Trampa məktub

post-img

Yaxud I Aramın həyasızlığı

Deməli, baş nazir Nikol Paşinyan İsveçrəyə getdi, erməni diasporu qarşısında çıxış edərək qondarma “soyqırımı” şübhələndirdi. Ardınca erməni katolikosu II Qaregin də İsveçrəyə yollandı ki, Nikolun yumşaq desək, “səhvini” düzəltsin. Sonra Paşinyan ABŞ-a üz tutdu və ölkədə yerli erməni icması qarşısında danışdı və yenə, faktiki olaraq, “soyqırımının” nağıl olduğunu dilə gətirdi. İndi Böyük Kilikiya evinin katolikosu I Aram “işə düşüb” ki, Nikolun Birləşmiş Ştatlarda demədikləri barədə söz açsın. Özü də Prezident Donald Trampa. Əlbəttə, I Aramın ABŞ-ın dövlət başçısına məktubuna əsas yaratmış bir səbəb də var ki, onu yazımızın sonunda diqqətə çatdıracağıq.

Əvvəla, qeyd edək ki, Ermənistanda hakimiyyətlə kilsə arasında ziddiyyətlər var. Bu ziddiyyətlər, hətta bəzən o səviyyəyə qalxıb ki, Paşinyan tərəfdarları II Qaregini və onun “şaykasını” ən pis söyüşlərə, əndazəsiz təhqirlərə “qonaq ediblər”. Son vaxtlar mövcud tendensiyada bir qədər yumşalma hiss olunsa da, Nikolun İsveçrəyə və ABŞ-a səfərlərindən sonra erməniliyi simvolizə edən din xadimlərinin “aktivləşmələri” onu göstərir ki, Ermənistanda kilsə ilə iqtidarın tamam fərqli “gündəliyi” var. “Gündəliyə” gəldikdə isə bu, I Aramın Trampa ünvanladığı məktubdan da aşkar görünür.

Beləliklə, I Aram naməsində Trampı Azərbaycanda məhbus həyatı keçirən, hazırda məhkəməsi gedən ermənilərin, o cümlədən Qarabağdakı keçmiş separatçı rejimin rəhbərləri olmuş şəxslərin dərhal azadlığa çıxmaları, ümumən, “erməni girovlarının azad edilmələri” və bölgə ermənilərinin “vətənlərinə qayıtmaları hüququnun” təminatı üçün təkidli davranmağa çağırıb. Bir sözlə, o, yetərincə sərsəmləyib. Görəsən, I Aram bu qədər gerizəkalıdır ki, Birləşmiş Ştatlar Prezidentinin sadalanan məsələləri reallaşdırmaq imkanında olmadığını bilməsin? Bəlkə də, elədir. Hər halda, bu din xadimi də pataloji erməni xəstəliyindən əziyyət çəkənlərdəndir. Ancaq hesab edirik ki, burada başqa məqsədlər var. I Aram daha çox hazırda erməni avantürizminin təzahür formaları olan məsələlərin gündəmdən düşməməsinə çalışır. Axı Paşinyan İsveçrədə və ABŞ-da olarkən onlar barədə söz açmamışdı.

Əslində, I Aram vaxtilə Nikol və komandasının üzvlərinin qaldırdıqları tezisləri qabardır. Məsələn, o, Trampa məktubunda Qarabağ ermənilərinin evlərinə qayıtmaları hüququndan söz açarkən, beynəlxalq təhlükəsizlik təminatları üzərində dayanıb. Qeyd edək ki, erməni iqtidarı hələ 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən əvvəl sözügedən məsələni gündəmə gətirmiş və ondan Qarabağdakı separatçı rejimi saxlamaq məqsədi ilə istifadəyə çalışmışdı. Lakin rəsmi İrəvan istəyinə nail ola bilməmiş və bölgənin erməni əhalisi Ermənistana köç etmək məcburiyyətində qalmışdı. Halbuki Azərbaycan hakimiyyəti yerli ermənilərin ölkəmizin vətəndaşı kimi yaşamalarına hər cür təminat verdiyini açıqlamışdı.

Onu da bildirək ki, Paşinyan iqtidarı lokal xarakterli antiterror tədbirlərindən və Qarabağ ermənilərinin bölgəni tərk etmələrindən sonra da onların geri qayıdışı üçün beynəlxalq təminat məsələsini gündəmə gətirmiş, “etnik təmizləmə” şousu yaratmış, xaricdəki ermənipərəstləri, hüquq dələduzlarını prosesə cəlb etmişdi. Lakin belə cəhdlərin də hamısı uğursuzluqla nəticələnmişdi. Beynəlxalq ictimaiyyət Ermənistana mövcud istiqamətdə heç bir əsaslı dəstək verməmişdi.

