Avropa Jurnalistlər Federasiyası (EFJ) və onun Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təşkilatçılığı ilə Bakıda “Jurnalistlər üçün təhlükəsizilik təlimi” keçirilib.
İki gün müddətində davam edən tədbirlər Mətbuat Şurasının konfrans zalında baş tutub. Təlimlərə 15 nəfər jurnalist qatılıb. İştirakçılardan 5 nəfəri Respublika yayımlı media subyektlərinin Qarabağ region üzrə akkreditasiya edilmiş əməkdaşları olublar. Təlimlər EFJ-nin ekspertləri tərəfindən idarə edilib.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təlimin məqsədi ekstremal vəziyyətlərdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərini təhlükəsizlik qaydaları ilə tanış etmək olub: “Təlimlər zamanı Azərbaycan jurnalistlərinə riskli bölgələrdə davranış qaydaları, təhlükəsizliyin təmin edilməsi üçün istifadə edilən modern texnologiyalar barədə bilgilər verildi. Müharibə bölgələrində fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliklərinin təmin edilməsi yönündə təqdimatlar xüsusilə maraq doğurdu. Dron hücumları zamanı öz təhlükəsizliyini qoruya bilmək bacarıqları aşılandı. Jurnalist təhlükəsizliyinin digər istiqamətləri barədə də təqdimatlar edildi”.
“Xalq qəzeti”

