Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə diqqət mərkəzində olan əsas mövzulardan biri Azərbaycan–Amerika münasibətlərinin yeni mərhələyə keçməsi oldu. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, 2025-ci il bu münasibətlərin kontekstində tarixi il sayıla bilər. Bu qiymətləndirmə təsadüfi deyil. Çünki dövlət başçısının fikirlərinə əsasən, Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ ilə əlaqələrin üzərində “qara bulud kimi” dolaşan 907-ci düzəliş uzun illər münasibətlərin lazımi səviyyədə qurulmasına mane olmuşdu. Lakin artıq bu məhdudiyyətlərin aradan qalxması yeni siyasi reallıq yaradıb.
Prezident İlham Əliyev müsahibədə vurğuladı ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika ilə əlaqələr tam potensialına uyğun inkişaf edə bilməmişdi. Bunun əsas səbəbi kimi “anti-Azərbaycan qüvvələrin fəaliyyəti” və “erməni lobbisinin fəaliyyəti” göstərildi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan tərəfindən müxtəlif cəhdlər göstərilsə də, müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf etsə də, mövcud məhdudiyyətlər və Ermənistan–Azərbaycan müharibəsinin davam etməsi ABŞ-də qərar verən şəxslərin Azərbaycanla genişmiqyaslı münasibətlər qurmasına imkan vermirdi.
Prezident İlham Əliyevin təqdim etdiyi siyasi xronologiya göstərir ki, 2025-ci ilin tarixi il hesab olunmasının iki əsas səbəbi var. Birinci səbəb Ermənistan–Azərbaycan müharibəsinin rəsmi şəkildə sona çatmasıdır. Prezident İlham Əliyev qeyd edir ki, artıq bu məhdudiyyət də yoxdur. İkinci səbəb isə ABŞ-də Prezident Tramp administrasiyasının hakimiyyətdə olmasıdır. Prezident İlham Əliyevin fikrincə, bu administrasiya “çox praqmatik, çox peşəkar” və ABŞ-nin milli maraqlarını yaxşı bilən üzvlərdən ibarətdir. Bu praqmatik yanaşma yeni reallıq yaradaraq Azərbaycanla münasibətlərin inkişafına imkan açıb.
Prezident İlham Əliyevin sözlərinə görə, ABŞ üçün bölgədə güclü potensialı və nüfuz dairəsi olan Azərbaycanla əməkdaşlıq önəmlidir. Eyni zamanda, Azərbaycan üçün də bu əməkdaşlıq vacibdir. Bu yanaşma Azərbaycan–Amerika əlaqələrinin qarşılıqlı fayda əsasında qurulduğunu göstərir. Prezident İlham Əliyev bunu “dönüş ili” kimi qiymətləndirərək Ağ Evdə keçirilən mərasimdə Prezident Trampın 907-ci düzəlişə son qoyduğunu və bunu aradan qaldırdığını qeyd etdi. Bununla belə, Prezident İlham Əliyev vurğuladı ki, Konqres bu düzəlişi rəsmən aradan qaldırmalıdır. Lakin Prezident tərəfindən atılan addımın rəmzi mənası var və bu, yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Müsahibədə 907-ci düzəlişin tarixi, mahiyyəti və Azərbaycan üçün yaratdığı fəsadlar geniş şəkildə izah olundu. Prezident İlham Əliyev bu düzəlişin qəbul edildiyi dövrdə Azərbaycan rəhbərliyinin laqeydliyini tənqid edərək bildirdi ki, o vaxt diplomatiya zəif səviyyədə idi və bu, Azərbaycanın haqq sözünü ABŞ rəhbərliyinə çatdırmasına mane olmuşdu. Prezident İlham Əliyev həmin dövrü “biabırçı mənzərə” kimi xarakterizə etdi və qeyd etdi ki, o dövrdə hakimiyyət peşəkar deyildi. Bu yanaşma dövlət başçısının tarixi hadisələrə siyasi qiymət verməsi baxımından da diqqətəlayiqdir.
