IV MƏQALƏ
Cəmiyyət identikliyində yeni mənəvi impuls
II Qarabağ müharibəsində qələbə Azərbaycan cəmiyyətinin özünüidentifikasiya prosesinə yeni mənəvi impuls verdi. Bu hadisəni tarixi adlandırmaq olar. Onu iki aspektdə izah etmək mümkündür:
Birincisi, cəmiyyətin birliyinin inkişafında milli ideyanın substantiv və funksional statusunun yeniləşməsi;
İkincisi, müstəqil Azərbaycan Respublikasının dövlət başçısının xalqın və geniş miqyasda Türk dünyasının lideri kimi obrazının yenilənməsi.
Fikrimizcə, hər iki məqam həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edir. Detalları izah etməyə çalışaq.
Milli ideya sosial birliyin təşkiledici mexanizmi kimi
2020-ci il milli ideyanın 1993-cü ildən başlayaraq reallaşması prosesinin “final ili” oldu. Avrasiya məkanında II Dünya müharibəsindən sonra ilk dəfə idi ki, bir müstəqil dövlət öz ərazi bütövlüyünü təkbaşına və cəmi 44 günə bərpa edə bilmişdi. Bu, sadəcə, hərbi uğur deyildi. Dünya üçün maraqlı tərəfi ondan ibarət idi ki, Vətən müharibəsindəki Zəfər həm tarixi, həm siyasi, həm geosiyasi, hüquqi və mənəvi-əxlaqi baxımdan uğur idi. Azərbaycan cəmiyyəti özünə qarşı illərlə tətbiq edilən haqsız, ədalətsiz, bəzən vəhşicəsinə, qeyri-hüquqi münasibətə son qoymaq fürsəti kimi baxırdı bu müharibəyə. Cəmiyyətdə 44 günün coşqusunun kökündə məhz bu həqiqət dayanırdı.
Azərbaycan xalqı bununla azadlıqsevərliyini bütün dünyaya sübut etdi. Təkcə ölkə daxilində deyil, dünyanın hər yerində yaşayan azərbaycanlılar ruh yüksəlişi, azadlıq həsrəti, mübarizə iradəsi ilə “büründü”. Azərbaycan, bir toplum olaraq, dünya səhnəsinə “mən varam!” hayqırtısı ilə çıxdı! “Qurd” mərdliyi, cəsarəti, şücaəti və Şərq siyasi müdrikliyi ilə öz tarixini həm yaradır, həm də yazırdı.
Fəlsəfi və elmi düşüncə üçün burada maraqlı məqamlar çoxdur. Onların sırasında Zəfər coşqusunun milli ideyanın yaradıcı gücü əsasında forma alması xüsusi yer tutur. Bu, Azərbaycan cəmiyyətinin dövlətçilik və azərbaycançılıq baxımından irəliyə doğru atdığı əhəmiyyətli addımın ifadəsidir.
Postsovet məkanında hələ başqa bir ölkə milli ideyanı bu cür uğurla sosial birliyə proyeksiya edə bilməyib.
Vətən müharibəsindən sonra milli ideyanın substansiv və funksional mənalarının yeniləşməsi prosesi başlandı və bu proses indi də uğurla davam edir. Onun ideya və praktiki memarı Prezident İlham Əliyevdir. Burada müstəqil dövlətçilik və azadlıqsevərlik kontekstində vacib bir özəllik vurğulanmalıdır.
Dövlətçilik tarixinin dövrüləşdirilməsi
Prezident İlham Əliyev 2020-ci ildə müasir Azərbaycanın siyasi dövlətçilik tarixinin dövrüləşdirilməsinin siyasi-nəzəri modelini təqdim etdi. Dövlət başçısı Azərbaycan cəmiyyəti və dövləti üçün yeni tarixi mərhələnin başladığını bəyan etdi. Prezident “yeni tarixi mərhələ” anlayışının bütün siyasi-nəzəri, geosiyasi və digər anlamlarını müxtəlif çıxışlarında geniş izah edib. Bu çıxışların sistemli təhlili göstərir ki, İlham Əliyevin məqsədi dəqiq müəyyən edilmiş konsepsiyaya malikdir.
Müasir siyasi dövlətçilik tarixinin dövrüləşdirilməsinin fəlsəfi və politoloji təhlili arxiv əhəmiyyətli mövzudur və uzunmüddətli tədqiqat tələb edir. Bu, interdisiplinar tədqiqat qrupunun formalaşdırılmasını zəruri edir. Burada isə biz yalnız əsas məqamları qeyd edirik.
