ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qanundankənar əməllərini sadalamaqla bitməz. Artıq mətbuatda da bu barədə xeyli məlumatlar dərc olunur. Agentliyin qara əməllərini araşdıran ABŞ-ın yeni hökuməti USAID-in əməkdaşlarını da ixtisar edir. İxtisarlar bütün dünya üzrə USAID işçilərinin 97 faizinə təsir edəcək: 10 min nəfərdən 294-ü öz vəzifələrini qoruyacaq. Fevralın 7-dən agentlik işçilərinin əksəriyyətini inzibati məzuniyyətə göndərib və baş ofisi bağlanıb.
Agentliyin korrupsiya bataqlığında boğulması faktı çoxdan məlum idi. Bunu ən yüksək səviyyədə Prezident Donald Tramp etiraf etdi. Ağ evin yeni sahibi USAID-i həddən artıq korrupsiyalaşmış təşkilat adlandırıb. O, bu barədə Ağ evdə jurnalistlərə bildirib: “Mən bilmək istərdim ki, orada necə “otkatlar” olub. Kim bu qədər pul xərcləyərdi. Orada saxtakarlıq var, bu, dəhşətlidir. Heç bir pula layiq olmayan hər cür qruplara yüz milyonlarla dollar xərclənib”. Dövlət başçısı vurğulayıb ki, bu pulu alan insanlar Amerika hökumətindən olan şəxslərə “otkat” verə bilərdilər. Cənab Tramp əlavə edib ki, o, heç vaxt belə bir şey görməyib və mümkün qədər tez məsələ ilə bağlı araşdırmaya başlamaq istəyir. ABŞ prezidentinin sözlərindən sonra USAID üzərində nəzarət gücləndirildi. Məlum oldu ki, Donald Trampın ölkənin maraqları ilə bağlı öz fikirləri var və açıq şəkildə “yumşaq güc” tərəfdarı deyil. Hətta ilk prezidentlik kampaniyası zamanı o, ABŞ-ın “bizə nifrət edən ölkələrə yardım göndərməyi” dayandırmalı və bunun əvəzinə öz ölkəsinə sərmayə qoymalı olduğunu söyləmişdi.
Xatırladaq ki, ABŞ Hökumətinin Effektivliyi İdarəsinə rəhbərlik edən iş adamı İlon Mask USAID-in ləğvinə başlandığını bildirib. Sahibkarın X profilindəki paylaşımında bildirilir ki, agentlik bərpa oluna bilməz, çünki “bu, qurdlu alma deyil, sadəcə olaraq bir parça qurddur”. O əlavə edib ki, USAID-də heç nə qalmayıb və ondan qurtulmaq lazımdır. Mask bu yaxınlarda USAID-i tənqid edərək, agentliyi “cinayət təşkilatı” adlandırmışdı. O, həmçinin USAID-i “Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası” kimi təsvir edib. Fevralın 2-də USAID-in saytının və onun X sosial şəbəkəsindəki səhifəsinin fəaliyyətini dayandırdığı barədə məlumat yayılıb.
USAID-ə müvəqqəti rəhbər təyin edilmiş dövlət katibi Marko Rubio isə agentliyin fəaliyətinə belə qiymət verib: O, özünü “qlobal xeyriyyə təşkilatı” hesab edir və ölkənin maraqlarına və ya Amerika vergi ödəyicilərinin pullarına əhəmiyyət vermir. Cənab Rubio, həmçinin Konqresə məlumat verib ki, USAID-in mümkün yenidən təşkili məqsədilə hazırda xarici yardım fəaliyyətinin auditi aparılır: “Biz USAID-in auditini apardıqdan və onun “Öncə Amerika” gündəliyinə və Dövlət Departamentinin səylərinə uyğun olmasını təmin etdikdən sonra biz Amerika xalqının maraqlarını qorumağa və onların vergi vəsaitlərinin israf edilməməsinə əmin olmağa davam edəcəyik”.
