Son illərdə jurnalistlərin ayrı-ayrı məmurlar ilə təmaslarının cəmiyyətə yansıyan mənfi tərəfləri ətrafında müxtəlif müzakirələr aparılmaqdadır. Bir neçə gün öncə həmin müzakirələrdən birinə şahidlik etdik. Həqiqətən, ortada xoşagəlməz, sivil yaşamın normalarına zidd bir görüntü var idi. Detallara varmaq, hadisənin iştirakçılarının kimlikləri üzərində dayanmaq istəməzdik. Daha çox belə situasiyaların formalaşmaması üçün jurnalistin özünün üzərinə düşənləri anlatmaq niyyətindəyik.
Əvvəla, ondan başlayaq ki, haqqında söz açdığımız tendensiya bütövlükdə dünya üçün də xarakterikdir. Beynəlxalq media seminarlarında məmurların jurnalistlərdən qaçdıqları vurğulanır. Əlbəttə, bu qaçış informasiyalı cəmiyyətin prinsiplərinə ziddir. Ancaq, gəlin, görək jurnalistlər məmurların, müxtəlif vəzifə sahiblərinin onlardan qaçmamaları üçün nə isə edirlərmi? Yaxud jurnalistlər nə edirlər ki, məmurlar onlara yaxın düşməkdən çəkinirlər.
Ümumən, jurnalistin müsahib ilə təmas qurması, onunla ünsiyyət formasını düzgün seçməsi son dərəcə vacibdir. Nəzərə alaq ki, prinsipcə birincinin məqsədi ikincinin vasitəsilə cəmiyyətə zəruri saydığı informasiyanı ötürməkdir. Jurnalist ictimaiyyəti konkret mövzu ilə bağlı məlumatlandırmağın vaciblik amilini heç bir halda riskə atmamalıdır. Onun üçün müqəddəslik və dəyər məlumatlandırmaqdır.
Hər bir şəxs özü üçün dəyər bildiyi nəyinsə üzərində əsdiyi kimi, media təmsilçisi də sualının və ona verilən cavabın üzərində əsməlidir. O, mövzusunun kənar meyillərin müdaxiləsindən sığortasını, onun qayəsinin qorunmasını özü təmin etməlidir. Buna görə sualların xüsusiyyətindən, hansı şəraitdə verilməsindən tutmuş, müsahibin emossional durumuna qədər bütün cəhətlər incəlikləri ilə hesablanmalıdır. Çünki suala cavabın cəmiyyətin gözləntilərini doğrultması vacibdir. Bunları düşünmək isə müstəsna peşəkarlıq göstəricisidir.
Əgər jurnalist müsahibinə sadaladığımız amilləri hesablayıb yanaşmırsa, ilk növbədə, özünün düşündüyü, canlandırdığı ictimailik məqamına və bununla da cəmiyyəti düzgün istiqamətləndirmək missiyasına etinasız yanaşmış duruma düşür, spekulyativ mövqe daşıyıcısına çevrilir.
Müsahibin hansısa suala reaksiyasının qeyri-adekvatlığı və ya cəmiyyətə qeyri-adekvatlıq kimi görünməsi, nəzərdə tutulan və prinsip etibarilə mütərəqqi əhəmiyyət daşımalı olan fəaliyyətin, daha dəqiq desək, jurnalistin ictimai missiyasının iflasa uğramasıdır. Burada müsahibin kobud davranması və ya necəsə sualdan yayınması az əhəmiyyət daşıyır. Ortaya çıxan nəticəsizlik, qeyri-ciddilik, yaxud gözlənilənlərin fonunda cəmiyyətdə yaranmış bayağılıq mühitidir.
Deməli, yalnız müsahib deyil, eyni zamanda, jurnalist də bu xoşagəlməz mühitin formalaşmasında iştirak edir. Yekun nəticədə isə cəmiyyət ictimai missiya daşıyıcısı olan jurnalistin vacib kimi qiymətləndirdiyi informasiyasız qalır. İnformasiyasızlıq isə insanların yanlış yönləndirilməsi kimi mənfi təmayülləri doğurur.
Bütün bu gedişatı ilk növbədə düşünməli olan tərəf müsahib yox, jurnalistdir. Təəssüf ki, biz Azərbaycan mediasında fərqli vəziyyətin müşahidə edildiyini, vacib əhəmiyyət daşıyan məsələlər yerinə, mənasız ritorikanın ictimai rəyi zəbt etdiyini görürük. Ancaq yalnız təəssüflənməyək. Həm də düşünək.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