Dövrüləşdirmənin siyasi-ideoloji əsası
Yeni tarixi mərhələ əvvəlki nailiyyətlərin baza siyasi-ideoloji prinsipləri üzərində qurulur. Prezident İlham Əliyev milli ideyanın reallaşması kontekstində bu prinsipləri belə müəyyən edir: tarixi ədalətin bərpası, milli ləyaqətin təmin olunması və beynəlxalq hüququn tam bərpası.
Azərbaycan müstəqil dövlət kimi bu uğurlar əsasında yeni geosiyasi düzən nümunəsi formalaşdırmağa başlamışdır. Prezident İlham Əliyev yeni tarixi mərhələni Azərbaycanın regional lider kimi regionlararası və qlobal mühitdə multivektoral, multilateral, multiregional və multikultural istiqamətlərinin sintezində müstəqil dövlət olaraq təsdiqlənməsi dövrü kimi təqdim edir.
Bu yüksəlişdə siyasi varislik, azərbaycançılıq və multikulturalizmin vəhdəti mərkəzi yer tutur. Beləliklə, yeni tarixi mərhələnin dövrüləşdirilməsində üç əsas siyasi-ideoloji “sütun” formalaşır.
Dövrüləşdirmənin geosiyasi əsası
Yeni tarixi mərhələnin geosiyasi aspekti mürəkkəb xarakter daşıyır. XXI əsrdə geosiyasi faktorların mürəkkəbliyi və gözlənilməz çağırışların artması bu prosesin çətinliyini artırır. Buna görə də dövrüləşdirmə konsepsiyası “ikiqat kontingentlik” situasiyasını nəzərə almalıdır. Sadə dillə desək, bu, ikiqat qeyri-müəyyənliyin (riskin) mövcud olduğu vəziyyətdir.
Elmi çıxış yolu hələlik tam müəyyən edilməsə də, T.Parsons (ikiqat kontingentlik), N.Luman (ümumsistem nəzəriyyəsi), B.Latur (şəbəkə yanaşması) və sinergetik nəzəriyyələr (xaosdan nizama keçid) əsasında nəzəri-metodoloji baza formalaşır.
Bu prizma ilə 2020-ci ildən başlayan yeni tarixi mərhələ geosiyasi aspektdə maraqlı mənzərə yaradır. Geosiyasi əsasları bir neçə istiqamətə bölmək olar:
Regional-regionlararası qlobal ahəngdarlıq
Prezident İlham Əliyev yeni tarixi mərhələdə regional miqyasda geosiyasi dinamikanı regionlararası və qlobal proseslərlə ahəngdarlıqda saxlayır və buna nail olur. Bunun üçün beynəlxalq təşkilatlarda fəallıq və təşəbbüskarlıq yeni səviyyəyə yüksəlib.
Azərbaycanın yeni əməkdaşlıq və təhlükəsizlik platformaları irəli sürməsi də bu prosesə xidmət edir: İran və Suriya istiqamətində ikitərəfli əməkdaşlıqlar, İsrail-Türkiyə münasibətləri kontekstində üçtərəfli formatlar, yeni müstəmləkəçiliyə qarşı kollektiv fəaliyyət təşəbbüsləri və s.
Azərbaycan diplomatiyası müxtəlif coğrafi bölgələrdə – Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq, Afrika, Okeaniya, Avropa – milli və regional maraqlara uyğun balans yaratmağa çalışır.
Regional sülhyaratmadan regionlararası əməkdaşlığa
XXI əsrdə qalıcı və nəticəverici sülh mühiti yaratmaq liderlər üçün vacib vəzifə sayılır. Keçici atəşkəs və müvəqqəti sülh yeni münaqişələrə zəmin yaradır. Buna görə də Prezident İlham Əliyev sülhyaratma fəlsəfəsini regionlararası əməkdaşlıqla birləşdirir.
Məsələn, Çinə səfərində Zəngəzur dəhlizi məsələsini “Orta Dəhliz” layihəsi çərçivəsində təqdim etməsi; Suriyada yenidənqurma işlərinə konseptual və praktiki töhfə verməsi; Azərbaycan yeganə dövlətdir ki, Suriyanın bərpasında konkret addımlar atır.
Azərbaycan Prezidentinin bu istiqamətdəki fəaliyyəti sadalanan nümunələrlə məhdudlaşmır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru