Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 1994-cü il tarixli dörd qətnaməsini yerinə yetirərək işğal olunmuş ərazilərini kənardan heç bir yardım olmadan təkbaşına azad etməsindən təxminən beş il sonra əminliklə demək olar ki, bu ədalətli müharibə beynəlxalq hüquq normaları çərçivəsində atılan məcburi və alternativsiz bir addım idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri hüquq elmləri doktoru, professor, Qırğız Respublikasının Əməkdar hüquqşünası, dost ölkənin Azərbaycandakı sabiq səfiri Kayrat Osmonaliyev deyib.
O qeyd edib: “2020-ci ilin payızı Qırğızıstanda gərgin keçdi, çünki ölkədə oktyabrın əvvəlində dövlət və hökumət başçısı səviyyəsində siyasi hakimiyyətin dəyişməsi ilə başa çatan parlament seçkiləri baş tutdu. 2020-ci ilin sentyabr ayının sonunda başlayan və 44 gün sonra noyabrda Qələbə ilə başa çatan Qarabağ azadlıq müharibəsi də bu proseslərə təsadüf etdi. Ona görə də həmin dövrdə Qırğızıstanda baş verən daxili siyasi hadisələr ön plana çıxdı və xarici siyasət proseslərini müəyyən qədər kölgədə qoydu. Qırğızıstanın rəsmi hakimiyyət orqanlarına gəlincə, onlar, necə deyərlər, o zaman gözlənilməz siyasi təlatümlər mərhələsinə qədəm qoymuşdular və öz ölkələrindən kənarda baş verənlərə diqqət yetirməyə vaxtları yox idi. Eyni zamanda, şübhəsiz ki, ictimaiyyət və ekspertlər səviyyəsində qardaş Azərbaycandakı azadlıq müharibəsi diqqət mərkəzində olub”.
Sabiq səfirlin sözlərinə görə, 20 min etnik azərbaycanlını birləşdirən Azərbaycan diasporunun fəal dəstəyini xüsusi qeyd etmək lazımdır. Qırğızıstanın sadə vətəndaşları Qarabağ münaqişəsinin mahiyyətini bilir və qardaş Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirirdilər.
Kayrat Osmonaliyev vurğulayıb: ““Hələ 2019-cu ildə Qırğızıstanda “Azərbaycanın Dostları Klubu” yaradıldı, ilk vaxtlar ona sabiq xarici işlər naziri Askar Çingızoviç Aytmatov rəhbərlik etdi, 2020-ci ildə isə onun rəhbəri mən oldum. Biz azadlıq müharibəsi ilə bağlı bütün hadisələri yaxından izləyirdik, Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə fəal əlaqə saxlayır, dəyirmi masalar keçirir, qardaş Azərbaycanı dəstəkləyən bəyanatlar verirdik. Onlar indi də internetdə qalır. Yeri gəlmişkən, hələ 2019-cu ildə, İkinci Qarabağ müharibəsindən əvvəl ADA Universitetində qonaq professor kimi Bakıya səfər etmək imkanım olub və orada Qarabağ münaqişəsinin hüquqi və siyasi aspektləri ilə bağlı araşdırma aparmışam. Təqdimat zamanı MDB məkanında ən qanlı və uzun sürən bu münaqişədə işğalçı, təcavüzkar və qurbanın kim olduğunu, Azərbaycanın təcavüzü dəf etmək və işğal olunmuş ərazilərini azad etmək hüququna malik olmasını izah etdim. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1994-cü il tarixli dörd qətnaməsini yerinə yetirərək işğal altında olan torpaqlarını kənardan heç bir yardım olmadan təkbaşına azad etməsindən təxminən beş il sonra bu ədalətli azadlıq müharibəsinin beynəlxalq hüquq çərçivəsində məcburi və alternativsiz bir addım olması göz qabağındadır”.
Keçmiş diplomat diqqətə çatdırıb ki, ölkələrin mütləq əksəriyyəti, o cümlədən Türk dünyasının bütün dövlətləri Azərbaycanın azadlıq müharibəsini dəstəklədi və onun nəticələrini qəbul etdi. O, sözlərinə yekun vuraraq deyib: “Azərbaycanın Qələbəsini Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında ən yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirən Azərbaycan xalqının və ordusunun yüksək vətənpərvərlik ruhu müəyyən edib. Qırğızıstanın Azərbaycandakı səfiri vəzifəsində çalışmaq və 2023-cü ilin sentyabrında Qarabağ münaqişəsinin son mərhələsinin şahidi olmaq şərəfinə nail olmuşam. Mən Qarabağ müharibəsi iştirakçılarına Azərbaycanda böyük hörmətlə yanaşıldığını, dövlətin və onun rəhbərinin şəhidlərin xatirəsinə, onların ailə üzvlərinə necə qayğı göstərdiyini gördüm. Bu hörmət və qayğı heyranlıq doğurmaya bilməz”.