Eçmiədzin niyə narahatdır?

post-img

Eçmiədzin kilsəsinin ali ruhani şurası Polşada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərginin keçirilməsindən təşvişə düşüb və bununla bağlı bəyanat yayıb. Erməni mediasında dərc olunan bəyanatda deyilir ki, Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Varşavada təşkil olunan "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərgi Azərbaycanın Ermənistan Respublikasına qarşı ərazi ambisiyalarının, erməni xalqının çoxəsrlik mənəvi və mədəni irsini mənimsəmək istəyinin ifadəsi kimi aparılan yalan təbliğatın növbəti təzahürüdür. Belə qəbuledilməz təşəbbüslər nəinki regionda sülhün bərqərar olmasına töhfə vermir, həm də xalqlar arasında həmrəylik və dinc yanaşı yaşama mühitinin yaradılması istiqamətində atılan bütün addımları neytrallaşdırır. Azərbaycanın tarixi yenidən yazmaq hərəkətləri, Ermənistan və "Artsax" ərazisindəki erməni yaşayış məskənlərini, müqəddəs yerlərini, tarixi və mədəni dəyərlərini azərbaycanlı və ya alban kimi təqdim etmək cəhdləri qətiyyətlə pislənilir. Mədəniyyət siyasi qazanc aləti deyil, xalqlar arasında körpü olmalıdır.

Kilsə beynəlxalq ictimaiyyəti və təşkilatları, diplomatik dairələri, mədəni strukturları tarix və mədəniyyətin bu cür saxtakarlığına aydın qiymət verməyə və Azərbaycanın erməni xalqının dəyərlərinə qəsdlərini qəti şəkildə pisləməyə çağırır.

Bəyanatda, həmçinin aprelin 10-da Romada “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfransın keçirilməsinə də münasibət bildirilib.

Xatırladaq ki, aprelin 8-də bu ölkənin paytaxtı Varşava şəhərinin mərkəzi küçəsində yerləşən Tvardovski meydanında Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı fotosərgi keçirilib.

Sərgidə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış edərək, İrəvan xanlığının təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində mühüm rol oynadığını bildirib. İrəvan xanlığının tarixinin Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəniyyət tarixinin tərkib hissəsi olduğunu vurğulayıb. Səfir İrəvan şəhəri və onun ətrafında hidronim və oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan dilində olmasının bu ərazinin azərbaycanlıların qədim yaşayış məskənlərindən olduğunu sübut etdiyini diqqətə çatdırıb. O, XIX əsrin sonu XX əsrin əvvəllərində İrəvanda Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan və s. kimi çoxlu sayda Azərbaycan adına küçələrin mövcud olduğunu bildirib.

Nərgiz xanım avropalı səyyah və salnaməçilərin, o cümlədən JanBatist Tavernye, Jan Şarden, Dübua de Monper, Avqust fon Haksthauzen və digərlərinin əsərlərində İrəvan şəhərinin səciyyəvi müsəlman şəhəri kimi təsvir olunduğunu qeyd edib.

Səfir XX əsrin əvvəllərinədək İrəvan qalası, onun daxilində yerləşən Xan sarayı (Sərdar sarayı) və Abbas Mirzə məscidinin şəhərin tarixi-memarlıq inciləri hesab olunduğunu diqqətə çatdırıb və Xan sarayını tikdirən İrəvan sərdarları barədə məlumat verib.

Diplomat indiki Ermənistan ərazisində mövcud olmuş 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq və 391 məscidin Qərbi Azərbaycanın tarixi irsinin tərkib hissəsi olduğunu vurğulayıb və 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1987-1988-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və qırğınların nəinki azərbaycanlıların indiki Ermənistandan kütləvi surətdə köçürülməsi ilə nəticələndiyi, həm də minlərlə tarixi abidə, məscidin yerlə-yeksan edildiyini təəssüflə diqqətə çatdırıb.

Göründüyü kimi, bu tədbir tam reallıqların, həqiqətlərin bütün dünyaya çatdırılması məqsədini daşıyır. İstənilən bir ərazinin toponimik sistemi orada tarixən məskun olmuş tayfa birliklərinin, sonradan özündə kiçik etnik qrupları da birləşdirən xalqların dil imkanları hesabına yaranıb. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olublar. XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin 90-cı illərinin sonlarınadək bu coğrafiyadakı yer adlarının 90 faizdən çoxunu təşkil edən türk mənşəli toponimlər–oykonimlər, oronimlər, hidronimlər dəyişdirilərək erməniləşdirilib. Ermənilərin bu saxtakarlığını ifşa edən arxiv materialları çoxdur. Vatikanda keçirilən tədbir də erməni saxtakarlığının ifşa olunmasında mühüm rol oynayıb. Xatırladaq ki, Vatikan əsrlər boyu erməni kilsəsinin əsas hamisi və dəstəkçisi olub. Amma indi bəzi məsələlərdə

Vatikanın mövqeyi dəyişib, gerçəkləri anlayır, Azərbaycanın ərazi bütövlüyünü və bizə aid olan xristian irsini tanıyır..

Ümumilikdə, Polşa və İtaliyada baş tutan tədbirlər hayların narazılığına səbəb olub və Avropada xristian dininə mənsub ölkələrdə keçirildiyinə görə Eçmiədzin kilsəsinin ali ruhani şurası mövqe bildirməyi qərara alıb. Din qardaşlığı mövqeyindən istifadə etməyi düşünüb. Amma həmişəki kimi niyyəti başqa olub.

