Milli Məclisin plenar iclası keçirilib

post-img

Mayın 1-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Spiker Sahibə Qafarova bugünkü iclasda 13 məsələnin müzakirə olunacağını nəzərə çatdırıb.

Gündəliyin birinci məsələsi barədə məlumat verən parlamentin sədri qeyd edib ki, möhtərəm cənab Prezidentin təqdimatına əsasən, Milli Məclis Kamran Bayram oğlu Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsinə  münasibət bildirməlidir.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə dair məlumat verib. O, Kamran Əliyevin Baş prokuror kimi çalışdığı dövrdə prokurorluq orqanlarında islahatların müasir tələblərə uyğun daha da dərinləşdirildiyini və öz müsbət nəticəsini verdiyini söyləyib. Komitə sədri bu illər ərzində ölkədə aparılan korrupsiyaya qarşı mübarizədə  prokurorluq orqanlarının rolundan danışıb. O, vurğulayıb ki, Prokurorluq işçiləri ölkə Prezidentinin söylədiyi: “Güclü siyasi iradə, prokurorluq işçilərinin peşəkarlığı, təmizliyi, dürüstlüyü, cəmiyyətdə korrupsiyaya qarşı olan ciddi mübarizə əhval-ruhiyyəsi – məhz bütün bu amillər bizə məqsədə çatmaq üçün  köməklik göstərəcək və Azərbaycan korrupsiyaya qarşı mübarizədə də ön planda olacaqdır” fikirlərini hər zaman əldə rəhbər tutublar.

Əli Hüseynli qeyd edib ki, müasir dövrdə Prokurorluq və hüquq mühafizə orqanları, güc strukturları arasında səmərəli əməkdaşlıq mövcuddur. Bunun nəticəsində ölkəmizdə mütəşəkkil cinayətkarlığın bütün formalarına qarşı effektiv mübarizə həyata keçirilir. O, hazırda Azərbaycan ictimaiyyətinin Bakı Hərbi Məhkəməsində hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesində bir daha prokurorluq orqanlarının peşəkar istintaq apardığının şahidi olduğunu söyləyib.

Komitə sədri Kamran Əliyevin fəaliyyəti ilə bağlı məlumatında onun Azərbaycanın prokurorluq orqanlarının bütün sahələrində şərəflə çalışdığını, dövlətçilik ideyalarına və milli maraqlara hər zaman sadiq olduğunu bildirib. Həmçinin, Kamran Əliyevin antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsində rolundan bəhs edilib, onun prokurorluq orqanlarını beynəlxalq təşkilatlarda layiqincə təmsil etdiyi diqqətə çatdırılıb.

Əli Hüseynli bu illər ərzində  Milli Məclis və Baş Prokurorluq arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayıb. Deputatların sorğularının, müraciətlərinin diqqətlə araşdırıldığını, müvafiq tədbirlərin görüldüyünü bildirib. O, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Kamran Əliyevin namizədliyinə müsbət rəy verdiyini söyləyib.

Sonra Kamran Bayram oğlu Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi məsələsi səsə qoyularaq qəbul edilib.

Plenar iclasda çıxış edən Kamran Əliyev onun bu mühüm vəzifəyə yenidən təyin olunmasına dair ali qanunvericilik orqanına təqdimatla müraciət etdiyi üçün Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevə öz adından və prokurorluq orqanlarının kollektivi adından təşəkkürünü ifadə edib. O, vurğulayıb ki, respublikamızın bugünkü uğurlarının əsasını müasir Azərbaycanın qurucusu, Konstitusiyamızın müəllifi,  Ümummilli Lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı, suverenliyimizin tam bərpasına hədəflənmiş strategiyası və uzaqgörən siyasəti təşkil edir. Bildirib ki, məhz bu strategiyanın Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən dünyada gedən mürəkkəb proseslər fonunda uğurla davam etdirilməsinin, habelə balanslaşdırılmış səmərəli xarici siyasətin aparılmasının və ordu quruculuğuna verilən önəmin nəticəsidir ki, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı 30 ildən çox bir müddətdə davam etmiş problemlərə birdəfəlik son qoyulub, ölkəmizin suverenliyi və konstitusiya quruluşu bütün ərazilərimizdə tam bərpa olunub.

Kamran Əliyev deyib ki, prokurorluq orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin “Respublika prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və qayğının göstəricisidir. O, bildirib ki, bu diqqət və qayğı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən də davam etdirilir, prokurorluq əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, prokurorluq orqanlarının maddi-texniki bazasının ən müasir tələblər səviyyəsində yenilənməsi istiqamətində önəmli addımlar atılır. O, hazırda yeni prokurorluqların, o cümlədən Kəlbəcər, Qubadlı, Ağdam hərbi və Xankəndi şəhər prokurorluğunun təsis edildiyini nəzərə çatdırıb.

