1988-ci ildən bəri Azərbaycana qarşı düşmənçiliyi, işğalçılığı və vandallığı açıq dövlət siyasəti səviyyəsində həyata keçirmiş Ermənistan Qarabağla yanaşı, yerli əhalisini son nəfərinədək deportasiya etdiyi Qərbi Azərbaycanda xalqımızın çoxəsrlik mövcudluğunun izlərini yox etmişlər.
AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılovun davamlı araşdırmalarında qonşu ölkənin bu misilsiz vandallıq aksiyaları əhatəli yer tutur. Tədqiqatçı “Zəngəzur abidələri ermənilər tərəfindən kütləvi şəkildə məhv edilir” adlı növbəti yazısında bildirir ki, Ermənistan hakimiyyəti soydaşlarımızın qovulduqları tarixi torpaqlarımızda məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini silməyə çalışmış, xalqımızın mədəni irsini talamış, dağıtmış, özününküləşdirmişdir. Onlar bu düşmənçiliklə tariximizə və mədəniyyətimizə sağalmaz yaralar vurmuşlar.
Tarixçi göstərir ki, indiki Ermənistanın bütün ərazilərində qədim toponimlər artıq çoxdan erməni adları ilə əvəzlənib. 1988-ci ildən başlanan etnik təmizləmə nəticəsində 250 min azərbaycanlının əmlakı və xalqımızın mədəni irs nümunələri mənimsənilib. İndiki Ermənistan ərazisində vandallar Azərbaycana məxsus 3 min 500 tarix və mədəniyyət abidəsini, 500 qəbiristanlığı, 391 məscidi dağıdaraq tamamilə yox ediblər.
Ermənistanın siyasi rəhbərliyinin göstərişi ilə təkcə Qərbi Zəngəzurun Qafan, Mehri, Xot, Şinuayr, Əlidərə yaşayış məntəqələrində dağıdılmış 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır. Bu məntəqələri müşahidə edəndə adama elə gəlir ki, sanki, burada cəhənnəmlə cənnətin mübarizəsi gedib. Bu kəndlərdə ermənilər 900-dən çox tarix və mədəniyyət abidəsini məhv ediblər. Bunlar yaşayış evləri, məscidlər, alban dövrü bazilika və sovməələr, bədii daş nümunələri, qəbirüstü abidələr, qəbir daşları, at-qoç fiqurları kimi maddi mədəniyyət irsimizdir.
Faiq İsmayılov 1988–1990-cı illərdə Ermənistan millətçilərinin yer üzündən sildikləri Xot, Şinuayr və Əlidərə kəndlərinin xarabalıqlarının mənzərəsini də XQ-yə təqdim edib.
T.RÜSTƏMLİ
XQ