Səmimi qonşuluqdan strateji tərəfdaşlığa

post-img

Azərbaycan–Gürcüstan parlamentlərarası əməkdaşlığın yeni hədəfləri

Azərbaycan və Gürcüstan arasında tarixi köklərə əsaslanan dostluq, mədəni və siyasi əlaqələr var. Bu münasibətlər Heydər Əliyevin hakimiyyəti dövründə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ildə isə Tbilisidə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında diplomatik münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb. Bu gün isə Gürcüstan Cənubi Qafqazda Azərbaycanın ən yaxın və etibarlı tərəfdaşlarından biri kimi çıxış edir.

Hazırda Azərbaycan və Gürcüstan arasında enerji, nəqliyyat və ticarət sahələrində sıx əməkdaşlıq mövcuddur. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Qars kimi transmilli layihələr əməkdaşlığın bariz nümunələridir. Bu strateji əməkdaşlıq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və regional sabitlik prinsiplərinə söykənir. Bu günlərdə azərbaycanlı parlamentarilərin Gürcüstana səfəri də iki ölkə arasında dostluğa və strateji əməkdaşlığa xidmət edir.

2025-ci il iyunun 3–4-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, Elm və təhsil, Gənclər və idman komitələrinin sədrləri Gürcüstanda rəsmi səfərdə olublar. Səfər çərçivəsində keçirilən görüşlərdə xüsusilə gənclər siyasəti, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Milli Məclisin Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Arzu Nağıyev XQ-yə bildirdi ki, səfər Prezident İlham Əliyevin Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə Bakıda keçirilən görüşündə razılaşdırılan təşəbbüslərin davamıdır. Onun sözlərinə görə, aparılan müzakirələr bir sıra mühüm razılaşmalarla nəticələnmiş və yaxın dövrdə onlar konkret layihələrə çevriləcək. Deputatın sözlərinə görə, səfər zamanı gənclər siyasəti əsas mövzulardan biri olub: “Tərəflər arasında əldə olunmuş razılaşmalara əsasən, birgə gənclər forumları, yay düşərgələri, tələbə mübadilə proqramları, bilik yarışmaları və tematik görüşlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlər Azərbaycan və Gürcüstan gəncləri arasında dostluğun dərinləşməsi, qeyri-formal təhsilin təşviqi və gənclər arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından önəmlidir”.

***

Yada salaq ki, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafında yay düşərgələri önəmli rol oynayır. Xüsusilə diqqətəlayiq məqam odur ki, Azərbaycanda təşkil olunan bu düşərgələrdə xaricdə yaşayan, eləcə də Gürcüstanın Borçalı bölgəsində doğulmuş azərbaycanlı gənclər iştirak edirlər. Bu düşərgələr Azərbaycanı yaxından tanımaq, dilimiz və tariximizlə yaxından tanış olmaq baxımından unikal fürsət yaradır. Azərbaycan dili üzrə xüsusi panellər, tarixi təqdimatlar və şəbəkələşməyə xidmət edən müxtəlif interaktiv sessiyalar təşkil olunur.

Eyni proses Gürcüstanda keçirilən düşərgələrdə də tətbiq olunur. Gənclər Gürcüstanın tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri ilə tanış olur, qarşılıqlı anlaşma və inteqrasiyaya töhfə verirlər.

A.Nağıyevin sözlərinə görə, səfər çərçivəsində Azərbaycanlı parlamentarilər Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze ilə görüşüblər. Görüşdə elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri geniş müzakirə olunub. A.Tsuladze bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq bu sahədə də qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradır. O, Azərbaycanın Elm və təhsil nazirinin yaxın vaxtlarda Gürcüstana səfər edəcəyini, sentyabr ayında isə özünün Bakıda keçiriləcək beynəlxalq təhsil konfransında iştirak edəcəyini qeyd edib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Arzu Nağıyev Azərbaycanda həyata keçirilən təhsil islahatları, yeni proqramlar, gənclər siyasəti və elmin inkişafına dair təşəbbüslər haqqında ətraflı məlumat veriblər.

Bəli, bu gün Azərbaycanla Gürcüstan arasında strateji əməkdaşlığın mühüm istiqamətlərindən biri təhsildir. Bu əməkdaşlıq yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, həm də Gürcüstanda yaşayan azərbaycanlı icmanın təhsilinə göstərilən dəstək vasitəsilə özünü göstərir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən Gürcüstandakı azərbaycanlıların yaşadığı bölgələrdə məktəblərin əsaslı təmiri, müasir dərsliklərin göndərilməsi, tədris prosesinə texniki dəstəyin göstərilməsi bu siyasətin konkret nəticələridir.

Təhsil sahəsində əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi, qarşılıqlı səfərlər və birgə layihələrin icrası davamlı xarakter daşıyır. Gürcüstan hökuməti də öz növbəsində ölkənin müxtəlif bölgələrində yaşayan, o cümlədən yerli bələdiyyələrdə çalışan soydaşlarımız üçün gürcü dili üzrə təkmilləşdirmə kursları və ixtisasyönümlü dil tədrisi təşkil edir. Bu təşəbbüslər azərbaycanlıların dövlət idarəetmə orqanlarına inteqrasiyasına töhfə verir.

Eyni zamanda, hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Gürcüstanın universitetlərində həm yerli azərbaycanlı tələbələr, həm də Azərbaycandan gələn tələbələr təhsil alırlar. Oxşar proses Azərbaycanda da müşahidə olunur. Burada gürcüstanlı tələbələr ali təhsil imkanlarından yararlanırlar. Bu çərçivədə tələbə və müəllim mübadiləsi proqramları həyata keçirilir ki, bu da qarşılıqlı anlaşmanın və akademik potensialın inkişafına xidmət edir.

Sonda onu da qeyd edək ki, iki ölkə təhsil sahəsində mövcud hüquqi bazanın gücləndirilməsi və bir sıra istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıb.

Beləliklə, Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq və qonşuluq çərçivəsindən çıxaraq, strateji tərəfdaşlığa çevrilib. Yüksək səviyyəli siyasi dialoq, iqtisadi və enerji sahəsində əməkdaşlıqla yanaşı, parlamentlərarası və humanitar sahədə əlaqələrin gücləndirilməsi gələcək nəsillərin ortaq dəyərlər üzərində formalaşmasına zəmin yaradır. Gənclərin, tələbələrin və mütəxəssislərin birgə layihələrdə iştirakı isə iki ölkə arasında qarşılıqlı etimadı daha da möhkəmləndirərək, regionda sülhün, sabitliyin qorunmasına xidmət edəcəkdir.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət