Baş nazir Xəzərin sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq dənizi kimi qalması üçün Xəzəryanı dövlətlərin gələcək səylərinin əhəmiyyətini qeyd edib
Fevralın 18-də İran İslam Respublikasının paytaxtı Tehranda III Xəzər İqtisadi Forumu keçirilib. Forum iştirakçıları əvvəlcə Tehran Beynəlxalq Sərgisi çərçivəsində İnnovasiyalar və Texnologiyalar Evi ilə tanış olublar. Sonra Xəzəryanı dövlətlərin hökumət başçıları məhdud tərkibdə danışıqlar aparıblar. Danışıqlarda Xəzərdə beştərəfli əməkdaşlığın bir sıra mühüm məsələləri nəzərdən keçirilib.
Daha sonra III Xəzər İqtisadi Forumunun plenar iclası olub.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib.
Sessiyada çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformadır.
Bildirilib ki, 2022-ci ildə Moskvada keçirilmiş İkinci Forumun Birgə Kommünikesində ticarət dövriyyəsinin artırılması, regionun investisiya cəlbediciliyinin və Xəzəryanı dövlətlərin iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsində tərəflərin maraqlı olduğu təsdiqlənib.
Ə.Əsədov Azərbaycan ilə Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb: “Sevindirici haldır ki, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 2024-cü ilin sonunda 6 faizdən çox artıb”.
2018-ci ildə Aktauda imzalanmış Xəzəryanı dövlətlərin hökumətləri arasında iqtisadi-ticari əməkdaşlıq haqqında Sazişin 2023-cü ildə qüvvəyə minməsinin vacibliyini qeyd edən Ə.Əsədov bu Sazişin həyata keçirilməsinin ticarət, sənaye, kənd təsərrüfatı, turizm sahələrində və digər sektorlarda praktik tədbirlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Vurğulanıb ki, bu gün Xəzəryanı dövlətlər arasında müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətin bir sıra formatları və mexanizmləri mövcuddur, sahəvi əməkdaşlıq üzrə möhkəm müqavilə-hüquqi baza yaradılır, ən yüksək səviyyədə qəbul edilmiş qərar və razılaşmaların həyata keçirilməsi istiqamətində ciddi iş aparılıb.
Baş nazir əlavə edib: “Şübhəsiz ki, bununla bağlı 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzərdə hərtərəfli əməkdaşlıq üçün baza sənədidir”.
İkinci Forumdan sonra nəqliyyat sektorunda regionun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün əlverişli şərait yaradan mühüm razılaşmalar əldə edilib.
Forum iştirakçılarına uğurlu fəaliyyəti regionun bütün ölkələrinin maraqlarını əhatə edən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın rolu barədə məlumat verilib.
Vurğulanıb ki, Azərbaycan ərazisindən yükdaşımaların artımını nəzərə alaraq, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır.
“İnanırıq ki, Xəzəryanı dövlətlər Xəzərin sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq dənizi olaraq qalması üçün səylərini davam etdirməlidir. Bu, ilk növbədə, bizdən Xəzər dənizində təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində qətiyyətli tədbirlər görməyi tələb edir”, - deyə Baş nazir bildirib.
Yaşıl energetika və rəqəmsal texnologiyalar sahəsində layihələrin həyata keçirilməsi imkanları sayəsində açılan əlavə perspektivlərə toxunan Ə.Əsədov qeyd edib ki, bu mühüm sahələrdə əməkdaşlıq regiona sabit və ekoloji cəhətdən təhlükəsiz gələcək təmin edir.
“Bu baxımdan regionumuzda ilk dəfə keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd etmək istərdim. Belə əlamətdar beynəlxalq tədbirin keçirilməsi Xəzər regionunun qlobal iqlim gündəmindəki əhəmiyyətini təsdiqləyir və investisiyaların ekoloji cəhətdən təmiz texnologiyalara və davamlı inkişafa fəal cəlb edilməsinə kömək edir”, - deyə hökumət başçısı əlavə edib.
Qeyd olunub ki, Xəzər dənizinin ətraf mühitinin hazırkı vəziyyəti Xəzəryanı dövlətlərdə ciddi narahatlıq doğurur və Xəzərin ekoloji problemlərinin həllinə vahid yanaşma tələb edir.
Ə.Əsədov deyib: “Xəzər dənizinin dayazlaşması məsələləri dövlətlərimizin başçılarının VI Xəzər Zirvə toplantısında hərtərəfli müzakirə mövzusuna çevrildi. Səbəblərin müəyyən edilməsi və dayazlaşmanın qarşısının alınması üzrə tədbirlərin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib”.
İşçi qrupunun ilk iclasını Bakıda təşkil etməyə imkan verəcək bütün zəruri razılaşmaların tezliklə başa çatacağına ümid ifadə olunub.
Plenar iclasın yekununa dair III Xəzər İqtisadi Forumunun Kommünikesi qəbul edilib.