Prezident İlham Əliyev 907-ci düzəlişin qəbul edilməsini böyük ədalətsizlik adlandırdı və bunun səbəblərini izah etdi. O vurğuladı ki, düzəliş 1992-ci ilin oktyabrında qəbul olunub, halbuki həmin dövrdə Azərbaycanın torpaqları artıq işğal altındaydı, Şuşa və Laçın işğal edilmişdi, Xocalı soyqırımı törədilmişdi. Prezident İlham Əliyev sual edir: “Hansı blokadadan söhbət gedə bilərdi?” Bu ifadə bir daha göstərir ki, düzəlişin formal səbəbi olan “blokada” iddiası gerçək vəziyyəti əks etdirmirdi. Ermənistanın Gürcüstan və İranla sərhədlərinin açıq olması, Türkiyə-Ermənistan sərhədinin isə yalnız 1993-cü ildə bağlanması faktları bu arqumenti gücləndirir.
Prezident İlham Əliyev, həmçinin, 907-ci düzəlişin qəbul edilməsində fəallıq göstərən şəxslərdən biri kimi Co Baydenin adını çəkdi və bunu Azərbaycan–ABŞ münasibətlərində sonrakı mərhələlərə təsir edən amil kimi göstərdi. Dövlət başçısının fikrincə, məhz bu fakt Obama–Bayden və Bayden–Blinken administrasiyaları ilə münasibətlərin istənilən səviyyədə olmamasını izah edir. Prezident İlham Əliyev qeyd etdi ki, Bayden–Blinken administrasiyası əlaqələri faktiki olaraq böhrana salmışdı.
Bununla yanaşı, Prezident İlham Əliyev 907-ci düzəlişin iqtisadi təsirini də izah etdi. O dövrdə Azərbaycan kasıb ölkə idi, xəzinə boş idi, valyuta ehtiyatları yox idi. Köçkünlər ağır şəraitdə yaşayırdı və yardımdan məhrum edilmək Azərbaycana böyük zərbə idi. Prezident İlham Əliyev dedi ki, Azərbaycan uzun illər çalışdı ki, bu düzəlişi ləğv etdirsin. Bu, mürəkkəb proses idi və yalnız 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ Prezidenti bu düzəlişi imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam etdi.
Prezident İlham Əliyev bu prosesin Əfqanıstandakı əməliyyatlarla bağlı olduğunu vurğuladı: Azərbaycan ABŞ üçün logistika və nəqliyyat baxımından vacib idi. Lakin missiya başa çatandan sonra Bayden administrasiyası düzəlişin aradan qaldırılmasını dayandırdı. Prezident İlham Əliyev bunu naşükürlük və nankorluq kimi qiymətləndirdi. O bildirdi ki, ABŞ üçün Azərbaycan lazım olmadıqda düzəliş yenidən tətbiq edildi. Bu, Azərbaycan üçün iqtisadi təsir yaratmasa da, siyasi simvolik mənaya malik idi.
Prezident İlham Əliyev Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyətin tamamilə dəyişdiyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bu gün ABŞ–Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və Azərbaycan gözləyir ki, Konqres bu düzəlişi birdəfəlik ləğv edəcək. Prezident İlham Əliyev bunun üçün kifayət qədər səbəblər olduğunu bildirdi və formal səbəbin artıq mövcud olmadığını qeyd etdi: bu gün Azərbaycan ərazisindən Ermənistana yüklər gedir, yollar açılıb, hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir.
Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində təqdim olunan mövqeyə əsasən, 2025-ci il Azərbaycan–Amerika münasibətlərində tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. 907-ci düzəlişin rəmzi olaraq aradan qaldırılması, ABŞ-də yeni administrasiyanın praqmatik yanaşması və Ermənistan–Azərbaycan müharibəsinin rəsmi sona çatması, iki ölkə arasında strateji tərəfdaşlıq üçün yeni imkanlar açır. Prezident İlham Əliyev bu mərhələni yalnız keçmişin məhdudiyyətlərinin aradan qalxması kimi deyil, həm də gələcək üçün strateji əməkdaşlıq platforması kimi təqdim edir.
Coşqun Dadaşov,
Azərbaycan Dillər Universiteti rektorunun müşaviri

