2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Zəfər marafonunun 7-ci günü
• “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”, – Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “tviter” səhifəsində bu barədə paylaşım edib.
• Ordumuzun zəfərlərinin müjdəçisi olan Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi “tviter” səhifəsində növbəti paylaşımlarla əsgər və zabit heyətinin qəhrəmanlığından bəhs edib və azad olunan ərazilərin adlarını paylaşıb. Eyni zamanda, Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərinin işğaldan azad edilməsi barədə məlumat verib.
• Ali Baş Komandan işğaldan azad olunan Madagizin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırıldığını elan edib: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!”
• Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.
• Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 12 cinayət işi başlanıb. Bu barədə Baş prokuror Kamran Əliyev oktyabrın 3-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunan diplomatik korpusun, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə məlumat verib.
Ümumilikdə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Təəssüf doğurucu hal ondan ibarətdir ki, həlak olan şəxslər arasında qadınlar və uşaqlar da var. Üç qadın və iki azyaşlı uşaq Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində öldürülüb. Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində 181 ev və 44 mülki obyekt yararsız vəziyyətə düşüb.
Baş prokuror bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin artilleriya silahlarından atdığı mərmi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlu və ailəsinin dörd üzvü – anası, həyat yoldaşı və övladları həlak olub. Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.
Ümumilikdə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Yaralanan şəxslərdən 26-sı Tərtər, 10-u Ağcabədi, 14-u Ağdam, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i isə Cəbrayıl rayonlarının sakinləridir. Xəsarət alanlardan 56-sı kişi, 6-sı qadın, 1-i isə uşaqdır. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində 181 ev və 44 mülki obyekt yararsız vəziyyətə düşüb.
Qeyd edilib ki, Ermənistan mülki əhalimizə qarşı cinayətlər törətməklə yanaşı, işğal etdiyi ərazilərdə Azərbaycanın sərvətlərini talamaqla məşğuldur. Ermənistanın 1994-cü ildən bu günədək ölkəmizə qarşı təcavüzü davam edir. İşğal olunmuş ərazilərimizdə iqtisadi fəaliyyətlə məşğul olduğu üçün 12 nəfər beynəlxalq axtarışa verilib.
Kamran Əliyev vurğulayıb ki, bundan başqa, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurqen Alaverdyan barəsində cinayət işinin istintaqı davam edir. O, iki nəfərlə birlikdə Azərbaycan ərazisinə daxil olaraq strateji baxımdan əhəmiyyətli yerləri öyrənmək istəyib. Bu fakt sübut edir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərində birbaşa Ermənistan silahlı birləşmələrinin, Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları xidmət edirlər.
Baş prokuror qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təxribat törətməkdə məqsədləri mülki əhali arasında qorxu və panika yaratmaqdır. Ermənistan Azərbaycanın ərazilərinə təcavüz edib. Ermənistan rəhbərliyi təcavüzkar siyasətindən əl çəkmir. Erməni silahlı birləşmələri dinc azərbaycanlı əhalinin öz torpaqlarını qoyub getməsini istəyirlər. Onlar hər zaman olduğu kimi, Azərbaycana və vətəndaşlarımza qarşı təcavüzkar siyasətlərini davam etdirirlər.
• Müdafiə Nazirliyi müharibənin ilk həftəsi ərzində düşmənin ümumi itkilərinin sayını da açıqlayıb: 230-dək tank və digər zirehli texnika, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi.
• Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərdən videogörüntülər yayılıb.
Mustafa KAMAL
XQ