Qardaşlığın qırılmaz telləri

post-img

Azərbaycan–Türkmənistan əməkdaşlığı hər iki tərəfə böyük fayda gətirəcək

Bu il Aşqabadda Türkmənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçiriləcək. Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, məlumat XİN başçısı Rəşid Meredovun Azərbaycanın Aşqabaddakı səfiri Qismət Gözəlovla görüşündə açıqlanıb. Görüşdə iki ölkə arasında siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdəki aktual istiqamətlər müzakirə olunub, ən ali səviyyəli səfərlərin və liderlərarası görüşlərin təşkili məsələlərinə xüsusi diqqət yetirilib, bunun ikitərəfli əməkdaşlıqda roluna toxunulub.

Azərbaycan və Türkmənistan arasında münasibətlər strateji xarakter daşıyır. Hər iki ölkə arasında yüksək səviyyədə qarşılıqlı etimad mövcuddur ki, bu da beynəlxalq platformalarda koordinasiyalı fəaliyyət üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlıq enerji diplomatiyası üçün də vacib imkanlar yaradır. Enerji sahəsində əməkdaşlıq yalnız iqtisadi maraqlara xidmət etmir, həm də ixrac marşrutlarının şaxələndirilməsi və regional enerji balansının qorunması kimi geosiyasi məqsədləri dəstəkləyir. Xəzər dənizinin hüquqi statusuna dair razılaşmalar, enerji və nəqliyyat layihələri, dəniz təhlükəsizliyi və ekoloji tarazlıq sahəsində qarşılıqlı dialoq imkanlarını genişləndirir.

Uzun müddət mübahisə mövzusu olmuş “Kəpəz”/“Sərdar” yatağı ilə bağlı razılıq da iki ölkə arasında əməkdaşlığın konkret nümunəsidir. Yataq Xəzər dənizində sərhəd bölgəsində yerləşir və “Dostluq” adı altında birgə işləniləcək. Qeyd edək ki, bu yataq SSRİ dövründə kəşf olunub. Azərbaycan tərəfinin infrastruktur və texnologiyası onun hasilatının dünya bazarına çıxarılmasını təmin edəcək. Məsələ burasındadır ki, Türkmənistanın dərinsulu dəniz ərazilərində yataqların işlənməsinə imkan verən infrastrukturu, yataqdan çıxarılacaq nefti, qazı sahilə daşıyacaq kəməri yoxdur. Bunları yaratmaq, sahildən çox uzaqda yerləşən neft-qazı Türkmənistan sahilinə çatdırmaq üçün boru kəmərlərini çəkmək külli miqdarda vəsait tələb edir. Azərbaycan isə hər iki istiqamətdə həm böyük təcrübəyə, həm də müasir infrastruktura malikdir. “Dostluq” yatağından hasil olunacaq neft-qazı rahatlıqla AÇG-dən sahilə gələn boru ilə nəql etmək mümkündür. Karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına çıxarılması sahəsində Azərbaycanın əldə etdiyi uğurlar imkan verəcək ki, yataqdan hasil olunan yanacaq dünya bazarlarına çatdırsın. Bu isə Türkmənistanın TAP və TANAP kimi boru xətləri vasitəsilə qazı Avropa bazarına çıxarmaq potensialını artıracaq.

İqtisadi əməkdaşlıq isə yalnız enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycan və Türkmənistan həm də Orta Dəhliz təşəbbüsü çərçivəsində nəqliyyat və logistika sahəsində strateji əlaqələr qurur. Xəzər dənizi üzərindənnəqliyyat və enerji daşımaları iki ölkəni bir-birini tamamlayan tranzit mərkəzlərinə çevirir və Avropa–Asiya ticarət əlaqələrinin inkişafına töhfə verir. Bununla da enerji və logistika sahələrində qarşılıqlı əməkdaşlıq Türkmənistan–Azərbaycan tərəfdaşlığının strateji mahiyyətini daha da möhkəmləndirən amillərdən biridir.

Xüsusilə son illərdə Bakı–Türkmənbaşı bərə xətti ilə yük dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Məsələn, 2023-cü ildə Türkmənistan limanlarından Bakı limanı vasitəsilə yükaşırma 3 milyon ton təşkil edib, 2024-cü ildə 12,5 faiz artaraq 3,36 milyon tona çatıb. 2025-ci ilin ilk rübündə artım 16,7 faizə yüksəlib. Bu göstəricilər Azərbaycan–Türkmənistan nəqliyyat əməkdaşlığının sabit və artan dinamikasını göstərir. Eyni zamanda, iki ölkə arasında əməkdaşlıq “Lapis-Lazuli” marşrutu üzrə də genişlənir. Bu dəhliz Azərbaycan dəmir yolu və liman infrastrukturu ilə əlaqələndirilərək Əfqanıstan və Avropa bazarları yük daşımalarını artıracaq.

