Bakının gözlədiyi addım

post-img

Kreml ikitərəfli münasibətləri pozmaq istəyənləri sevindirməməlidir

Kor-kor, gör-gördür. Kinossenaridə olduğu kimi, məkan və zaman anlayışları, dramatik hadisənin başvermə motivi, personajların oynadığı rollar və nəhayət, kulminasiyadan keçən zəncirvari olayların finala aparan süjeti tam aydındır. Qalır rejissorun çəkilişlərə yekun vuraraq filmi kütləvi baxışa təhvil verməsi. Amma ortada montaj və səsləndirmə mərhələsi də var. Burada saxtakarlıq yolverilməzdir.

Rusiya Qazaxıstanda yaradılmış istintaq komissiyasının Bakı–Qroznı reysi ilə uçan təyyarəmizin qəzaya uğraması ilə bağlı ilkin hesabatı açıqlandıqdan sonra da məsələyə birmənalı münasibət bildirməyə tələsmir. Bunun əvəzində qonşu dövlətin həm hökumətyönlü, həm də “müstəqil” media qurumlarında anti–Azərbaycan təbliğatının gücləndiyini müşahidə edirik. Bu seqmentdə Bakıdakı “Rus evi”nin qapadılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin notası Rusiyanın qeyri-hökumət və elektron KİV sektorunda “qızdırmalı” reaksiyalara səbəb olub. Bir mərkəzdən idarə olunduğu şübhə doğurmayan piar şəbəkə ölkəmizə qarşı həqiqətdən uzaq, şər və böhtan dolu informasiya hücumuna start verib.

Son illər Azərbaycan–Rusiya münasibətlərinin istiləşməsi Şimal qonşumuzdakı ermənilərə yaxın qrupları, media təmsilçilərini, psevdo-siyasətçiləri ciddi narahat edirdi. Bu “çete” bütün gücü ilə iki ölkə arasındakı yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin pozulmasını hədəfləyir, indiki çətin durumda ictimai dövriyyəyə əsassız, qərəzli fərziyyə və ehtimalları ötürməyə çalışır.

Rəsmi Bakı buna laqeyd qala bilməzdi və qalmadı da. Azərbaycan beynəlxalq hüquq normalarına sığmayan ədalətsiz mövqeyi dəyişməyəcəyi təqdirdə təyyarə qəzası ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət ünvanlayacağı barədə qarşı tərəfi xəbərdar edib. Mövcud vəziyyəti hüquqi qaydaya salmasından ötrü Moskvaya bir ay yarım vaxt verilib.

* * *

Görünən mənzərə nədən xəbər verir?

8 il bundan əvvəl Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin qadağan olunmasına Bakının adekvat reaksiyasını anlamaq istəməyən bəzi rus siyasi ekspertləri, tarixçiləri, deputatları ölkəmizə qarşı, sanki, “total ideoloji hücum”a keçiblər. Amma əvvəlcə rəsmilərin açıqlamalarına diqqət yetirək.

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır”. TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Xeyr, bu barədə danışmaq planı yoxdur”, – deyən Kremlin sözçüsü aviaqəzaya görə Moskvanın günahı öz üzərinə götürməsi ilə bağlı Azərbaycan mediasından eşidilən çağırışları şərh edərkən bildirib.

“Azərbaycanlı həmkarlarımız qarşısında “Rus evi” məsələsini qaldıracağıq. Bakıdakı “Rus evi” ətrafında yaranmış vəziyyət Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında ən yüksək səviyyədə təmaslar baş tutduqda ətraflı müzakirə oluna bilər”. Bu açıqlama da Rusiya liderinin mətbuat katibinə məxsusdur.

