Milli mətbuat: Ənənələrə sədaqət, mübarizlik ruhu və “yol xəritəsi”

post-img

“XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir”.

Bu fikirlər Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli sərəncamında yer alıb. Hesab edirik ki, dövlət sənədi milli mətbuatımızın 150 illik yubileyinə dəyərin ifadəsi baxımından dolğunluğu ilə fərqlənir. Yazımızda bu baxımdan bir sıra vacib məqamların üzərində dayanacağıq. Əlbəttə, ilk növbədə, ölkəmizin liderinə, bütövlükdə, Azərbaycan jurnalistikasına verdiyi yüksək dəyərin növbəti bariz nümunəsinə – mühüm dövlət sənədinə görə “Xalq qəzeti” kollektivinin təşəkkürünü bildiririk.

Ənənələrə sədaqət

Məlumdur ki, milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəyə çevrilib. Bu ənənənin əsasını isə ulu öndər Heydər Əliyev qoyub. Prezident Heydər Əliyev “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” 27 mart 2000-ci il tarixli Fərmanında milli mətbuatımızın formalaşmasını Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olaraq qiymətləndirib. Fərmanda Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması XIX əsrin ikinci yarısından sonrakı dövrdə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən maarifçilik hərəkatı, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə əlaqələndirilib.

“Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri – maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı” kimi fikirlərin əksini tapdığı Prezident fərmanı ümumən dahi mütəfəkkir Həsən bəy Zərdabiyə yüksək dəyərin ifadəsi olmaqla yanaşı, eyni zamanda, sonrakı dövrlərdə mətbuatın imkanlarını xalqımız və dövlətimiz naminə səfərbər etməyi bacarmış dəyərli ziyalılarımızın xatirəsinə ehtiramın nümunəsidir.

Bu dövlət sənədi, həmçinin özünün əhatəliliyi baxımından keçmişə ekskurs mahiyyəti daşıyaraq, mətbu tariximizi Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsi kimi vurğulayır, onun milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rolu önə çəkilir, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə verdiyi töhfə yüksək qiymətləndirilir. Ən başlıca məqamlardan biri isə sözügedən fərmanda müasir Azərbaycanda jurnalistikanın qarşısında duran vəzifələrin təsnifatlandırılmasıdır.

Qeyd edək ki, ulu öndər Heydər Əliyev güclü jurnalistikanı müasir müstəqil Azərbaycanda hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun mühüm vasitəsi kimi görürdü. Ümummilli liderin mətbuata diqqət və qayğı siyasəti də bu dərin və fundamental baxışdan qaynaqlanırdı. Ona görə də haqqında söz açdığımız sənəddə ölkəmizin mətbu inkişaf yolunda olması, həmin vaxtadək reallaşdırılmış tədbirlərin isə məhz inkişafı hədəf seçdiyi vurğulanır. Tədbirlərə gəlincə, Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı ilə ölkəmizdə kütləvi informasiya vasitələrini demokratiya və aşkarlığın mühüm vasitəsi elan etmiş, söz, mətbuat azadlığının təminatı, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə sahəsində problemləri diqqətə çatdırmışdı.

Fərmanda, həmçinin dövlət siyasətimizin əsas məqsədləri sırasında mütərəqqi mətbuat ənənələrinin davamı, həmin ənənələrin müasir beynalxalq təcrübə ilə zənginləşdirilməsi, media orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə məsələləri açıqlanmışdı. Ümumən, azad mətbuat manifesti kimi dəyərləndirilən bu sənədin mühüm xüsusiyyətləri barədə bir çox məqamları önə çəkmək mümkündür. Ən başlıca məqam isə senzuranın yolverilməzliyidir. Qətiyyətlə demək olar ki, fərmana əsasən, Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarənin ləğvi həm bu yolverilməzliyin vurğulanması, həm də söz azadlığının və plüralizmin yüksək səslə bəyan edilməsi idi.

