NATO ilə münasibətlər yenidən nəzərdən keçirilir
Yeni seçki dövrünün astanasında olan Fransa siyasi səhnəsi növbəti dəfə ideoloji toqquşmaların mərkəzinə çevrilib. Jan-Lük Melanşon bu günlərdə Fransa prezidentliyinə dördüncü dəfə namizədliyini elan edərək, gələn il bu postda müddəti başa çatan Emmanuel Makronu əvəz etmək uğrunda yarışa qoşulduğunu rəsmən təsdiqləyib. 74 yaşlı solçu siyasətçi Fransanın “TF1” kanalına müsahibəsində özünü “gərgin bir dövr”lə üzləşmək üçün ən uyğun namizəd kimi təqdim edib və buna səbəb kimi geosiyasi, iqtisadi və ekoloji riskləri göstərib.
Melanşonun siyasi xətti Fransada klassik mərkəz-sol modelindən uzaqlaşaraq daha radikal sosial-iqtisadi yanaşmaları təmsil edir. O, vaxtilə Sosialist Partiyası daxilində fəaliyyət göstərsə də, sonradan buradan ayrılaraq kəskin sosial ədalət və dövlət müdaxiləsi ideyalarını ön plana çıxardı. Sözügedən dəyişiklik Melanşonu tərəfdarları üçün prinsipial liderə, rəqibləri üçün sistemə qarşı riskli fiqura çevirdi. Onun 2022-ci ildə Marin Le Pen ilə rəqabətdə üçüncü yeri tutması və sol elektoratın əsas dayağına çevrilməsi göstərdi ki, Fransa cəmiyyətində sosial narazılıq və dəyişiklik istəyi kifayət qədər dərin kök salıb.
Onu da bildirək ki, solçuların hakimiyyətə gəlməsi ehtimalı Avropanın ümumi siyasi arxitekturasında mühüm dəyişikliklər vəd edir. İlk növbədə, iqtisadi siyasətdə dövlətin rolunun genişlənməsi gözlənilir. Məsələn, Melanşonun proqramında sosial bərabərsizliyin azaldılması əsas prioritet kimi təqdim olunur. Bu çərçivədə yüksək gəlirli təbəqələr üçün vergi yükünün artırılması, böyük mirasların məhdudlaşdırılması və sosial xərclərin genişləndirilməsi kimi addımlar nəzərdə tutulur. Yəni bəhs etdiyimiz yanaşma klassik liberal iqtisadi modeldən uzaqlaşaraq daha çox dövlətin tənzimləyici və paylayıcı roluna əsaslanan sosial modelə keçidi ifadə edir. Belə iqtisadi kursun reallaşmaması, şübhəsiz ki, müəyyən sosial rahatlıq yarada bilər. Bu zaman dövlət xərclərinin sürətli artımı büdcə kəsirinin dərinləşməsinə, Aİ-nin fiskal qaydaları ilə ziddiyyətlərin yaranmasına gətirib çıxaracaq. Belə olan halda, Fransa ilə Brüssel arasında yeni gərginlik mərhələsinin başlanması ehtimalı yüksəkdir.
Yeri gəlmişkən, Melanşonun ən mübahisəli təkliflərindən biri Fransanın NATO-dan çıxarılması ideyasıdır. Bu baş verərsə, Fransa xarici siyasətində radikal dönüş yarana, ölkənin ABŞ-la münasibətləri korlana, Avropa daxilində təhlükəsizlik balansı dəyişə bilər. Melanşonun yanaşması Fransada müxtəlif yanaşmaları üzə çıxarıb. Bəziləri NATO-dan çıxmağı strateji müstəqilliyin gücləndirilməsi kimi qiymətləndirirlər. Elələri də var ki, bunu təhlükəsizlik boşluğu yarada biləcək riskli eksperiment kimi görür. Qısası, sol hökumət hakimiyyətə gəldiyi təqdirdə Aİ daxilində yeni siyasi dinamikanın formalaşması ehtimalı yüksəkdir.
Diqqət edilməli digər məqam Melanşonun Avropa siyasətinə yanaşmasının daha çox milli suverenliyin qorunmasına və Brüsselin iqtisadi diktəsinə qarşı olmasıdır. Bu isə Avropa inteqrasiyasının gələcəyi ilə bağlı mübahisələrə yol aça bilər. Sosial siyasət sahəsində isə dəyişikliklər daha dərindən hiss oluna bilər. Məsələn, pensiya yaşının yenidən 60-a endirilməsi ideyası geniş ictimai dəstək qazana biləcək addım kimi görünür. Qərar xüsusilə ağır əmək şəraitində çalışan təbəqələr üçün sosial ədalətin bərpası kimi təqdim olunur. Lakin demoqrafik reallıqlar, əhalinin yaşlanması və işləyənlərin sayının azalması bu modelin davamlılığı ilə bağlı ciddi suallar yaradır. Pensiya sisteminin maliyyələşdirilməsi üçün əlavə resursların tapılması hökumət üçün əsas problemlərdən birinə çevrilə bilər.