Azərbaycan XİN-in məlum notasına cavab olaraq, Rusiya xarici diplomatiya idarəsinin rəsmisi Mariya Zaxarova deyib ki, Moskva Bakıda “Rus evi”nin qeydiyyat məsələsini həll etməyə hazırdır. “Rusiya Bakıdakı Rus Mədəniyyət Mərkəzi ilə bağlı vəziyyətin sağlam şəkildə həll olunacağını gözləyir”, – deyən M.Zaxarova əgər ən yüksək səviyyədə təmaslar olarsa, bunu istisna etmədiklərini vurğulayıb: “Bu məsələ iki dövlətin başçısı arasında dialoq zamanı müzakirə oluna bilər”.

Göründüyü kimi, Kremlin iki rəsmi nümayəndəsinin məlum olaylarla bağlı açıqlamaları üst-üstə düşür.

* * *

Bu arada keçmiş “ağırçəkili” güləşçi, Rusiya Dövlət Dumasının hazırkı “yüngültəfəkkürlü” deputatı Nikolay Valuyev Azərbaycanın bu ölkədəki diaspor təşkilatlarının fəaliyyətinə xitam verilməsi, soydaşlarımızın bizneslərinin məhdudlaşdırılması, Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlıların deportasiya edilməsi, qanuni yaşayanların isə hərbi uçota götürülərək, cəbhəyə göndərilməsi kimi sərsəm iddialarla çıxış edib. Hətta bununla da hirsi soyumayan şovinist deputat azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan gəlmələri öz dilində küçə jarqonu ilə – “şobla-vobla” adlandırıb. Heç şübhəsiz, ona bu komandanı verənlərin arasında Rusiyanın media-holdinq sənayesində üstün mövqelərə malik fürsətgir ermənilərin olduğu da istista edilməməlidir.

Milli Məclisin deputatı Azər Badamov azərbaycanlıları təhqir edən “Vahid Rusiya” partiyasından Dövlət Dumasının deputatı Nikolay Valuyevə kifayət qədər sərt cavab verib. Deputat N.Valuyevin Rusiyada yaşayan soydaşlarımızın ünvanına təhqiramiz ifadə işlətməsinə reaksiyası belə olub: “Bu təyin, ilk növbədə, Nikolay Valuyevin özünü xarakterizə etməyə daha uyğundur. Üstəlik, “banda” mənasını verən “şobla-vobla”nın sıravi nümayəndəsinin bədii obrazını təsəvvürümüzə gətirməyə çalışsaq, Nikolay Valuyevin portreti bunun üçün ən optimal variant sayıla bilər. Bu məxluqun antropoloji quruluşuna baxmaq kifayət edər ki, onun təkamül mərhələsindən kənarda qalmış nadir eksponat olduğunu görəsən. Bu insan “neandertal”la “homo-sapiens” arasında azıb qalmış arxaik tipajdır. Nikolay Valuyev kimi gerizəkalıların o boyda dövlətin qanunverici orqanında təmsil olunması parlamentarizm prinsipinə təhqir sayılmalıdır”.

Rusiyadakı anti–Azərbaycan “çete”sinin üzvlərindən biri də tarixçi Modest Kolerovdur. “Azərbaycan təyyarə qəzasından maksimum yararlanmaq istəyir, bu qəza Bakıya öz şərtlərini diktə etmək üçün zəngin imkanlar verir”. Vəziyyəti əyri güzgüdə görən və şərh edən M.Kolerov bunları Ermənistanın “News-am” saytının müxbiri ilə söhbətində deyib. “Həm Ukraynaya humanitar yardımın göstərilməsi, həm də Rusiyanın “Rossotrudniçestvo” agentliyinə məxsus “Rus evi”nin ölkədən çıxarılması bu fəlakətdən maksimum siyasi fayda əldə etmək istəyidir”– deyən başabəla tarixçi həm Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın, həm də “Rossotrudniçestvo”nun rəhbərinin olayla bağlı açıqlamalarını “mümkün qədər barışdırıcı” adlandırıb.