O, prokurorluq orqanlarında aparılan islahatların mütərəqqi nəticələri barədə söhbət açaraq, bunun vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etdiyini, bu islahatların hazırda da davam etdirildiyini bildirib və yeni dövrdə, xüsusən də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Prokurorluğu qarşısında duran mühüm vəzifələr, görüləcək işlər barədə ətraflı məlumat verib.

Çıxışının sonunda Kamran Əliyev Azərbaycan Prokurorluğunun öz fəaliyyətini  göstərilən ali etimada layiq səviyyədə quracağına, Konstitusiya və qanunlarda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəyinə, dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcəyinə əminliyini bildirib.

Sonra parlamentin sədri növbəti 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib.

O, qanun layihəsində keyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə vahid elektron informasiya sisteminin hüquqi bazasının yaradılması, bu sahədə elektron xidmətlərin tətbiqi yolu ilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və xidmətlərin şəffaflığının artırılması ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.

Komitə sədri, həmçinin sənədin ikinci oxunuşda müzakirəsi zamanı səsləndirilən bəzi təklif və qeydlərlə əlaqədar bildirib ki, layihənin mövcud redaksiyada saxlanılması məqsədəmüvafiq hesab olunub. O, qanunvericilik təşəbbüsü subyektinin bununla bağlı qeydlərinin də təqdim edildiyini söyləyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Mülki Məcəllədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. Komitə sədri layihə ilə bağlı əlavə rəy və təklifin daxil olmadığını, sənədin  üçüncü oxunuşda rəhbərlik etdiyi komitədə müzakirə olunaraq, plenar iclasa tövsiyə edildiyini bildirib.

Layihədə nəzərdə tutulan dəyişikliklər qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə həmin orqanların qərarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə daxil edilməsi və həmin sistem vasitəsilə əldə edilməsi məqsədilə hazırlanıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova sənəd barədə bu komitələrin rəylərini açıqladıqdan sonra qanun layihəsi üçüncü  oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. Millət vəkili birinci və ikinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini, əlavə heç bir irad və təklifin daxil olmadığını deyib, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Dəyişikliklərdə  icra məmurunun icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsinin yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı vəzifəsi təsbit olunur. Layihəyə əsasən, həmçinin icra icraatı çərçivəsində pul vəsaitlərinin ödənilməsi də  yalnız nağdsız qaydada həyata keçirilir, ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə inzibati məsuliyyət müəyyən edilir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələyə dair rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini nəzərə çatdırdıqdan sonra qanun layihəsi üçüncü  oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. O, əvvəlki iki oxunuşda sənəd barədə ətraflı məlumat verildiyini, komitəyə hər hansı təklifin daxil olmadığını deyib və layihənin üçüncü oxunuşda da dəstəklənməsini xahiş edib.

Layihədə nəzərdə tutulan dəyişikliyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinin məlumatlarının sorğu əsasında qeyd olunan məqsədlər üçün və zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanına verilməsinin hüquqi bazası yaradılır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova digər iki məsələnin bir oxunuşda qəbul ediləcəyini söyləyib. Spiker növbəti məsələnin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu nəzərə çatdırıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu qanun layihəsi barədə məlumat verərək, sənədin ölkə Prezidenti tərəfindən təqdim olunduğunu deyib. O, Fövqəladə Hallar Nazirliyinin yarandığı 20 il ərzində öz peşəkarlığı ilə seçildiyini, təbii fəlakətlər zamanı əhaliyə dəstək göstərərək, üzərinə düşən vəzifələri  layiqincə yerinə yetirdiyini, eyni zamanda, digər ölkələrdə baş verən fövqəladə hallarda öz köməyini əsirgəmədiyini bildirib. Komitə sədri, bu baxımdan “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” yubiley medalının təsis edilməsinin məqsədəuyğun hesab olunduğunu qeyd edib.

Bildirilib ki, sənəddə adı çəkilən qanuna "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)" yubiley medalı" məzmununda yeni hissənin əlavə edilməsi, habelə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsviri"nin təsdiq edilməsi ilə bağlı maddələr təsbit olunur.

Əsasnaməyə əsasən, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” yubiley medalı ilə fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilirlər. Medalın ümumi təsvirində həm Fövqəladə Hallar Nazirliyinin elementləri, həm də milli atributlar öz əksini tapıb.

Müzakirələr zamanı parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Vüqar Rəhimzadə məsələ barədə öz fikirlərini açıqlayıblar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi barədə söhbət açıb.