Prezident Heydər Əliyevin “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” 20 iyul 2001-ci il tarixli Fərmanı da Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin inkişaf etdirilməsini, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, Azərbaycan dilinin inişafı sahəsində düzgün istifadəni dövlət siyasətinin əsas məqsədlərindən biri olaraq elan etdi. Sənəddə jurnalistlərin təhsillərini və peşəkarlıq səviyyələrini artırmaları, vətəndaşlıq məsuliyyətini dərindən dərk etmələri Azərbaycan dövləti və cəmiyyəti üçün xüsusi əhəmiyyət daşıyan məsələlər kimi təsdiqləndi.

Bütün bunlar ənənə idi. O ənənə ki, İlham Əliyevin prezidentliyi dönəmində nəinki öz davamını tapdı, eyni zamanda, zənginləşməklə media sahəsindəki dövlət siyasətinin fundamental əhəmiyyəti ən müxtəlif tədbirlərdə vurğulandı. “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Prezident Sərəncamının ilk mühüm cəhəti də sənədin məhz ənənələrə sadiqlik ruhundan qaynaqlanmasıdır: “Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur”.

Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin istər bu sərəncamı, istər milli mətbuatımızın 130, 135, 140 və 145 illik yubileylərinin keçirilməsinə dair imzaladığı sənədlər, istərsə də mediaya dövlət qayğısını sistemləşdirən digər tədbirlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi kursun daha qəti addımlarla davam etdirilməsi idi. Bunun nəticəsidir ki, Azərbaycan media ilə bağlı mühüm beynəlxalq tədbirlərin keçirildiyi, dünyanın jurnalist ictiamiyyətini düşündürən məsələlərin geniş müzakirəyə çıxarıldığı məkan, oturuşmuş diskussiya platformasıdır. Hazırda dövlətimizin yüksək təşkilatçılığı ilə reallaşdırılan Şuşa Beynəlxalq Media forumları isə özü ayrılıqda bir ənənədir.

Mübarizlik ruhu

Prezident İlham Əliyevin yeni sərəncamı milli mətbuatımızın, habelə onun şanlı ənənələrini davam etdirən müasir mediamızın mübarizlik ruhunun vurğulanması baxımından da mühüm dövlət sənədidir. Həm yazının əvvəlində gətirdiyimiz iqtibas, həm də sərəncamda “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar” – fikrinin vurğulanması qənaətimizin təsdiqidir. Amma sərəncamda diqqətə çatdırdığımız məsələ ilə bağlı digər vacib məqamlar da var.

Bəli, “Əkinçi”dən sonrakı milli nəşrlər fəaliyyətləri ilə 1918-ci ildə əldə edilmiş dövlət müstəqilliyimizin ideoloji bazasını, məfkurə qaynağını hazırladılar. Dövlət müstəqilliyimizin – Azərbaycan Xalq Cümhuriyyətinin ömrü az olsa da, gedilmiş yolun özəllikləri totalitar sovet dövründəki Azərbaycan mətbuatına da təsirini göstərdi. Çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, həmin dövrün qəzetləri ana dilimizin və mədəniyyətimizin yaşadılmasında böyük xidmətlərlə yadda qaldı, milli özünüdərk proseslərində mühüm rol oynadılar. Mətbuat XIX əsrin sonu – XX əsrin əvvəllərinin Azərbaycanında olduğu kimi, keçmiş Sovet Azərbaycanında da dəyərli ədiblərimizin və fikir adamlarımızın xalqla ünsiyyət platformasına çevrildi, görkəmli ziyalıları xalqa tanıtdı, eyni zamada, onların mütərəqqi ideyalarını, xalqın imperiya buxovlarından xilası düsturlarını insanlara çatdırdı. Bütün bunlar isə mətbuatımızın tarixi missiyasını təkrarlaması üçün şərait yaratdı. Nəhayət, jurnalistikamız XX əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizdə müstəsna pay sahibinə çevrildi. Maarifçilik xəttindən qaynaqlanmış milli düşüncə lobbiçiliyi yekunda Azərbaycanın itirilmiş dövlətçilik ənənələrinin bərpası reallığını doğurdu.

Müstəqillik illərində mətbuat və jurnalistika dövlət quruculuğu xəttinin gerçəkləşməsinə misilsiz töhfələr verməklə, həqiqətlərimizin beynəlxalq müstəvidə təbliği istiqamətində ardıcıl fəaliyyət göstərdi. Ən başlıca məqam isə Prezident sərəncamında vurğulanır: “Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır”.