Qeyd etmək yerinə düşər ki, 2023-cü ildə USAID öz layihələrinə təqribən 38,1 milyard dollar xərcləyib. Göstərilən humanitar yardımın həcminə görə ABŞ dünyada birinci yerdədir. Yardım ya geri qaytarılmayan qrantlar şəklində, ya da texniki avadanlıq, mal və xidmətlər şəklində verilir. Agentliyin 100-ə yaxın regional nümayəndəlikdən ibarət şəbəkəsi var və təxminən 10 min əməkdaşı var ki, onların üçdə ikisi xaricdə işləyir.
Bu agentlik barədə götürülən ölçüləri təkcə ABŞ-da dəstəklənmir. Qonşu Meksikada da USAID barədə yaxşı fikirdə deyillər. Ölkə prezidenti Klaudiya Şeynbaum agentliyi digər ölkələrin daxili işlərinə qarışmaqda ittiham edərək, onu bağlamağa çağırıb. Xanım Şeynbaum hesab edir ki, Birləşmiş Ştatlar şəffaf dəstək kanalları yaratmaqla ölkələrə kömək etmək üçün başqa yollar axtarmalıdır. “Bu agentlik tədqiqat layihələrindən tutmuş hökumətlərdəki müxalifət qruplarına qədər hər şeyi maliyyələşdirirdi. Bu, Meksikada baş vermişdi, orada “Meksikalılar korrupsiyaya qarşı” təşkilatı bu agentlikdən dəstək alırdı və bu, sübuta yetirildi. Bu qurum niyə siyasətə qarışır?”
Venesuela da USAID-dən zərər çəkmiş ölkələrdən biridir. Venesuelanın hakim Vahid Sosialist Partiyasının qurultayında ölkənin vitse-prezidenti Delsi Rodriqes deyib ki, agentliyin ayırdığı vəsait ifrat sağçı müxalifət tərəfindən Venesuela hökumətini devirmək üçün istifadə edilib. O, özünü prezident elan edən Xuan Quaydo və ifrat sağçı müxalifət liderlərinin Venesuela hökumətini devirmək üçün ABŞ agentlikləri tərəfindən maliyyə yardımı aldığını bildirib. Rodriges qeyd edib ki, Venesuela USAID tərəfindən maliyyələşdirilən ekstremistlərin əməllərindən zərər çəkib: “ABŞ vəsaitləri hökumətləri devirmək üçün istifadə olunub. Biz Venesuelaya qarşı təcavüzün bu agentlik tərəfindən maliyyələşdirildiyini görürük. Blokadaya və hücumlara baxmayaraq, Venesuela xalqı öz suverenliyini müdafiə etmək üçün ayağa qalxıb”.
Çoxdan məlum idi ki, korrupsiya bataqlığında çapalayan USAID Amerikanın digər ölkələrin daxili işlərinə müdaxiləsi sistemində əsas həlqə idi. Belə bir qurumun nə beynəlxalq ünsiyyətin prinsip və normaları baxımından, nə də əxlaq və etika haqqında ümumbəşəri ideyalar baxımından faydası vardı. Bu agentlik son 20 ildə özünü “Amerikanın yumşaq gücünün” simvolu kimi göstərib, lakin indi amerikalıların özləri agentliyi “dar ağacına çəkirlər”. Çünki vəsaitlər humanitar layihələrə deyil, şübhəli təşəbbüslərin maliyyələşdirilməsinə xərclənib.
USAID iddia edirdi ki, onun missiyası, guya inkişaf etməkdə olan ölkələrdə yoxsulluq, xəstəliklər, aclıq və təbii fəlakətlərlə mübarizə aparmaqdır. Lakin faktlar tam başqa mənzərəni ortaya çıxarır. Məsələn, USAID uzun müddət Peruda ailə planlaması proqramlarının sponsoru olub. 1990-cı illərdə ölkədə qadınların məcburi sterilizasiyası proqramı həyata keçirilib və bu proqram And dağlarının yoxsul və yerli əhalisinə təsir edib. Peru Konqresi araşdırma aparıb və USAID-in sterilizasiyanı dəstəklədiyini aşkarlayıb. Həmçinin USAID uzun illərdir ABŞ-la razılaşmayan ölkələrə qarşı təzyiq alətinə çevrilmişdi. Çoxdan məlum idi ki, USAID-in köməyi yardım deyildi, faciələrə səbəb olan müdaxilələr idi. Təbii ki, yaradıldığı gündən qurumun heç kimə təmənnasız kömək etmək fikri olmayıb. USAID Onilliklər ərzində dünyada sosial layihələr adı altında qlobal hörümçək toru qurmağa çalışaraq cəmiyyətlərə nüfuz etməyə can atıb.
