Suqovuşana əbədi qovuşmuşuq

post-img

Vətən savaşının 7-ci günü qəsəbə azad edilib

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsinin yeddinci günündə – 2020-ci il oktyabrın 3-də  xalqımıza daha bir qələbə xəbəri verdi: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” Döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyi üçün 1-ci Ordu Korpusunun bütün şəxsi heyətini təbrik edən dövlətimizin başçısı həmin gün daha bir ədalətsizliyi aradan qaldıraraq Madagizin tarixi adını bərpa etdiyini də diqqətə çatdırdı: “Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır”.

Xatırladaq ki, Suqovuşan sovet dövründə – 1923-cü ildə Ağdərə rayonunun inzibati ərazisinə kənd kimi daxil edilib. 1943-cü ildə  bu yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilib. 1992-ci ildə isə Ağdərə ləğv edildiyindən rayonun  ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər arasında bölüşdürülüb.  O vaxt Suqovuşan da Tərtər rayonuna birləşdirilib.

Suqovuşanı Azərbaycan Ordusu ilk dəfə 1992-ci ildə geri alıb. Sonradan bu yaşayış məntəqəsi yenidən Ermənistan ordusunun  işğalına məruz qalıb. Ermənilərin əsarətində olduğu vaxt – 2014-cü ildə Suqovuşanda balıqartırma zavodu da tikilib. İşğalçı tərəfindən burada yetişdirilən balıq və istehsal edilən qara kürünün xarici ölkələrə ixracı planlaşdırılıb.

Prezident İlham Əliyev tərəfindən Suqovuşan əməliyyatına xüsusi diqqət yetirilib və dövlət başçısının 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamı ilə bu yaşayış məntəqəsi geri alınandan sonra döyüşlərdə iştirak edən Silahlı Qüvvələrin hərbi qulluqçuları xüsusi olaraq “Suqovuşanın azad olunmasına görə” medalı ilə mükafatlandırılıb. Ölkə rəhbərinin 2021-ci il iyunun 24-də imzaladığı sərəncamla isə, Azərbaycan Silahlı Qüvvələrinin 10 mindən çox hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Ekspertlər tərəfindən Suqovuşan hərbi baxımdan strateji önəm daşıyan ərazi kimi qiymətləndirilib. Bu yaşayış məntəqəsinin işğaldan azad edilməsi uğurunda gedən döyüşlərdə əldə olunan möhtəşəm uğur  Silahlı Qüvvələrimizin şimal istiqamətində maneəsiz hərəkətini şərtləndirib. Başqa sözlə, uğurlu Suqovuşan əməliyyatı ilə Ağdərə və Ağdamı birləşdirən əsas təminat yolu açılıb. Eyni zamanda, işğalçının bu coğrafiyadan Tərtər rayonuna endirdiyi atəşə son qoyulub.   

Suqovuşan işğalçının 4 əsas möhkəmləndirilərək  hərbi-strateji önəm daşıyan dayaq məntəqələrindən biri idi. 2016-cı ilin Aprel döyüşləri zamanı da burada   şiddətli döyüşlər getmişdi. Buna görə də düşmən Vətən müharibəsinə qədər bu strateji ərazi daha da möhkəmləndirmiş, mühəndis-istehkam qurğularını təkmilləşdirmiş, yeni vizual izləmə sistemi, radioelektron kəşfiyyat vasitələri, zenit raket kompleksi  quraşdırmış, bir sözlə, bu sahəni, necə deyərlər, top dağıtmaz bir qalaya çevirmişdi.

Onu da xatırladaq ki, Suqovuşanın qəsb edilməsi ilə 1976-cı ildə istismara verilən eyniadlı su anbarı da işğal altına düşmüşdü. Bu isə Qarabağın işğaldan kənar ərazilərində su təchizatını acınacaqlı vəziyyətə gətirib çıxarmışdı. Bu fikri konkret rəqəmlərlə ifadə etsək, deyə bilərik ki, ermənilərin ekoloji terroru nəticəsində uzun illər Tərtər rayonunun 24 min 481 hektar, Ağdərə rayonunun 14 min 380 hektar, Goranboy rayonunun 6  min 938 hektar, Yevlax rayonunun 5 min 912 hektar, Bərdə rayonunun 12 min 620 hektar, Ağdam rayonunun 29 min  886 hektar  və Ağcabədi rayonunun 2 min  hektar torpaq sahəsinin su təminatında ciddi çətinliklər hökm sürmüşdü.  

Prezident İlham Əliyev çıxışlarının birində ermənilərin sözügedən ekoloji terroru ilə bağlı deyib: “Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tikdirmişdi ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq. 

Biz o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdıq və mənim göstərişimlə orada yüzlərlə subartezian quyusu qazılmışdır. Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın”.

Suqovuşan, eyni zamanda, zəngin turizm potensialına malikdir. Azərbaycan Prezidenti İlham Əliyev artıq bu  potensialın inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Dövlət başçısı çıxışlarının birində Suqovuşanın turistlər üçün maraqlı olacağını deyib: “İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil... Bu zona vahid bir turizm məkanı olacaq. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm turistlər üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir. Naftalana gələn qonaqların, – istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, – ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun”.

Dövlət Turizm Agentliyinin məlumatına əsasən, adıçəkilən qəsəbənin turizm resursları əsas götürülməklə mövcud su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, yaşayış sahəsinin rekreasiya imkanlarının artırılması və fəal turizm fəaliyyətlərini özündə əks etdirən “Suqovuşanın turizm  konsepsiyası” sənədinin hazırlanması da qeyd olunan fikrin bariz ifadəsidir.  