Komitə sədri bildirib ki, qanun layihəsində beş məcəlləyə və on iki qanuna uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, Mülki, Vergi, Gömrük, Miqrasiya və Rəqabət məcəllələrində və bəzi qanunlarda bir sıra termin və anlayışlar "Aviasiya haqqında" qanuna uyğun olaraq dəyişdirilir. Dəyişikliklər əsasən "təyyarə" sözünün "hava gəmisi", "aviaqaimə" termininin "hava nəqliyyatında yük qaiməsi", "aeroport" sözünün "hava limanı", "vertolyot" sözünün "helikopter" sözü ilə əvəz edilməsini nəzərdə tutur.  

Qeyd edilib ki, "Aviasiya haqqında" qanunun 9.1-ci maddəsinə əsasən mülki aviasiya sahəsində icazələrin, o cümlədən şəhadətnamə, vəsiqə və sertifikatların verilməsi və tanınması xidmətlərinə görə "Dövlət rüsumu haqqında" Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulub. Bu müddəaya uyğun olaraq "Dövlət rüsumu haqqında" qanuna müvafiq dəyişikliklər təklif olunur. Təklif olunan bütün hüquqi hərəkətlər "Aviasiya haqqında" qanunun  9.1-ci maddəsində öz əksini tapır və hazırki dəyişiklik ilə yalnız onlara görə tutulan dövlət rüsumlarının məbləği (minimum miqdarda olmaqla) müəyyənləşdirilir.

Eyni zamanda, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanunun 18-ci maddəsi və "Lisenziyalar və icazələr haqqında" Qanuna 3 nömrəli əlavənin 8-ci maddəsi "Aviasiya haqqında" qanuna uyğun olaraq yeni redaksiyada verilir.

Sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım qanun layihəsində bu komitələrin profilinə uyğun olan qanunvericilik aktlarında edilən dəyişikliklərə müsbət rəy verildiyini açıqlayıblar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin qalan 6 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Gündəliyin səkkizinci məsələsi olan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.

O, bildirib ki, qanun layihəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının hüquqi statusunun daha ətraflı tənzimlənməsi, həmçinin bir sıra normaların təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Təklif edilən dəyişikliklərlə bağlı birinci oxunuşda ətraflı məlumat verildiyini deyən komitə sədri komitəyə layihəyə dair heç bir rəy və təklifin daxil olmadığını diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələ - Mülki Prosessual Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihə haqqında  birinci oxunuşda geniş  məlumat verildiyini deyən komitə sədri sənədin məhkəmə qərarlarının icrası sahəsindəki tədbirlərin daha da gücləndirilməsi məqsədi ilə hazırlandığını diqqətə çatdırıb. Məhkəmə qərarlarının icrası sahəsindəki müsbət dinamikanı qeyd edən Əli Hüseynli bildirib ki, layihədə təklif olunan dəyişikliklər də öz növbəsində qarşıya çıxan problemlərin aradan qaldırılmasına xidmət edəcək.

Sənədin müzakirəsində deputatlar Vüqar Bayramov və Elçin Mirzəbəylinin dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, müzakirəyə təqdim olunan qanun layihəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, qanun layihəsi barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, təklif edilən dəyişikliklərə dair komitəyə heç bir rəy və təklifin daxil olmadığını qeyd edib. Bildirilib ki, nəzərdə tutulan dəyişikliklərin mahiyyəti güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxslərin pensiya təminatında dövlət öhdəliklərinin çərçivəsinin dəqiqləşdirilməsi ilə bağlıdır.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

On ikinci məsələ - Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov təqdim edib. O, bildirib ki, layihə haqqında birinci oxunuşda ətraflı məlumat verilib və komitəyə təklif edilən dəyişikliklərə dair heç bir rəy və təklif daxil olmayıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib. Layihə ilə bağlı birinci oxunuşda ətraflı məlumat verildiyini deyən komitə sədri diqqətə çatdırıb ki, sənəd dövlət mühafizəsinə götürülən abidələrə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsasların təsbit edilməsi məqsədi ilə hazırlanıb. Sənədin birinci oxunuşda müzakirəsində səslənən fikirlərin layihənin predmetinə aid olmadığını deyən Polad Bülbüloğlu qanun layihəsinin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihənin müzakirəsində deputatlar Hikmət Məmmədov, Vüqar Rəhimzadə və  Aydın Mirzəzadə çıxış ediblər, tarixi abidələrin qorunması, onların sənədləşdirilməsi məsələləri ilə bağlı fikirlərini səsləndiriblər. Milli Məclisin sədri Sahibə Qafarova səslənən fikirlərə öz münasibətini bildirib.

Sonra qanun layihəsi səsə qoyularaq ikinci  oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Siyasət