Yuxarıda qeyd etdiyimiz amillər göstərir ki, Fransada sol qüvvələrin hakimiyyətə yiyələnməsi ölkənin iqtisadi, sosial və geosiyasi istiqamətinin yenidən müəyyənləşdirilməsi anlamına gəlir. Dəyişikliklərin bəziləri sosial ədalətin gücləndirilməsi və dövlətin vətəndaş qarşısında məsuliyyətinin artırılması baxımından müsbət nəticələr vəd etsə də, digər tərəfdən maliyyə sabitliyi, beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsində yeni risklər yarada bilər. Xülasə, Melanşonun namizədliyini Fransada və Avropada ideoloji balansın gələcəyini müəyyən edəcək mühüm sınaq kimi qiymətləndirmək olar.
Jan-Lük Melanşonun seçkidə qalib gəlmək ehtimalı yüksəkdir. Çünki Emmanuel Makronun nüfuzu son illər əhəmiyyətli dərəcədə zəifləyib. Mövcud zəifliyi dərindən analiz etdikdə cəmiyyətlə hakimiyyət arasında formalaşmış etimad böhranı aydın görünür. Makronun hakimiyyəti dövründə həyata keçirilən iqtisadi və sosial islahatlar, xüsusilə pensiya yaşının artırılması ilə bağlı qərarlar geniş ictimai narazılığa səbəb olmuşdu. Küçə etirazları, həmkarlar ittifaqlarının təzyiqi və müxtəlif sosial qrupların narahatlığı nəticəsində prezidentin “islahatçı lider” imici tədricən “elitaya yaxın, xalqdan uzaq siyasətçi” obrazı ilə əvəz olunmağa başladı. Məhz bu boşluqda Melanşon kimi fiqurların önə çıxması qaçılmazdır.
Sonda fransız ədəbiyyatının böyük nümayəndəsi Viktor Hüqonun fikri vəziyyətin mahiyyətini daha dəqiq ifadə edir: “Heç nə zamanından əvvəl gələn ideya qədər güclü deyil”. Bu gün Fransada yüksələn sosial ədalət tələbi və siyasi alternativ axtarışı da məhz yeni ideyanın əlamətlərini xatırladır. Seçkinin nəticəsi nə olursa-olsun, artıq dəyişimin özü qaçılmaz reallığa çevrilib.
Yeganə HACIYEVA,
politoloq
Jan-Lük Melanşonun 2027-ci ildə prezidentliyə namizədliyini elan etməsi Fransada ideoloji qütbləşmənin daha da sərtləşəcəyini göstərir. Çünki o, həm də mövcud Avropa təhlükəsizlik arxitekturasına, neoliberal iqtisadi modelə və klassik Avro-atlantik yönümlü siyasətə ən sərt etiraz edən fiqurlardan biridir. Bu səbəbdən onun güclənməsi bütövlükdə Avropada siyasi balans baxımından diqqətlə izlənilir.
Fransada radikal və ya sərt sol ritorikanın güclənməsi ilk növbədə sosial bərabərlik, dövlət müdaxiləsinin artması, miqrant hüquqları və sosial təminatların genişləndirilməsi kimi xəttin önə çıxmasına səbəb ola bilər. Bu isə bir tərəfdən sosial narazılıqları yumşaltmaq potensialı daşısa da, digər tərəfdən iqtisadi yükün artması, biznes mühitinin təzyiq altında qalması və təhlükəsizlik məsələlərində daha yumşaq yanaşma riskini yaradır. Fransa kimi nüvə dövləti və Avropanın əsas təhlükəsizlik aktorlarından birində ideoloji romantizmin dövlət təhlükəsizlik instinktini zəiflətməsi Avropa üçün strateji risk hesab olunur.
Melanşonun siyasi xəttində NATO-ya skeptik yanaşma, ABŞ təsirindən uzaqlaşma və “strateji avtonomiya” ideyasının sərt formada müdafiəsi diqqət çəkir. Bu xətt güclənərsə, transatlantik birlikdə çatlar yarana, xüsusilə Ukrayna müharibəsi fonunda təhlükəsizlik koordinasiyası mürəkkəbləşə bilər. Çünki Avropada sol populizmin bir hissəsi müdafiə xərclərinin artırılmasına və sərt təhlükəsizlik siyasətinə ehtiyatla yanaşır. Digər mühüm məsələ miqrasiya və milli-dini identiklik siyasətidir. Sol qüvvələrin güclənməsi adətən daha açıq miqrasiya siyasəti ilə müşayiət olunur. Bu isə artıq sosial gərginlik, paralel icmalar və radikallaşma problemi yaşayan Avropa şəhərlərində yeni təhlükəsizlik və inteqrasiya problemləri yarada bilər.
Hazırki mübarizə daha çox “qlobalist-humanist model” ilə “milli təhlükəsizlik və suverenlik modeli” arasında gedir. Melanşon kimi fiqurların güclənməsi isə mövcud ideoloji qarşıdurmanı daha da dərinləşdirə bilər.
Nəzrin ELDARQIZI
XQ