Bəzi politoloqlar bildirirlər ki, USAID nümayəndələrinin ətraf mühit fəallarına və transgender hüquqları uğrunda mübarizə aparanlara qrant paylayan “qəribə adamlar” olduğunu düşünmək sadəlövhlükdür. Çünki Vyetnam, Əfqanıstan və İraqda agentliyin rəsmi olaraq döyüş bölgələrində fəaliyyət göstərib, ABŞ hərbçiləri ilə birgə əməliyyatlarda iştirak edib. Əvvəllər agentliyin İctimai Təhlükəsizlik Müdirliyi adında bölmə fəaliyyət göstərib. Həmin bölmə amerikapərəst polis qüvvələrinə və ölüm qruplarına işgəncələr də daxil olmaqla, əks-üsyan taktikaları öyrədib. Qərb mediası açıq şəkildə yazır ki, təhlükəzilik qüvvələri USAID-dən fəal şəkildə istifadə edib. Bu yaxınlarda oğul Robert Kennedi etiraf edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ)1947-1997-ci illər arasında 83 hökuməti devirib. Bu, yer üzündəki hökumətlərin üçdə biri deməkdir və onların əksəriyyəti demokratik idi. Bu, demokratiyaya xidmət etmir”. Doğrudur, siyasətçi bu çevrilişlərdə USAID-in adını hallandırmayıb. Lakin bir çox politoloq əmindir ki, bu əməliyyatların əksəriyyətində Amerika kəşfiyyatı USAID ilə çiyin-çiyinə işləyib.
Məsələn, Kubada agentlik humanitar yardım göstərmək adı altında hökumətə qarşı genişmiqyaslı təxribat kampaniyası həyata keçirib. KİV-in məlumatına görə, proqram iki əsas əməliyyatdan ibarət olub: biri ZunZuneo adlı “rejim əleyhdarı” sosial şəbəkə yaratmaq, digəri isə özünü turist və yardım işçisi kimi təqdim edən gizli agentlərin əlaqə saxladığı potensial dissidentləri işə cəlb etmək. Amerika agentliyi “Azadlıq adası”nda kütləvi iğtişaşlar törətməyə cəhd edib. Eyni zamanda, radikal sui-qəsdçilərin görüşləri HİV-in profilaktikası ilə bağlı seminarlar adı altında maskalanırmış Boliviyada isə USAID ölkə sakinlərini üsyana təhrik etmək üçün Evo Moralesin əleyhdarlarını maliyyələşdirib. Braziliyada agentlik sağçı amerikapərəst qüvvələrə üstünlüklər verəcək siyasi islahatlar üçün lobbiçilik edib. Bundan başqa, Amerika büdcəsindən pul terror təşkilatları ilə əlaqəli suriyalı yaraqlıların qidalanmasına, Əfqanıstanda narkotik istehsalına, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuziklinə, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklyuzivliyin irəliləməsinə, Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığına, inkişaf edən ölkələrdə fərdiləşdirilmiş kontraseptivlərin maliyyələşdirilməsi və s. digər qeyri-qanuni məqsədlərə xərclənib.
Bir sözlə, USAID-in “qulaqları” sözün həqiqi mənasında hər yerdə görünürdü. İndi quruma qulaqburması verilir. Ümid edək ki, ara qarışdırmaqla məşğul olan qurum tarixin arxivinə göndəriləcək.
S.ELAY
XQ