Maraqlıdır ki, yeni iqtisadi imkanlar Azərbaycan – Türkmənistan əməkdaşlığını yalnız yanacaq, nəqliyyat–logistika ilə məhdudlaşdırmır. Dəhliz üzərindən daşınan yüklərin həcminin artması ilə yanaşı, yeni iqtisadi sahələrdə əməkdaşlıq da reallaşacaq. Türkmənistanın neft-qaz məhsulları, eləcə də kimya və tekstil sənayesində də əməkdaşlıq imkanları mövcuddur.

“Dostluq” yatağı və Transxəzər enerji layihələri regionda iqtisadi və geosiyasi əməkdaşlığın güclənməsinə, qarşılıqlı sərmayə imkanlarının genişləndirir. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi ortaq iqtisadi maraqlara, həm də Türk Dövlətləri Təşkilatının güclənməsinə, Mərkəzi Asiyanın Qafqaza daha sıx inteqrasiyasına xidmət edir.

Onu da qeyd edək ki, görüş zamanı mədəni-humanitar əlaqələrin inkişafına da xüsusi diqqət yetirilib. Bu il Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır. Türkmənistan və Azərbaycan xalqları arasında tarixən formalaşmış ortaq mədəni ənənələr, dil yaxınlığı və mənəvi dəyərlər mədəni-humanitar əməkdaşlığın təməlini təşkil edir. Bu yaxınlıq münasibətlərin cəmiyyətlər arasında davamlı şəkildə inkişaf etməsinə şərait yaradır. Humanitar sahədə əlaqələr qarşılıqlı anlaşma və etimad mühitinin formalaşmasında mühüm rol oynayaraq, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığı tamamlayan amil kimi çıxış edir.

Son illər mədəni mübadilə və humanitar dialoqun intensivləşməsi bu istiqamətdə atılan addımların ardıcıl xarakter daşıdığını göstərir. Qarşılıqlı səfərlər, elmi və mədəni simpoziumlar, sərgi və konsert proqramları, həmçinin müxtəlif ictimai tədbirlər xalqlar arasında birbaşa təmasları gücləndirir, ortaq tarixi-mədəni irsin daha dərindən dərk olunmasına imkan yaradır. Bu cür tədbirlər yalnız mədəniyyətin təşviqi ilə məhdudlaşmır, eyni zamanda, qarşılıqlı etimadın möhkəmlənməsinə və ictimai rəyin müsbət istiqamətdə formalaşmasına töhfə verir.

Bundan başqa, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Füzuli və Şuşaya səfəri, bərpa-quruculuq işləri ilə tanış olması Azərbaycana mənəvi dəstəyi nümayiş etdirir. Bu səfər strateji tərəfdaşlığın güclənməsi və ikitərəfli münasibətlərin dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Berdiməhəmmədovun xüsusilə Şuşada yerləşən Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olması isə Türkmənistanın Azərbaycanın mədəni irsinin bərpasına verdiyi mənəvi və simvolik dəstəyi göstərir.

Politoloq Elməddin Behbud XQ-yə bildirdi ki, Azərbaycan və Türkmənistan arasında mövcud strateji tərəfdaşlıq yalnız siyasi ritorikaya söykənmir: “O, həm də konkret iqtisadi və institusional mexanizmlərlə dəstəklənir. Xüsusilə, enerji resurslarının paylaşımı və regional nəqliyyat-logistika imkanlarının inteqrasiyası bu əməkdaşlığı yalnız ikitərəfli deyil, eyni zamanda, regional səviyyədə strateji əhəmiyyətli edir. Tarixi-mədəni yaxınlıq isə siyasi etimad və uzunmüddətli tərəfdaşlıq üçün möhkəm zəmin yaradır. Bu baxımdan, formalaşmaqda olan model Azərbaycanın Mərkəzi Asiya ölkələri və Türk Dövlətləri Təşkilatı çərçivəsində geoiqtisadi inteqrasiyasına yeni imkanlar açır: həm enerji təhlükəsizliyinin təmin olunması, həm regional ticarət və tranzit marşrutlarının inkişafı, həm də türk dünyası daxilində iqtisadi əlaqələrin gücləndirilməsi perspektivləri ortaya çıxır. Əməkdaşlıq həm ikitərəfli strateji maraqları, həm də geniş regional geoiqtisadi strategiyanı birləşdirən çoxşaxəli bir modeldir. Bu, həm də geosiyasi balans baxımından mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, Azərbaycanın təşəbbüsləri və Türkmənistanın dəstəyi nəticəsində formalaşan əməkdaşlıq platformaları regionda sabitlik, qarşılıqlı etimad və iqtisadi inkişaf üçün münbit zəmin yaradır”.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət