TRIPP-lə bağlı yeni ABŞ–Ermənistan sənədi

post-img

Gözləntilər nədən ibarətdir?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a bu günlərdə gerçəkləşdirəcəyi səfər zamanı onun Birləşmiş Ştatların Dövlət katibi Marko Rubio ilə “Tramp marşrutu” nun (TRIPP) həyata keçirilməsi çərçivələrinə dair birgə bəyanat verəcəyi planlaşdırılır. Xəbəri Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan yayıb.

Məlum olduğu kimi, ötən il avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Tərəflərin regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi məqsədi ilə regional kommunikasiyaların açılmasının əhəmiyyətini təsdiqləndikləri, bu səylərin Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını, Ermənistan üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva etdiyini vurğuladıqları sənəddə, həmçinin bildirilib ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi naminə çərçivənin müəyyənləşdirilməsi istiqamətində ABŞ və üçüncü tərəflərlə əməkdaşlıq quracaq: “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”.

Qeyd edək ki, üzərindən 6 aya qədər müddət keçməsinə baxmayaraq, TRIPP-in reallaşdırılması istiqamətində əməli tədbirlər görülməyib. Yalnız ötən ilin sonunda yayılan məlumatlarda layihə üzrə tikinti işlərinə yayda başlanacağı vurğulanıb. Elə isə sual yaranır: ABŞ-da imzalanması planlaşdırılan sənəddən nə gözləmək mümkündür? Əlbəttə, region üçün vacib mövzunun yüksək səslə gündəmə gətirilməsi onun aktuallığını qoruduğu anlamını verir və bu baxımdan Mirzoyanın Birləşmiş Ştatlara səfərini müsbət qiymətləndirmək mümkündür.

İmzalanması nəzərdə tutulan bəyanatı həm də ona görə faydalı saymaq olar ki, bu, siyasi-strateji çərçivə sənədi mahiyyəti daşıyacaq. Söhbət məcburedici hüquqi qüvvəsi olmayan çərçivə sənədindən gedir. Ehtimal etmək olar ki, tərəflər onu imzalamaqla əməkdaşlığa siyasi iradə motivi qazandıracaq, gələcək addımların istiqamətini açıqlayacaq, konkret fəaliyyət platforması yaradacaqlar. Əlbəttə, İrəvanın və Vaşinqtonun ayrı-ayrılıqda da mənfəətlərinin mövcudluğu vurğulanmalıdır.

Məsələn, ABŞ bu bəyanatla Ermənistanın Qərbə inteqrasiyasına siyasi dəstək göstərdiyini, ölkənin Rusiya nəqliyyat və təhlükəsizlik orbitindən tədricən çıxmasını təşviq etdiyini, İrəvanı regional logistika layihələrində Qərbin tərəfdaşı kimi göstərmək niyyətini açıqlayacaq. Nəzərə alaq ki, Vaşinqtonun Cənubi Qafqazda nəqliyyat marşrutlarının açılmasında iştirakçılıq məramı ortadadır. İrəvana gəldikdə, onun üçün ABŞ-da imzalanacaq bəyanatın məqsədləri daha praktikdir. Bu mənada Ermənistan rəhbərliyinin Rusiyanın mümkün təzyiqlərinə qarşı siyasi-ideoloji sığorta mexanizmini gücləndirməyi düşünməsi mümkündür. Habelə, sənədin ABŞ və Qərb investisiyaları, beynəlxalq maliyyə institutları üçün “yaşıl işıq” mahiyyəti vurğulanmalıdır.

TRIPP-lə əlaqədar yeni bəyanatın birbaşa anti-Azərbaycan motivi ehtimal edilməsə də, müəyyən risk faktoru var ki, bu barədə sonda söz açacağıq. Hələlik isə deyək ki, ABŞ-da imzalanacaq sənədin Ermənistanın daxili ictimai rəyi üçün mesaj anlamı var. Axı rəsmi İrəvan “Tramp marşrutu” ideyasını düşüncələrdə möhkəmləndirmək istəyir. Bu isə Azərbaycanın Zəngəzur dəhlizi ritorikasının güclənməməsi, yaxud bu ritorikanın zəiflədilməsi məqsədi daşıya bilər. Nəzərə alaq ki, baş nazir Nikol Paşinyan iqtidarı erməni ictimai rəyini sırf TRIPP xüsusunda kökləməkdə maraqlıdır. Çünki Ermənistandakı başıpozuq kütlə layihəni Bakının İrəvana diktəsi kimi qiymətləndirir və belə bir durum yayda seçki kimi çətin mərhələdən keçəcək Paşinyan administrasiyasının vəziyyətini çətinləşdirir. Deməli, yeni sənədi ABŞ-ın dolayısı ilə erməni iqtidarına seçki dəstəyi prizmasından da qiymətləndirmək yerinə düşər. Azərbaycan üçün məsələ ona görə faydalıdır ki, imzalanması planlaşdırılan bəyanat regional nəqliyyat məsələsinin, bir növ, beynəlmiləlləşdirilməsinə xidmətdir. Çünki ölkəmiz Naxçıvana yolda maraqlıdır. Yəni Bakıya yolun Birgə Bəyannamədə nəzərdə tutulan maneəsizlik kazusunu vurğulayan istənilən anlaşma məqbuldur.

Sonda haqqında söz açdığımız məqama yenidən qayıdaraq Ermənistan XİN-in ötən ilin dekabrında “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq yaydığı açıqlama üzərində dayanaq. Açıqlamada bildirilmişdi ki, “Tramp marşrutu” layihəsinin icrasının praktik mərhələsi, o cümlədən tikinti işlərinin başlanması 2026-cı ilə planlaşdırılır və hazırda layihənin hüquqi bazasının və tənzimləmə mexanizmlərinin formalaşdırılması istiqamətində amerikalı tərəfdaşlarla intensiv danışıqlar aparılır. Müəyyən detallar üzərində dayanan Ermənistan xarici siyasət idarəsindən o da bildirilmişdi ki, Erməni–Amerikan birgə müəssisəsi – “TRIPP Company” Ermənistanda qeydiyyatdan keçəcək, dəmir və avtomobil yolları, neft-qaz kəmərləri, eləcə də fiber-optik rabitə xətləri daxil olmaqla, zəruri infrastrukturun inkişaf etdirilməsi hüququnu əldə edəcək.

Onu da deyək ki, Ermənistan XİN-in sözügedən açıqlamasında “Tramp marşrutu” rəsmi İrəvanın irəli sürdüyü “Sülh kəsişməsi”nin tərkib hissəsi qismində təqdim olunmuşdu. Ölkəmiz üçün anonsunu verdiyimiz risk faktoru məhz budur. Məlum olduğu kimi, illər əvvəl açıqlanmış “Sülh kəsişməsi”nin mahiyyəti TRIPP-lə o qədər də düz mütənasib deyildi. Çünki “kəsişmə” Naxçıvana yol məntiqini, loru dildə desək, dağa-daşa salırdı. Ona görə Azərbaycan “Tramp marşrutu”nun həyata keçirilməsi çərçivələrinə dair birgə bəyanatla bağlı prosesi diqqətlə izləməli, heç bir detalı kənara qoymamalıdır. Gedişatın məhz belə olacağı birmənalıdır.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət