“Ermənistandan Ermənistana yol”?

post-img

Yaxud Nikol Paşinyanın eyniləşdirmə cəhdinə sözardı

Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” Partiyasının üzvləri ilə qapalı görüşündə Azərbaycanın sülhlə bağlı 12-ci təkliflər paketini müzakirə edib. Yerli medianın yazdığına görə, o, iki saata yaxın danışıb və partiya üzvlərinə tələsməməyi məsləhət görüb, habelə Bakının təkliflərinin ciddi nəzərdən keçirilməsinin vacibliyini bildirib.

Hazırda Azərbaycanla Ermənistan arasında eskalasiya təhlükəsinin olmadığını deyən baş nazir ona ünvanlanan sualların heç birinə konkret cavab verməməsi ilə diqqət çəkib. Hətta, hakim komanda üzvlərində hökumət rəhbərinin onlara etibarsız yanaşdığına dair təəssürat da yaranıb. Etibarsız yanaşma barədə sonda söz açacağıq.

Hələlik isə...

Ondan başlayaq ki, Bakının İrəvana ünvanladığı 12-ci təkliflər paketi barədə Ermənistanın xarici işlər nazirliyinin məlumatı olub. Məlumatda bildirilib ki, təkliflər sırasında regional kommunikasiyaların açılmasına və qarşılıqlı şəkildə silahlanmaya nəzarət mexanizmlərinin yaradılmasına dair heç nə yoxdur. Yəni Ermənistanın bununla əlaqədar irəli sürdüklərinə Bakının cavabı istisna təşkil edir. Ancaq N.Paşinyan jurnalistlərə açıqlamasında, ümumən, təkliflər paketinin gündəmdə olmasını müsbət qiymətləndirib. O anlamda ki, paket sülh prosesinin dalana dirənmədiyini göstərir. Hər halda, Nikol belə qənaətdədir. Daha sonra isə o deyib ki, indi İrəvan öz təkliflərini təqdim etməlidir. Deməli, təkliflər mübadiləsi hələ ki, davam edir.

Beləliklə, hazırda Azərbaycanın və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iş apardıqlarının pozitiv göstərici olaraq vurğulayan N.Paşinyanın sözlərindən belə çıxıb ki, rəsmi İrəvanın Bakıya cavabı da hazırdır. Baxmayaraq ki, yerli media “Vətəndaş sazişi”nin iclasında onun təkliflər üzərində işləmək göstərişi verdiyini açıqlamışdı və mövcud məqamı az əvvəl diqqətə çatdırdıq.

Nə isə, Paşinyan bildirib ki, Azərbaycanın Ermənistanın irəli sürdüyü həll yolunu müsbət cavablandıracağına ümidvardır. “Açığını desəm, mən təhlil edirəm və çox düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi cavab verməlidir? Obyektiv təhlil göstərir ki, ondan (təkliflər nəzərdə tutulur – red.) imtina üçün heç bir əsas yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında dəmir yolu nəqliyyatından, yəni Qərbi Azərbaycandan Naxçıvana və Ermənistandan Ermənistana – Yerasxdan Mehriyə qədər olan əlaqədən gedir. Həm də hər iki ölkə beynəlxalq yükdaşımaları üçün bir-birinin ərazisindən keçən dəmir yollarından istifadə etmək imkanı qazanacaq”, – deyən Paşinyan onu da bildirib ki, Ermənistan Azərbaycanla dəmir yolunun istismar şərtlərini daha da sadələşdirməyə hazırdır.

Qeyd edək ki, N.Paşinyan əvvəllər də bu barədə söz açmışdı. Söhbət Ermənistanın Naxçıvana yolda sadələşdirilmiş keçidə razılığından gedir. Nəzərə alsaq ki, Ermənistan XİN-in açıqlamasında Azərbaycanın regional kommunikasiyaların blokdan çıxarılması ilə bağlı rəsmi İrəvanın təklifini cavablandırmamasına dair fikir var. Belə düşünmək mümkündür ki, Nikol da məhz ondan danışıb və deyib ki, etirazın səbəbini bilmir. Başqa sözlə desək, o, ölkəmizin məqbul saymadığı variantı, bir növ, ictimailəşdirib.

Əlbəttə, mahiyyət Paşinyanın bildirdiyi kimi deyil. O mənada ki, Azərbaycan Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” kimi fəaliyyət göstərməsində maraqlıdır və dəfələrlə bəyan edib ki, həmin ərazidə sərhəd və gömrük nəzarəti olmamalıdır. Ölkəmiz bunu həm 44 günlük müharibə məğlubu Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyin icrasının vacibliyi baxımından dəyərləndirir, həm də tarix nöqteyi-nəzərdən Azərbaycanın Naxçıvanla quru yolunun mövcudluğu amilinə söykənir. Rəsmi Bakının güzəşti Naxçıvana gedəcək yolun hüquqi cəhətdən Ermənistana məxsusluğunu qəbul etməsidir. İrəvan isə məsələnin belə qoyuluşunu ərazi bütövlüyünə və suverenliyə zidd olaraq qiymənləndirir. İndi Paşinyanın bildirdiklərindən belə nəticə hasil olur ki, Ermənistan əvvəlki mövqeyində qalır. Ona görə də, Bakının İrəvanın təklifini niyə qəbul etməməsindən təəccüblənməməlidir. Əksinə, təəccüblənən tərəf biz olmalıyıq. Çünki Ermənistan 2020-ci ildən indiyədək bir məsələnin həllinə, daha doğrusu, üzərinə düşən işin yerinə yetirilməsinə əhəmiyyət vermir. Göründüyü kimi, yenə hansısa sadələşdirilmiş mexanizm güzəştindən danışır.