Agentliyin açıqlamasına görə, sözügedən konsepsiya sənədində Suqovuşan qəsəbəsində əsasən qısamüddətli turist səfərlərinin ehtiyaclarını qarşılayacaq turizm xidmətlərinin, su anbarı ətrafında mövcud turizm resurslarından istifadə edərək infrastrukturun yaradılması təklifləri öz əksini tapıb. Bundan əlavə, qəsəbə icmasının yenidən məskunlaşması fonunda turizm biznesinin yaradılması, ərazidə yerli turizm sənayesinin formalaşması, tarixi mərkəzin bərpası və qonaq evlərinin tikilməsi, yerli sakinlər və qonaqlar üçün sahilyanı zolağın salınması, eləcə də ərazidəfəal turizm fəaliyyətləri üçün infrastrukturun yaradılması nəzərdə tutulub .

Suqovuşanın turizm potensialının geniş olması onun ətrafında mövcud olan yaşayış məntəqələrinin əhalisinin qısa məsafədə yerləşən destinasiyalara səyahət etmələrinə üstünlük verilməsi ilə bağlıdır. Bununla yanaşı, araşdırmalarda müəyyənləşdirilib ki,  ətraf bölgədə məskunlaşan 400 mindən çox insan turist səfərləri həyata keçirir. Onların da 30 faizə yaxını istirahət və əyləncə məqsədilə səyahətdə olur və təxminən,  1-3 gün müddətində vaxt sərf edir. İlkin mərhələdə Suqovuşana turist axınının qonşu regionlarda yaşayan əhali hesabına olacağı gözlənilir.

Suqovuşan həm də Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli ərazilərdən biridir. Erməni işğalı respublikamızın  Suqovuşanda yerləşən, enerji təchizatında mühüm  rol oynayan, ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarından da istifadə imkanlarını da məhdudlaşdırmışdı. Vətən müharibəsində tarixi Zəfərdən sonra həmin stansiyaların əsaslı təmirə ehtiyac zərurəti məlum oldu.  Belə ki,  döyüşlər zamanı infrastruktura ciddi ziyan dəymişdi,  işğalçı bu məntəqədəki  4, 8 və 3 MVt gücündə olan kiçik elektrik stansiyalarının müəyyən yararlı ehtiyat hissələrini söküb götürmüşdü.  

Düşməndən təmizlənən ərazilərin bərpasına başlanandan sonra, ilk növbədə,  enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsi diqqətdə saxlanıldı. Elə bu məqsədlə də gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının təmiri həyata keçirildi. Hər iki stansiya əsaslı şəkildə yenidən quruldu, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yeniləndi. 

Xatırladaq ki,  Suqovuşan qəsəbəsi və Talış kəndini elektrik enerjisi ilə təmin edən xəttin çəkilişi zamanı ilk dəfə olaraq izolyasiyalı kabeldən istifadə olundu.  Yeni kabel xətlərinin tətbiqi ilə yüksək gərginlik xətlərinin bilavasitə altında, yaxud yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, həmçinin insanların fəaliyyət təhlükəsizliyi dəfələrlə artdı, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri isə aradan qalxdı. İzolyasiya olunmuş yeni tip kabel xətlərinin istifadəsi enerji sisteminin dayanıqlılıq, etibarlılıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verdi. Beləliklə, izolyasiyalı kabel ölkəmizdə ilk dəfə Suqovuşanda tətbiq olundu.  

Suqovuşan işğaldan azad ediləndən dərhal sonra yol infrastrukturunun da qurulmasına başlandı. Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulması layihəsinin icrası diqqətdə saxlanıldı. Ümumi uzunluğu 28,5 kilometr olan avtomobil yolları bərpa olundu.  

Hazırda Suqovuşan – Sərsəng su anbarı – Qozlukörpü – Kəlbəcər avtomobil yolunun tikintisi aparılır. Layihənin başlanğıc nöqtəsi Ağdərə rayonu ərazisində yerləşən Suqovuşan qəsəbəsi, son nöqtəsi isə Kəlbəcər rayonu ərazisində yerləşən və Kəlbəcər – Laçın avtomobil yolu ilə kəsişən “Vəng dairəsi”dir. Ümumi uzunluğu 77, 6 kilometr  olan avtomobil yolu  iki hərəkət zolaqlı olmaqla inşa edilir.  

***    

Beləliklə,  2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının elə ilk günündə düşmənin illərlə  möhkəmləndirdiyi və “keçilməz”  adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz və Talış kəndlərini işğaldan azad etdi. Bu xoş müjdəni “tviter” hesabından xalqımıza çatdıran dövlətimizin başçısı yazının əvvəlində vurğuladığımız kimi, Madagiz qəsəbəsinin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı. 

Bununla da, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan qəsəbəsi və Talış kəndi Vətən müharibəsinin 7-ci günündə azadlığına qovuşdu. Bu strateji önəm daşıyan ərazinin düşmən tapdağından xilas olması isə Azərbaycan Ordusunun tarixi Zəfərə yolunu daha da yaxınlaşdırdı. Çünki  Suqovuşan və Talışdakı yüksəkliklər strateji baxımdan çox əhəmiyyətli olduğundan bu yaşayış məntəqələrinin azad edilməsi Azərbaycan Ordusuna ətrafdakı əraziləri nəzarətdə saxlamaq imkanı verdi. 

Vaqif BAYRAMOV
XQ

 



Siyasət