavab almaq hüququ vardır. Qanunvericilik bu kontekstdə “İctimai şəxslərin” üzərinə daha çox məsuliyyət qoyur. Sualları cavablandırmaq “ictimaiyyətlə işləyən bütün qurumların və şəxslərin” müstəsna vəzifəsidir.
Bu baxımdan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla “Toplum” TV-nin əməkdaşı arasında yaranmış anlaşmazlığa görə jurnalistin daha çox qınanması qeyri-adi görünür. Səfərov ictimai şəxs olduğu üçün jurnalistin sualını mütləq cavablandırmalı idi. Jurnalistin “Şuşaya gedə bilirsizmi?” sualını geri çevirib “Sənə nə var?” deməməliydi. Həm “Media haqqında” Qanun, həm də “İnformasiya əldə etmək haqqında” Qanun jurnalistin mövqeyini haqlı edir. Əlavə edək ki, “Məlumat azadlığı haqqında” Qanun da bu kontekstdə jurnalistin tərəfindədir. Bu qanunda “yayılması məhdudlaşdırılan informasiyalar”ın təsnifatı vardır. Həmin təsnifata əsasən, jurnalistin Şuşa Rayon icra başçısına ünvanladığı sual yayımı məhdudlaşdırılan informasiyalar kateqoriyasına aid deyil.
Buna rəğmən, indiki halda “Toplum” TV əməkdaşının haqlı sayılması hadisəyə birtərəfli yanaşma olardı. Jurnalistikada təkcə sualı cavablandırmalı olan şəxslər üçün deyil, sual verənlər üçün də prinsiplər mövcuddur. “Jurnalistlərin Etik Davranış Kodeksi” məhz bu məqamların tənzimlənməsi üçündür. Təkcə Kodekslər deyil, jurnalistlərin davranışları əlavə olaraq qanunlarla, həmçinin, təlimatlarla tənzimlənir.
“Davranış Kodeksi” və peşə təlimatları jurnalistlərə nəzakətli davranmağı tövsiyə edir. Jurnalist müstəntiq deyil, qarşısındakını ittiham edə bilməz. Sualını verər, qarşı tərəfin cavabını qeydə alar. Əgər verilən cavab qaneedici deyilsə, razılaşmadığını ifadə etməyin üsulları vardır. Peşəkarlar bilirlər ki, bu üsul “hesab sormaq” formasında deyil. “Hesab sormaq” ifadəsi həm də jarqondur. Əgər jurnalist müsahibinə “hesab sormaq mənim hüququmdur” deyirsə, bu, artıq onun peşə kodeksindən məlumatlılığını şübhə altına alır və haqlı olaraq, qınaq obyektinə çevirir.