Özünü sülhün təqdimatçısı, barışdırıcı mövqe aşılayan kimi təqdim etmək istəyən erməni kilsəsinin təxribatçı əməlləri barədə çox danışmaq olar. Nəzərə alaq ki, tarix boyu erməni kilsəsi erməni avantürizminin ideoloji ruporu rolunda çıxış edib. Erməni kilsəsi Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ savaşı zamanı da təxribatçı mövqe tutdu. Dini idarənin dərin əsaslı çağırışının sülhə söykənməli olduğu halda, Eçmiədzin qisas və işğal toxumları səpdi.

Tarix boyu şər yuvası olan erməni kilsəsi hər zaman qonşu xalqlara qarşı aqressiv münasibəti təlqin edib, daim savaşa səsləyən dini mərkəz funksiyasını yerinə yetirib. Yəni bu kimi məsələlərdə din xadimləri ön planda olublar.

Qeyd edək ki, ermənilər məqsədli şəkildə bu ərazilərə köçürüləndən sonra azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və deportasiya həyata keçiriblər. Dayanıqlı, etibarlı sülh sazişinin imzalanması üçün Ermənistan Azərbaycana və azərbaycanlılara qarşı yeritdiyi düşmənçilik siyasətindən səmimi şəkildə əl çəkməlidir. Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməli, bunun üçün konstitusiyasını dəyişməlidir. Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan dövləti tərəfindən strateji addımlar atılır, beynəlxalq ictimaiyyət məlumatlandırılır və Ermənistanın etnik təmizləmə siyasəti ifşa olunur. Qərbi Azərbaycan İcması deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi, tarixi və mədəni irsin qorunması, həmçinin bu irsin dünya miqyasında tanıdılması istiqamətində mühüm işlər görür.

Kilsənin heç bir tarixi əsasa söykənməyən iddiaları, "erməni yaşayış məskənləri", "müqəddəs yerləri" və digər absurd fikirləri nəyə xidmət edir? Qərbi Azərbaycan İcmasının apardığı təbliğat, azərbaycanlıların öz qədim el-obalarına qayıtmaq istəyi niyə onların narahatlığına səbəb olur?

Bu mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən politoloq Zaur Məmmədov bildirdi ki, erməni kilsəsi daim erməni dövlətçiliyinin işğalçılıq siyasətində başlıca rol oynayıb. Məlumdur ki, kilsə erməni dövlətindən əvvəl yaranıb və əsas məqsədi də kilsə ətrafında ərazilərin genişləndirilməsi və işğalçılıq siyasəti olub. Bu gün biz görürük ki, erməni kilsəsi və erməni diasporu Ermənistan dövlətinin başçısı Nikol Paşinyanın apardığı siyasətə qarşıdır. Erməni kilsəsi və erməni diasporunun mövcudluğu ancaq “böyük Ermənistan” xəyalları olarsa mümkündür. Erməni kilsəsinin mövcudluğu və onun varlı dövlətini genişləndirməsi yalnız Qarabağ və sair kimi mövzular olduqca var. Qarabağ məsələsi həmişəlik bağlanıbsa, işğalçılıq siyasəti ilə bağlı heç bir planlar olmayacaqsa, bu erməni kilsəsinə gələn ianələrə də olduqca ciddi təsir göstərəcəkdir. Statistikaya nəzər saldıqda, görürük ki, erməni kilsəsinə və diasporuna gələn ianələrdə ciddi şəkildə azalmalar mövcuddur.

Politoloq əlavə edib ki, indi Azərbaycan bütün bu planları darmadağın edir. Ona görə də erməni kilsəsi narahatdır. Polşadakı və eyni zamanda, dünyanın digər ölkələrindəki tədbirlər artıq Qərbi Azərbaycan İcması tərəfindən başladılan silsilə tədbirlərin əsas məqsədi dünyaya həqiqətləri çatdırmaqdır.

Qərbi Azərbaycan torpaqlarında, bugünkü Ermənistan Respublikasının ərazisində ermənilər daha qədim tarixə malikdirlərsə, o zaman buyursunlar həmin o tarixi sübut edən faktları ortaya qoysunlar, erməni abidələrini göstərsinlər. Həmin ərazilərdə heç bir erməni abidəsi yoxdur. Əfsuslar olsun ki, 70 illik SSRİ dövründə və 30 illik müstəqillik illərində bizə məxsus qədim abidələr ermənilər tərəfindən məhv edildi, çox az sayda abidələr hələ də qalmaqdadır. Ümumiyyətlə, tarixi faktlar da onu deməyə əsas verir ki, istər İrəvanla bağlı Türkmənçay müqaviləsi və ondan sonrakı hadisələr, istərsə də Qarabağla bağlı Kürəkçay müqaviləsi həmin ərazilərdə məhz Azərbaycan xanlarının, azərbaycanlıların olduğunu göstərir. Bunu həmin dövrün demoqrafik statistikası da şərtləndirir.

Zaur Məmmədov vurğulayıb ki, Qərbi Azərbaycan İcması da bu kimi tədbirlərini davam etdirəcəkdir. Bu gün əsas məqsəd dünya xalqlarının əsl həqiqəti, gerçək tarixi bilmələri ilə bağlıdır. Erməni kilsəsinin ümumiyyətlə mövcudluğu məsələsi isə bundan asılı olacaqdır.

Azər MUSTAFAYEV

Siyasət