Əlqərəz, hesab etmirik ki, I Aram Trampın mövzuya dair nə isə edə bilmək imkanında olmadığını anlamır. Anlayır. Digər yandan, din xadimini erməni iqtidarı kimi, Qarabağ ermənilərinin taleyi qətiyyən maraqlandırmır. Onun düşüncəsinə görə, Nikol və komandasının qaldırmadığı məsələni vurğulamaqla, Birləşmiş Ştatlar rəhbərliyi qarşısında hakim erməni komandasının fərsizliyinə dair təəssürat formalaşdırmaq mümkündür. Yəni, I Aramın çalışdığı bu təəssüratı yaratmaqdır.

Onu da vurğulayaq ki, I Aram üçün Tramp yalnız vasitədir. O, istəyir ki, qabartdığı məsələ, bir növ, yüksək tonla təqdim olunsun. Yəni, dünya erməniliyi Paşinyanın danışdıqlarına inanmasın, hakimiyyətə hansısa simpatiya bəsləməsin və baş nazirə dəstək göstərməsin. Buna görə də erməni milli identikliyinin hazırkı sxematikası baxımından cəlbedici təsir bağışlayan cəfəngiyyatları tirajlayır. Qarabağı ermənilərin vətəni kimi təqdim etmək də bundan qaynaqlanır. Müvafiq olaraq, ortaya belə bir nəticə çıxır: Nikol Qarabağ ermənilərindən danışmırsa, deməli, vətən xainidir. Paşinyan mövcud ritorikaya öyrəncəlidir. Yəni, I Aram açıq şəkildə də Nikolu hədəfə ala bilərdi. Bunun üçün Trampa məktub yazmağa nə hacət?

I Aram müraciətində bir qədər diplomatik tona da üstünlük verib. Deyib ki, Cənubi Qafqazda sülhün təminatı naminə ABŞ-ın güclü rəhbərliyinə ehtiyac var. Ardınca isə o, Trampın regiondakı məsələlərin həllində iştirakının onun qlobal sülhməramlı rolunu gücləndirəcəyini vurğulayıb. Deməli, hiyləgər Aram Birləşmiş Ştatların dövlət başçısını şirnikləndirməyə cəhd göstərib. Belə çıxır ki, Tramp da əvvəlki dövlət başçısı Co Bayden kimi, ölkəsini Cənubi Qafqazın işlərinə qarışdırmalıdır. Qarışdırmalıdır ki, ABŞ “Azərbaycanın beynəlxalq hüququn pozulmasına görə məsuliyyət daşımasında” rol oynasın. Görəsən, Vaşinqtona bu, çoxmu lazımdır? Əlbəttə, lazım deyil. Heç Tramp da Bayden deyil.

Erməni kahin Trampa məktubunda xəbərdarlıq tonunu işə salmağı da yaddan çıxarmayıb. Onun fikrincə, Azərbaycanın məsuliyyətə cəlb olunması ilə bağlı davamlı fəaliyyətsizlik Bakının ermənilərə qarşı növbəti təcavüzünü doğuracaq. Bunun adı isə açıq həyasızlıqdan və yersiz vay-şivəndən başqa bir şey ola bilməz.

I Aram və belə demək mümkünsə, erməni dini industriyası bu cür yaramazlığa, bir növ, adətkardır.

İndi isə haqqında söz açacağımızı bildirdiyimiz məsələ barədə bir neçə kəlmə. Yada salaq ki, D.Tramp 2024-cü il noyabrın 1-də ABŞ prezidentliyinə namizəd kimi, I Arama zəng etmiş, Qarabağ ermənilərinə dəstəyini ifadə edərək, onların təhlükəsizlik zəmanəti ilə geri qayıtmaq hüquqlarından söz açmışdı. Şübhə yoxdur ki, indi I Aram Trampa həmin telefon zəngini də xatırladır və onu sözünün üstündə dayanmağa çağırır. Ancaq bu mənasızdır və kənardan çox gülünc görünür. Ən azından ona görə ki, Tramp Birləşmiş Ştatların erməni sevdasına köklənmiş sabiq prezidenti Bayden deyil. Fikrimizin təsdiqi üçün nəinki I Aram, eləcə də digər xəstə təfəkkür sahibləri 44 günlük müharibə dönəmini yada sala bilərlər. Güman edirik, əlavə şərhə ehtiyac yoxdur.

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət