Prezident İlham Əliyev Çin telekanalına müsahibəsində ölkəmizin hədəflərini dünyaya bir daha bəyan etdi

post-img

Davos Forumu son dərəcə uğurlu, inteqrasiya çağırışlarının fövqündə dayanan qlobal iqtisadi dialoq platformasıdır və mümkün risklərin fonunda insanlığın iqtisadi rifahının qorunmasına xidmət edir. Beynəlxalq münasibətlər sistemində ciddi qəbul olunan, siyasi liderləri, iş adamlarını və vətəndaş cəmiyyətinin üzvlərini bir araya gətirən Davos Forumu mühüm müzakirələr meydanı, qlobal böhranların çözülməsinin aktual tribunasıdır. Ölkəmizin Davos Forumunda təmsil olunması, Prezident İlham Əliyevin dünya liderləri, aparıcı şirkət rəhbərləri ilə görüşü həm də onun təsdiqidir ki, Azərbaycanın qlobal siyasətdə rolu və mövqeyi əvəzsizdir. Öz iqtisadi qüdrətini təmin edən Azərbaycana dünyanın marağı böyükdür və Davosda ölkəmizin başçısının keçirdiyi bütün görüşlərdə bu, açıq şəkildə görünürdü. Çünki Avropanın enerji xəritəsini dəyişən Azərbaycan beynəlxalq öhdəlikləri ləyaqətlə yerinə yetirən etibarlı ölkə kimi həmişə müsbət imicini qoruyub. Bu da qlobal müstəvidə tərəfdaşlarımızın çoxalması ilə nəticələnib, inkişafa töhfələrini verib. Dövlətimizin başçısının bəyan etdiyi kimi, müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin bir müddət öncə İsveçrə Konfederasiyasına səfəri çərçivəsində Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsi mühüm məqamlarla yadda qalıb. Dövlətimizin başçısı ölkəmizin hədəflərini, eyni zamanda, Azərbaycanın iqtisadi gücünü dəqiq şərh edərək görüləcək işlərin anonsunu verib, həm respublikamız, həm də beynəlxalq gündəm üçün həlledici olan bir çox mövzulara toxunub. Ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlərdən danışan Prezident İlham Əliyev vurğulayıb ki, bunlardan ən mühümü beynəlxalq hüququn normaları əsasında mümkün olan ərazi bütövlüyünün bərpasıdır. Azərbaycan sabitliyin qorunub saxlanılmasına və özünü təmin edən iqtisadiyyatın inkişafına yönəlmiş müstəqil xarici siyasət yürüdür, öz milli maraqlarını daim qətiyyətlə müdafiə edir və xarici çağırışlara baxmayaraq, mühüm uğurlar qazanır.

Ölkəmizin reallıqlarını bəyan edən dövlətimizin başçısı qeyd edib ki, ötən il Bakıda uğurla keçirilən və 200 ölkəni bir araya gətirən iqlim konfransına ev sahibliyi etmək böyük nailiyyət idi və namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəklənib. Bununla yanaşı, Azərbaycan-Çin münasibətlərinə toxunan Prezident ölkələrimizin rəsmi olaraq strateji tərəfdaş olduğunu, Çin ilə əməkdaşlığın genişləndirilməsini arzuladığını ifadə edib.

Deputatın sözlərinə görə, müsahibədə Prezident İlham Əliyev nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın vacibliyinə də toxunub və Azərbaycanın Şərqlə Qərb arasında yüklərin daşınmasını təmin edən Orta Dəhliz layihəsində əsas rol oynaya biləcəyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və beynəlxalq tərəfdaşlığa yönəlmiş xarici siyasətini fəal şəkildə inkişaf etdirməkdə davam edir. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə yönəlmiş sabit və çoxvektorlu xarici siyasətinin əhəmiyyətindən də söhbət açıb. Eyni zamanda, ölkəmizin beynəlxalq aləmdə uğurlu fəaliyyət göstərməsi üçün sabit daxili siyasətin və güclü iqtisadiyyatın vacibliyini diqqətə çatdırıb.

“Prezident İlham Əliyev müsahibəsində daha vacib məqama, Birləşmiş Ştatlarla ölkəmizin əlaqələrindən danışaraq Prezident Donald Trampın dövründə ABŞ-la münasibətlərinin son dörd ildən fərqli olaraq çox uğurlu olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin Co Bayden administrasiyasının ədalətsiz və vicdansız yanaşması səbəbindən pisləşdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev ABŞ-la gələcək münasibətlərin daha məhsuldar vəziyyətə qayıda biləcəyinə nikbinliyini ifadə etdi. Bundan başqa, Azərbaycan Prezidenti ABŞ-da hakimiyyət dəyişikliyinin qlobal təhlükəsizliyin yaxşılaşmasına gətirib çıxara biləcəyi fikrini bildirdi, çünki Trampın prezidentliyinin ilk illərində ABŞ yeni müharibələrə başlamadı və bu, son onilliklərdə bu ölkənin tarixində nadir hadisədir”, - deyə Rəşad Mahmudov vurğulayıb.

“CGTN telekanalına müsahibəsində Prezident İlham Əliyev ictimai dəstək qazanmağa çalışan digər rəhbərlərə liderlik dərsi keçdi. Müasir dövrün digər siyasi liderlərindən fərqli olaraq xalqına verdiyi vədə sadiq qalıb onu gerçəkləşdirən Prezident İlham Əliyevin uğuru məhz bu məqama bağlı ümumxalq inamından irəli gəlir. Uğur yalnız dürüstlüklə qazanılır ki, Azərbaycan lideri də bunu öz əməli ilə təsdiq edib”, - deyə deputat bildirib.

Siyasət