Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbuslarla və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə pis rəftar, o cümlədən onların davam edən məhkəmə prosesi ilə bağlı əsassız iddiaların qeyd olunduğu 28 fevral tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadənin məsələ ilə bağlı şərhində bildirilib. A.Hacızadə qeyd edib ki, Ermənistanın 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və saxlanılan digər erməniəsilli şəxslər ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər. Cenevrə konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq Azərbaycan bu kimi cinayətlərin araşdırılması, həmçinin mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir.
“Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır.
Yaxşı məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən çox ermənini azadlığa buraxıb və repatriasiya edib. Ermənistan XİN-ə onu da xatırlatmaq istərdik ki, Azərbaycan, həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çox şəxsi heyətə malik qeyri-qanuni erməni silahlı qüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib.
Görünən odur ki, Ermənistan tərəfindən belə bir bəyanatın verilməsi bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham edilməsi ilə əlaqədar məhkəmə prosesi ilə bağlı nə qədər narahat olduqlarını nümayiş etdirir. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunmaları siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir.
Bu kritik dönəmdə Azərbaycan tərəfi Ermənistan tərəfinin hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla, regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan çəkinəcəyini gözləyir”, – deyə A.Hacızadə bildirib.
***
Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın iddialarına dair yerli mətbuatın suallarını da cavablandırıb.
O bildirib ki, Azərbaycanı “etnik təmizləmə”də ittiham edən Fransa tərəfi, keçmiş münaqişənin həllinə məsul olan Minsk prosesinin həmsədrlərindən biri olması və bu ölkənin heç zaman Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini qınamaması fonunda, könüllü surətdə Azərbaycanın Qarabağ bölgəsini tərk edən insanların guya “etnik təmizləməyə” məruz qalmasını iddia etməsi riyakarlıqdan və öz maraqları naminə faktların təhrifindən başqa bir şey deyil.
Fransa tərəfindən ölkəmizə qarşı bu əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik.