Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq regional sabitliyin və inkişafın mühüm tərkib hissəsidir. Hər iki ölkə ortaq tarixi, mədəni və dini ənənələrə sahib olmaqla yanaşı, iqtisadi baxımdan da bir-birini tamamlayan strukturlara malikdir. Xüsusilə son illərdə bu iki dövlətin ticarət dövriyyəsinin artması, nəqliyyat və enerji sahələrində əməkdaşlıq imkanlarının genişlənməsi mövcud əlaqələrin gələcək perspektivləri barədə nikbinlik yaradır.
Azərbaycan İrana əsasən neft-kimya, kənd təsərrüfatı məhsulları və plastik məmulatlar ixrac edir. Qonşu ölkə isə respublikamıza sənaye avadanlıqları, ərzaq məhsulları və tikinti materialları göndərir. Hər iki ölkə üçün sərhəd ticarət zonalarının yaradılması iqtisadi fəallığı artırmaq baxımından mühüm önəm daşıyır.
Azərbaycan və İran arasında ticarət dövriyyəsinə illər üzrə diqqət yetirsək, artım tendensiyasının son dövrlərdə daha çox müşahidə olunduğu aydın nəzərə çarpar. Belə ki, 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin 500 milyon ABŞ dollarını ötməsi, ötən il isə bu göstəricinin 647 milyon dollara (2023-cü illə müqayisədə dövriyyə 33 faiz artıb) yüksəlməsi qeyd edilən fikrin bariz ifadəsidir. Ekspertlərin fikrincə, diqqətə çatdırılan rəqəmlər hələlik ölkələrimizin potensialını tam əks etdirməsə də, müasir infrastruktur və sərmayə təşviqi vasitəsilə daha yüksək səviyyəyə çatdırıla bilər.
Azərbaycan – İran arasında ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mövcud potensialın maksimum dərəcədə reallaşdırılması ilə yanaşı, investisiya sahəsində əməkdaşlığın inkişafına da mühüm önəm verilir. Azərbaycanın sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərən İran investisiyalı kommersiya qurumlarının əhatə dairəsi isə getdikcə genişlənir. Qonşu ölkənin Azərbaycan iqtisadiyyatına 371 milyon dollardan çox investisiya yatırması faktı da bunun bariz ifadəsidir.
Ekspertlər tərəfindən nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi yüksək dəyərləndirilib. Bu zaman 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcminin 20 faiz, tranzit daşımaların isə 23 faizdən çox artması göstəricisinə əsaslanılıb.
Yeri gəlmişkən, nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə edilən razılaşmalar hər iki hökumət üçün yol xəritəsi kimi yüksək dəyərləndirilib və bu yol xəritəsi kontekstində bir sıra qarşılıqlı faydalı layihələrin icra olunmasına, digər əhəmiyyətli layihələr üzrə isə səmərəli işbirliyinin davam etməsinə başlanılıb.
Xatırladaq ki, bu layihələr hər iki ölkənin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionun, xüsusilə, nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb. Bunların sırasında Şimal – Cənub Nəqliyyat Dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi və Astaraçay çayı üzərində inşa edilən yeni avtomobil və piyada körpüsü Azərbaycan–İran arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olub.
Yeri gəlmişkən, burada bir məqamı qeyd etmək istərdik. Belə ki, ötən ilin dekabr ayında Azərbaycan və Rusiya arasında Şimal – Cənub Nəqliyyat Dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyənləşdirmək və Şimal – Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaq olub. Bu sənəd üzrə əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbinin stimullaşdırılması və daşıma həcmlərinin artım və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempinin balanslaşdırılması əsas məqsəd kimi hədəflənib.
Paralel olaraq keçən ilin dekabr ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi İrana səfər edərək bu ölkənin dəmiryol rəsmiləri ilə görüşüb və İranın Astara şəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələləri və icra müddətlərini, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılmasını, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planlarını müzakirə edib. Görüşdə Azərbaycan və İran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Xatırladaq ki, 2024-cü ildə “Azərbaycan Dəmir Yolları”QSC-nin Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 28 faiz artaraq 814 min ton təşkil edib.
Şərq – Qərb dəhlizinin inkişaf etdirilməsinin, o cümlədən İran ərazisindən keçməklə Naxçıvanla ən qısa əlaqəni gerçəkləşdirəcək Ağbənd – Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılmasını və Siyahrud – Ordubad avtomobil körpülərinin inşasını nəzərdə tutan Şərqi Zəngəzur – Naxçıvan nəqliyyat infrastrukturu, eləcə də müvafiq sərhəd – gömrük infrastrukturunun tikintisi kimi önəmli layihələr də Azərbaycan–İran iqtisadi əməkdaşlığının sürətlə genişlənməsini şərtləndirir.
