Xocalı soyqırımı qurbanlarının xatirəsi Bişkekdə yad edilib

post-img

 

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və faciə haqqında çəkilmiş “Xocalıya ədalət!” adlı sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən səfir Lətif Qəndilov Xocalı soyqırımının tarixi haqqında iştirakçılara geniş məlumat verib, hadisənin səbəbi və nəticələri barədə danışıb.

O qeyd edib ki, Xocalıdakı qanlı hadisə ermənilər tərəfindən ciddi şəkildə düşünülərək silahsız, mülki azərbaycanlılara divan tutularaq həyata keçirilmiş soyqırımı əməliyyatı olub: “Ermənilər bu əməliyyat zamanı qocalara, qadınlara və uşaqlara rəhm etmədən tarixin ən ağır cinayətlərindən birini törədiblər. Erməni canilərinin bu qəddarlığının səbəbi isə Azərbaycan xalqının iradəsini qırmaq, qorxutmaq idi. Bunu Ermənistanın sabiq prezidenti, o dövrdə Qarabağda erməni separatçılarına rəhbərlik edənlərdən biri olmuş Serj Sarkisyan məşhur britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibəsində özü etiraf etmişdi. Bu soyqırımı əməliyyatında onunla yanaşı, Ermənistanın sabiq prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, erməni millətçiliyinin lideri Zori Balayan da birbaşa iştirak ediblər. Bu şəxslər xalqımıza qarşı cinayət törətmiş və bu səbəbdən onlar tökülən günahsız qanlara görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Bizim əsas borcumuz soyqırımı qurbanlarının xatirəsini unutmamaqdır, unutduğumuz təqdirdə biz gələcəkdə yenidən belə faciələrlə qarşılaşa bilərik”.

Səfir bildirib ki, Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalibiyyət müharibəsi üçün uzun müddət yüksək səviyyədə hazırlıq aparıb, dünyada gedən prosesləri dəyərləndirərək əks-hücum vaxtını düzgün müəyyənləşdirərək düşmənə 44 günlük Vətən müharibəsində qalib gəlib. Növbəti 3 il ərzində Azərbaycan tərəfinin sülh çağırışları cavabsız qaldıqda, düşmən öz mövqelərini möhkəmləndirməyə və yeni qüvvələr yerləşdirməyə başladıqda, Ermənistan nəzarəti altında qalan ərazilərimizi minalamağı genişləndirdikdə 2023-cü ilin sentyabr ayında bir günlük antiterror əməliyyatı nəticəsində xalqımıza qarşı 200 ildən artıq davam edən ədalətsizliyə son qoyulub. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə apardığı bərpa-quruculuq işlərinin nəticəsi olaraq insanların öz doğma yurdlarına qayıdışı prosesi uğurla həyata keçirilir.

Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş sərgi ilə tanış olublar.





Qan yaddaşı