Hesab edirik ki, sərəncamda keçmişə ekskurs baxımından diqqətə çatdırılmış tarixi missiyadan söz açılması və mediamızın 44 günlük müharibə zamanı, müqəddəs Zəfərimizin əldə edilməsində xüsusi rolunun üzərində dayanılması, mühüm dövlət sənədinin mətbuatımızın mübarizlik ruhunun keçmiş və müasir dövr baxımından ardıcıllıq trayektoriyasının vurğulanmasıdır.

Həqiqətən, müstəqillik illərində Azərbaycan jurnalistikasının, media təmsilçilərinin peşəkar davranmaları, cəmiyyətin maraq və mənafelərinə adekvat fəaliyyət göstərmələri baxımından bir çox yaddaqalan olaylar yaşansa da, bu baxımdan ən qürurverici səhnələr məhz İkinci Qarabağ müharibəsi zamanı yaşandı. Müharibə, sanki, bir sınaq oldu. Jurnalistikamız həm peşəkarlıq nöqteyi-nəzərindən, həm də ideoloji baxımdan təkmil və oturuşmuş komanda, cəmiyyəti öz arxasınca aparan dinamik və mütəşəkkil ictimai institut funksiyasını uğurla yerinə yetirdi. Əlbəttə, belə bir yolun seçilməsi də iradədən qaynaqlanırdı.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin savaş günlərində dünyanın media orqanlarına verdiyi çoxsaylı müsahibələrdə səsləndirdiyi prinsipial mövqe jurnalistlərimizi həm qətiyyətləndirdi, həm də dövlətimizin başçısının irəli sürdüyü tezislər onları xaricdən edilən informasiya təxribatlarına qarşı mübarizənin müsəlləh əsgərinə çevirdi.

“Yol xəritəsi”

Əlbəttə, hazırda mətbuat və jurnalistika baxımından tamam başqa dəyərlərin ön planda olduğunu görə bilərik. Dövrün və zamanın dəyişməsi ilə tamam fərqli stereotiplərin və baxışların, az qala, jurnalistika standartlarını meydana çıxardığını görürük. Görürük ki, çeviklik rəqabət meyarına çevrilib. Üstəlik, informasiyanın özü siyasətin tərkib hissəsidir. Bu cür qarışıqlıqda, habelə media konvengersiyası mühitində peşəkarlığın çərçivələrini qorumaq çətindir. Dezinformasiya kimi yalan bilgi yayıcılığı dünyaya hakim kəsilibsə, deməli, bütövlükdə, jurnalist peşəkarlığına yanaşmalar da dəyişib.

Bəzən elə təəssürat yaranır ki, medianın dünya dövlətləri tərəfindən bəyan edilmiş obyektivlik və tərəfsizlik kimi prinsipləri tamamilə sıradan çıxıb və bu barədə çox fikirlər səslənib. Hətta xarici media orqanlarının bir çox hərəkət və davranışlarındakı mənfi təmayülləri vurğulayaraq, onların yanaşmalarının doğru olmadığını, etik normalarla bir araya sığmadığını əsaslandırmışıq. Amma, bu, nə dərəcədə kifayətdir?

Bəli, dövlətlərin milli təhlükəsizliklərinin informasiya təhlükəsizliyi kimi mühüm seqmentinin mövcudluğu şəraitində Azərbaycan mediasının qarşısında mühüm vəzifələr dayanır. Bu vəzifələr keçmişin ənənələrini yaşatmaqla, yeni dövrün xüsusiyyətlərinə uyğunlaşmanı, peşəkarlıq vərdişlərinə yiyələnməni rəhbər tutur. Əslində, Prezident İlham Əliyevin media fəaliyyətinin müxtəlif müasir aspektləri ilə bağlı səsləndirdiyi fikirlərdə də mövcud məqam vurğulanır.

Bu baxımdan Prezidentin ötən il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi bir fikrə nəzər salaq: “Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”.