Hər iki ölkənin nəqliyyat əlaqələrinin genişləndirilməsindən bəhs edərkən, İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün önəmini də qeyd etmək yerinə düşər. Qeyd edək ki, Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin bu ilin sonunadək tamamlanması planlaşdırılır. Bu layihə regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil etməklə, bir sıra əhəmiyyətli funksiyaları yerinə yetirəcək.
Tikinti işləri başa çatdıqdan sonra yeni yol marşrutu Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısını təmin edəcək, Çin–Mərkəzi Asiya–Azərbaycan–İran–Türkiyə xəttini əhatə edən Şərq – Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq. Eyni zamanda, Şimal – Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək, Körfəz ilə Qara dənizi birləşdirən, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış edəcək.
Azərbaycan və İran arasında nəqliyyat əməkdaşlığı regional tranzit layihələri kontekstində mühüm yer tutur. Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bu əməkdaşlığın nüvəsini təşkil edir. Adıçəkilən dəhliz Hindistan, İran, Azərbaycan və Rusiya üzərindən Avropaya qədər uzanan geniş bir marşrutdur. Azərbaycan və İran bu layihə çərçivəsində dəmir yolu bağlantılarının tamamlanması və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində əməkdaşlıq edir.
Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu layihəsi artıq istismardadır və bu marşrutla yüklərin daşınması iki ölkənin tranzit imkanlarını artırır. Bu, yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyəti ilə diqqət çəkir.
Enerji sahəsi də Azərbaycan – İran əməkdaşlığında prioritet istiqamətlərdən biridir. İki ölkə arasında elektrik enerjisi mübadiləsinin davamlı həyata keçirilməsi də bunun bariz ifadəsidir. Mütəxəssislərin fikrincə, Ələt və Astara arasındakı enerji xətləri vasitəsilə qarşılıqlı enerji təchizatı da mümkündür. Eyni zamanda, su ehtiyatlarının birgə idarə olunması, məsələn, Araz çayı üzərindəki su anbarları və su elektrik stansiyaları vasitəsilə enerji istehsalı, eləcə də su təminatı əməkdaşlığın vacib istiqamətlərindəndir.
İran şirkətləri Azərbaycanda müxtəlif sahələrdə – tikinti, nəqliyyat, ticarət və xidmət sektorlarında səmərəli fəaliyyət göstərirlər. Xüsusilə Cəbrayıl rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” çərçivəsində İran investorlarının maraqlı olmaları iki ölkə arasında iqtisadi inteqrasiyanın getdikcə dərinləşməsindən xəbər verir.
Azərbaycan və İran arasında iqtisadi əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün böyük potensial var. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsi, alternativ enerji sahəsində əməkdaşlıq və turizmin inkişafı bu potensialın reallaşmasına töhfə verə bilər.
Eyni zamanda, siyasi etimadın gücləndirilməsi, sərhəd keçidlərinin təkmilləşdirilməsi və regional sabitlik məsələlərində ortaq mövqelər əlaqələrin davamlı inkişafı üçün əsas şərtlərdir.
Sonda onu da qeyd edək ki, indiyədək Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb. İnvestisiyaların qarşılıqlı təşviqi və qorunması, ticarət, enerji, nəqliyyat, turizm, gömrük məsələlərində əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlıq üzrə sazişlərin qəbul edilməsi bunun parlaq ifadəsidir.
Sənədlər əsasən, investisiya qoyuluşu və maliyyələşdirmə sahələrində həyata keçiriləcək layihələr üzrə əməkdaşlığı, elmi və texniki sahələrdə əldə edilən uğurlardan istifadə, digər ticarət sahələrində biri-birinə yardım göstərilməsi, iki ölkənin şirkətlərinin və iqtisadi qurumlarının filial və nümayəndəliklərinin açılışı və fəaliyyətinin dəstəklənməsi kimi məsələləri əhatə edir. Bu sıraya, eyni zamanda, ölkələr arasında ticarət və tranzit sahələrinin inkişafı üçün lazımi infrastrukturun yaradılması məqsədilə avtomobil və dəmir yollarının inkişaf etdirilməsi üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi də daxildir.
V.BAYRAMOV
XQ