Onu da bildirək ki, Nikolun dediklərində bir incə məqam var. Diqqət yetirdinizsə, o, ölkəsinin təklifində Yerasxdan Mehriyə gedən yoldan danışır, fikrini “Ermənistandan Ermənistana yol” məntiqi ilə izah edir. Coğrafi baxımdan yanaşsaq, həmin yol indiki Ermənistan ərazisindən keçir. Halbuki, marşrut Naxçıvandan keçsə, daha qısa və sərfəli olar. Dolayısı ilə Paşinyan “Ermənistandan Ermənistana yol”dan danışmaqla Yerasx-Mehri marşrutunu, Azərbaycanın Naxçıvana yolla bağlı irəli sürdüyü “Azərbaycandan Azərbaycana yol” məntiqi ilə eyniləşdirir. Tam mümkündür ki, məhz bunu nəzərdə tutur: əgər Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolda heç bir gömrük və sərhəd nəzarəti olmayacaqsa, o zaman Ermənistanın bir ərazisini o biri ərazisi ilə bağlayan yolda da eyni prosedur tətbiq edilməlidir. Elə isə o, nəyə görə sadələşdirilmiş keçid mexanizmindən də danışır? Prinsipcə danışmamalı, konkret olmalıdır.

Bəli, N.Paşinyan açıq şəkildə gömrük və sərhəd nəzarətinin olmamasından söz açmır. Yəni onun söylədiklərində xeyli dəqiqləşdirilməli məqamlar var. Aydındır ki, Naxçıvana yol (Zəngəzur dəhlizi) qlobal marşrutun tərkib hissəsidir. Bəs Yerasx-Mehri marşrutu nədir? Onun nə kimi strateji əhəmiyyəti var? Nəzəri baxımdan yanaşsaq, bu yol da Zəngəzur dəhlizinin, böyük anlamda götürsək, qlobal marşrutun tərkibində götürüləcək yoldur. Ermənistan öz əraziləri arasındakı məsafəni qısaldacaq. Ancaq məsələnin digər tərəfi var. Çox güman, Paşinyan daha çox daxili auditoriyanı sakitləşdirmək niyyətindədir. Yəni göstərmək istəyir ki, əgər Azərbaycan Ermənistan ərazisindəki 43 kilometrlik Mehri yolundan gömrük və sərhəd nəzarəti olmadan gəliş-gediş edəcəksə, Ermənistan da Azərbaycan ərazisindən, yəni Naxçıvandan keçməklə öz ərazisinə doğru yön almaq ixtiyarını qazanacaq.

Rəsmi Bakının məsələnin sırf belə qoyuluş ehtimalı ilə razılaşıb-razılaşmayacağı da qeyri-müəyyəndir. Ancaq indidən bəzi məsələləri vurğulamaq mümkündür. Əvvəla, Nikolun Ermənistanın ərazi bütövlüyü və suverenliyi klişesindən uzaq dayandığı müsbət hal kimi qiymətləndirilə bilər. İkincisi, Paşinyan “Dünyanın kəsişməsi”ndən söz açmır. Halbuki, son günlərədək bu məsələ erməni xarici siyasətinin gündəmində idi.

Sonda isə əvvəldə haqqında söz açdığımız etibarsızlıqdan danışaq. Bildirdik ki, erməni hakim komandasının üzvlərində Paşinyanın Azərbaycanın təklifləri ilə bağlı onlara etimad bəsləməməsinə dair təsəvvür formalaşıb. Əslində, böyük ölçüdə götürüləcək problemlərdən biri də budur. Çünki indiyədək rəsmi İrəvan sülh yolunda qətiyyətli mövqe tutmayıb. Ona görə ki, erməni iqtidarı monolit deyil. Ermənistan hakimiyyətində Qərbin ayrı-ayrı cinahlarına işləyənlər, həmin cinahların sifarişlərini yerinə yetirənlər yetərincə çoxdur. Nəzərə alaq ki, belələrinin də rəsmi İrəvanın ümumən nəzərə çarpan qeyri-konstruktiv davranışına və Bakı ilə sülhə gəlməməsinə subyektiv təsiri var. Uzun sözün qısası, Nikolun bu gün söylədiklərini sabah da dilə gətirəcəyi şübhəlidir. Hərçənd, onun indi barəsində söz açdıqları məqamlarda da mübahisələndirilməli parametrlər kifayət qədər çoxdur.

Ə.RÜSTƏMOV
XQ

Siyasət