Prezident İlham Əliyev, demək olar ki, bütün mühüm toplantılarda oxşar mənfi meyilləri diqqətə çatdırır, konkret misallar üzərində dayanır. Hesab edirik ki, dövlətimizin başçısının dövrün qlobal media mənzərəsinin xüsusiyyətlərini canlandıran fikirləri, eyni zamanda, Azərbaycan jurnalistikasına mənfi təmayüllərə qarşı mübarizə əzmini aşılamaqdır.

Nəhayət, yuxarıdakı suala cavab verək. Cavab budur ki, beynəlxalq miqyasdakı neqativ media narrativlərini diqqətə çatdırmaq əsas deyil. Başlıca vəzifə həmin narrativlərə qarşı çıxmaqdır. Bunun üçün isə daim inkişaf etmək, qlobal media trendləri ilə ayaqlaşmaq mütləqdir. Azərbaycan dövlətinin hazırda reallaşdırdığı kurs da məhz buna hesablanıb. Bu mənada Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının “yol xəritəsi” mahiyyətini yada salaq: “Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

Sərəncamda o da bildirilib ki, Vətən müharibəsində Qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən, “Media haqqında” Qanunun qəbulu media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir: “Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir”.

Sərəncam təbliğata səsləyir

“Əminəm ki, mediamız və jurnalistikamız üçün əlamətdar tarixlə bağlı imzalanmış mühüm dövlət sənədi bu böyük tarixə yüksək dəyərin ifadəsi baxımından yaddaqalan tədbirlərin keçirilməsi ilə yaddaşlarda qalacaq. Sərəncamda Mətbuat Şurasının da məsuliyyəti müəyyən edilib və Şura üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır”. Bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi haqqında Prezident sərəncamına münasibət bildirərkən deyib.

Qeyd edək ki, dövlət sənədində milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələri nəzərə alınmaqla Prezident Administrasiyasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə 150 illik yubileylə bağlı tədbirlərin keçirilməsini təmin etmək qərara alınıb. Bu məqamın özü də ənənələrə sadiqlikdən qaynaqlanır.

Nəzərə alaq ki, əvvəlki yubiley illərinin müvafiq dövlət sənədlərində də milli mətbuatımızın keçdiyi yola, daşıdığı missiyaya dair tematik toplantıların təşkili müddəaları yer almışdı. Yəni, cəmiyyət, geniş ictimaiyyət jurnalistikanın ölkə həyatındakı rolunu tam təfsilatı ilə dərk etməlidir. Yaşadığımız müasir dövrdə buna ehtiyac daha çoxdur. Çünki artıq informasiya amili özündə çox geniş elementləri birləşdirir. Bir halda ki, sosial şəbəkələr müstəvisində yayılan hansısa bilgi tez bir zamanda ölkələrin gündəmlərini məşğul edən məsələyə çevrilir, başqa yol yoxdur. Görünür, elə bu səbəbdəndir ki, “Media haqqında” Qanunda “Media savadlılığı” anlayışı yer alır. Bu anlayış cəmiyyət üzvlərinə informasiya müstəvisindəki mənfi meyillərə qarşı müqavimət hissini aşılayır, dezinformasiyalarla insanların yanlış yönləndirilməsi kimi mənfi təzahürlərə qarşı etibarlı sipər, ideoloji möhkəmlik yaradır.

Bəli, media orqanlarımız, həmçinin əlaqədar təşkilatlar məhz bu zərurəti dəyərləndirməlidirlər. Yəni, Prezident sərəncamı yubiley təntənəsini jurnalistlərimizin ayrı-ayrı vətəndaş qruplarına xitabı kimi mühüm vəzifəni reallaşdırmaq fürsətidir. Bu fürsət həm vətəndaşlarımızda barəsində söz açdığımız “Media savadlılığı”nın möhkəmləndirilməsi, həm də milli mətbuatımızın tariximizdə oynadığı rolun daha dolğun şəkildə çatdırılması naminə çağırışa çevrilməlidir. Əminik ki, çağırış, ümumən mühüm dövlət sənədindən irəli gələn bütün vəzifələr layiqincə yerinə yetiriləcək və milli mətbuatımızın 150 illik yubileyi ölkə miqyaslı hadisə kimi yaddaşlarda qalacaq.

XQ-nin Analitik qrupu

 

Siyasət