Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti bu qurumun indiyə qədər keçirdiyi ən böyük tədbir idi. Bu baxımdan Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan – Çin münasibətlərində mühüm bir mərhələnin başlanğıcı və ölkəmizin beynəlxalq platformalarda uğurlu iştirakının növbəti mühüm hadisəsi kimi qiymətləndirilir.
Qürurla qeyd edim ki, Azərbaycan liderinin Çində qarşılanma mərasimindən tutmuş, dövlət başçımıza bütün tədbirlərdə göstərilən xüsusi diqqət ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi idi. Prezidentin sammitdəki çıxışı da diqqətlə izlənildi. Cənab İlham Əliyev öz nitqində daha çox Azərbaycan – Çin əlaqələrinə yer ayırdı.
Ölkə başçısı Azərbaycanın regionda Çinin etibarlı tərəfdaşı olduğunu söyləyərək konkret faktlarla əsaslandırdı. Cənab İlham Əliyev bildirdi ki, bu il Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə birgə bəyanat imzalanıb və bu tarixi hadisə Azərbaycan – Çin münasibətlərində yeni bir səhifə açıb.
Dövlət başçımız Çinin irəli sürdüyü bütün qlobal təşəbbüsləri dəstəklədiyini bildirdi. Çinin təşəbbüsləri BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış addımlardır.
Dünyanın ən güclü dövlətlərinin zirvəsində dayanmasına baxmayaraq, bəzilərindən fərqli olaraq, Çin özünü üstün tutmur, münasibətləri qarşılıqlı hörmət və ədalət prinsipləri üzərində qurur. Dövlət başçımızın çıxışında “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır” deməsi, əlbəttə ki, yaratdığımız yeni reallıqla regionumuzun təhlükəsizliyinin yeni arxitekturasını yaratmaqla Çinin qlobal təşəbbüslərini reallıqda dəstəkləyir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini dəstəkləyərək real töhfələr verən ilk ölkədir.
Prezident İlham Əliyevin Çinə səfəri və orada keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi daha da möhkəmləndirib. Hindistanın cəhdlərinə baxmayaraq, Azərbaycan ŞƏT-də tərəfdaş statusu qazanıb.
Dünyanın böyük iqtisadi və təbii resurslarına malik olan ŞƏT hazırda qlobal güc mərkəzlərindən biridir və onunla tərəfdaş olmaq Azərbaycana əlavə imkanlar yaradır. Bu strateji mövqe Azərbaycanın həm regional iqtisadi layihələrdə, həm də qlobal miqyasda diplomatik proseslərdə iştirakını və rolunu artırır.
Prezident İlham Əliyevin Çinə səfəri və sammit çərçivəsində keçirdiyi görüşləri bilavasitə Azərbaycanın iqtisadi, siyasi və strateji maraqlarının təmin olunmasına, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Azərbaycan ŞƏT daxilində fəal iştirak edərək həm iqtisadi, həm də diplomatik baxımdan əhəmiyyətli üstünlüklər qazanır, Qlobal Şərq və Qlobal Qərb arasında etibarlı tərəfdaş və strateji körpü kimi mövqeyini möhkəmləndirir.
Prezidentin Çin səfərində diqqətçəkən bir neçə protokol məqamları da siyasi əhəmiyyət kəsb edir. Vaşinqton razılaşmasında sonra məhz Çində Azərbaycan rəhbəri ilə erməni baş nazir arasında ilk görüş də baş tutdu. Heç bir vasitəçi olmadan, məhz birbaşa təmasla baş tutan bu görüşdən sonra ATƏT-in Minsk qrupunun rəsmi şəkildə buraxılması da mühüm hadisə idi.
Eyni zamanda keçirilən tədbirlərdə Azərbaycan və İran prezidentlərinin doğma ana dilində səmimi söhbətləri diqqətdən qaça bilməzdi. Heç şübhəsiz ki, Çində keçirilən tədbirlərlə bağlı son aylardakı gərginliklər fonunda Azərbaycan və Rusiya prezidentlərinin görüşünün baş tutub-tutmayacağı əsas müzakirələr sırasında idi. Sammit zamanı yalnız bir dəfə onların ayaqüstü salamlaşması baş tutdu. Azərbaycan Prezidentinin yüksək diplomatik qürur və qətiyyəti ilə müşahidə olunan bu görüşün ardınca Putinin “Əsaslı münasibətlər və qarşılıqlı maraqlar hər şeyi öz yerinə qoyacaq” bəyanatı da ciddi müsbət rezonans doğurdu. Azərbaycanın haqlı tələbləri qarşısında Kreml rəhbərinin susqunluğu bu şəkildə pozması daha bir həqiqəti – “Haqq nazilsə də, üzülməz” deyimini təsdiqləmiş oldu.
Azərbaycan artıq torpaqlarının 20 faizi işğal olunmuş məğlub ölkə, biçarə xalq deyil. Biz qalib xalqıq və özümüzə qarşı layiq olduğumuz hörməti tələb edirik. Qaba gücdən istifadə etməklə Azərbaycanın qərarlarına təsir etmək mümkün deyil. Bir də ki, Azərbaycanın və Rusiyanın mənafeləri tarixi əlaqələri olan yaxın qonşular kimi dostluq və əməkdaşlıq şəraitində yaşamağı zəruri edir.
Tənzilə RÜSTƏMXANLI
Milli Məclisin deputatı