“Bakının siyasi faydası” deyəndə “qonşusuna öz iradənizi diktə etmək fürsəti”ni nəzərdə tutan ermənipərəst rus ekspert son 28 ildə ilk dəfə “Rus evi” ilə bağlı vəziyyətin gərginləşməsinin səbəblərini yerdə deyil, göydə axtarmağa girişib. Tarixin hansı mərhələsi üzrə “doktorluq işi”ni müdafiə etdiyini bilmirik, amma Kolerovun çağdaş dövrün hüququndan və diplomatiyasından bixəbər olduğu göz qabağındadır.

Hesab edirik ki, baş vermiş faciə ilə bağlı toxunduğumuz mövzuya İsrail dövlət xadimi, diplomat Yakov Kedrinin fikirləri aydın və məntiqli sayıla bilər: “Azərbaycanın sərnişin təyyarəsi Rusiya Hava Hücumundan Müdafiə sistemi ilə vurulub. Amma onlar tamamilə təsadüfən bu addımı ata bilərdilər. Əgər bu mürəkkəb məsələdə, yəni təyyarənin vurulmasına gətirib çıxaran təmiz insan amili, ortada peşəkarların səhvi varsa, bundan ötrü istintaq komissiyası işləyir və araşdırma nəticəsində hər şey üzə çıxacaq”.

* * *

Beləliklə, ikitərəfli münasibətlərin sərinləşmədən istiləşməyə doğru gedəcəyi yol beynəlxalq hüquqa riayət etməkdən keçir. Bunu qəzetimizə açıqlamasında siyasi ekspert İlyas Hüseynov bildirdi: “Azərbaycanın haqlı tələbləri yerinə yetirilməzsə, faktlar beynəlxalq məhkəməyə təqdim olunacaq. Əslində, bu, Azərbaycanın suveren hüququdur. Çünki ölkəmiz beynəlxalq münasibətlər sistemində müstəqil siyasətini davam etdirməkdə qərarlıdır. Azərbaycanın haqlı tələblərinə vaxtında və ətraflı şəkildə cavab verilməsi məsələnin beynəlxalq məhkəmə instansiyalarına çıxarılmasının qarşısını almaq baxımından məqsədəuyğun hesab edilir”.

2022-ci il fevralın 22-də imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ikitərəfli münasibətlərin ən yüksək fazaya yetişdiyindən xəbər verir. Amma təəssüf olsun ki, rəsmi Moskva 43 bənddən ibarət Bəyannamənin, ən azı, iki bəndi üzrə öhdəliyinə nəinki əməl etməyib, əksinə, ona xələl gətirib. Tərəflərin qarşılıqlı şəkildə bəyan etdikləri razılaşmanın 1-ci bəndində deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bəyannamənin 17-ci bəndində yazılıb: “Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər”. Beynəlxalq hüquq, məntiq və mövcud situasiya onu deyir ki, ilk addımı atan tərəf Kreml olmalıdır. Azərbaycanın tələbi nədən ibarətdir: Sərnişin təyyarəmizi vuranlar həbs edilsin, 38 ailəyə kompensasiya ödənsin və qarşı tərəf buna görə üzrxahlığını bildirsin. Burada qeyri-adi, yaxud aşağılayıcı nə var? Rəsmi Tehran da səfirliyimizi gülləbaran edən terrorçu ilə bağlı əvvəlcə uydurma versiyaları ortaya atmışdı. Amma Azərbaycan Prezidentinin qətiyyətli mövqeyindən çəkilmədiyini görən İran femidası həmin terrorçu barədə ən sərt cəza hökmünü verməyə məcbur oldu. Bundan sonra Azərbaycanın Tehrandakı səfirliyin fəaliyyətini bərpa etdi.

İndi rəsmi Moskva da tələb olunan tədbirləri görməlidir ki, bu mövzu birdəfəlik qapansın. Bakı Moskvadan bu addımın atılmasını gözləyir.

İmran BƏDİRXANLI
XQ





Siyasət